Be. Noy 18th, 2019

Onun misilsiz fəaliyyətinin bir hədəfi var – QARABAĞA QAYIDIŞ

Esse

26 avqust Azərbaycan Respublikasının Birinci vitse prezidenti, bütün ruhu, duyğuları və sevgiləri Azərbaycan olan Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gün münasibətilə ölkə ictimaiyyəti, eləcə də Azərbaycan qadınları böyük hörmət və ehtiramla möhtərəm Mehriban xanım Əliyevanı təbrik edir, ona xoş arzularını diləyirlər. Mehriban xanım Əliyeva harada çalışmasından asılı olmayaraq, fəaliyyətinin ilk günündən hər kəsin etimadını doğrultmuş, könüllərdə sönməyən ümid çırağı yandırmış və xalqın tükənməz sevgisini qazanmışdır.
Bu səbəbdən ictimaiyyət, xüsusilə də əhalinin həssas təbəqəsi möhtərəm Prezidentimizə hələ də imzaladığı sərəncəma görə təşəkkürlər bildirilir.
Möhtərəm Birinci vitse prezidentimiz hələ İlk müsahibələrinin birində həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir deyərək, nəcib missiyasının yol xəritəsini insanlara çatdırmışdır.
Gördüyü misilsiz fəaliyyətinə görə O, milli-mənəvi dəyərlərin və mədəniyyətin qoruyucusu və təbliğatçısı, səhiyyənin, və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, ümidsizlərin, kimsəsizlərin dayağı adlandırılır. Beynəlxalq aləmdəki uğurlu fəaliyyəti ölkəmizin nüfuzunu yüksəklərə qaldırmaqla, Azərbaycan qadınının əzəmətini dünya insanına tanıdır.
Möhtərəm Mehriban xanım Əliyeva insanlara xidmət etməkdən yorulmur, əksinə bundan zövq alır və xidmət etdikcə şöhrətilə vətənimizə başucalığı gətirir. Mehriban xanım əməlində mərhəmətin, məsuliyyətin və vicdanın dövlətinə, vətənə və vətəndaşına xidmət etməyin təməl prinsipləri olduğunu sübut etdi. O, hansı işi görməyə qərar verirsə, hansı layihəni gerçəkləşdirdisə, uğur və nailiyyətlərlə nəticələnir . Bu mənada O, tutduğu bütün vəzifələrə şərəf gətirməklə, onu ləyaqətlə yerinə yetirmişdir. Qazandığı hər uğurda ölkəsini sevməyin və ona xidmət etməyin, onun ləyaqətli elçisi olmağın formulunu göstərdi.
O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı, yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən haqq səsi oldu.
Möhtərəm xanım Birinci vitse-prezidentin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə çözülməyən problemlərin həlli üçün onlarla ali tədbirlər keçirildi. Təkcə xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla yetmədi, həm də insanları minillər boyu qazanılmış bəşəri dəyərləri qorumağa çağırdı, sivilizasiyalarası dialoqa misilsiz töhfələr verdi.
Çıxışlarında səsləndirdiyi “həyatda nə böyük , nə də kiçik rollar olmur… Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız… özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyadakı yerin də yeganə və bənzərsizdir” fəlsəfi baxışları ilə dünyanın tərəqqipərvər insanlarını yenidən düşünməyə çağırır. O dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə, inanclara, rənglərə malik insanları dialoqa səslədi…Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə və bütövlükdə gördü. İnsanları güc dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibətlər qurmağa səslədi. Birgə yaşamağın mümkünlüyünü xalqımızın timsalında sübut etdi, ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, ümid yeri olmağın yolunu göstərdi. Mehriban xanımın dünyagörüşündə istənilən vəzifə xidmətdir, xalqına və ölkəsinə şərəf gətirməkdir.
Bunun nəticəsidir ki, ölkəmizdə və müxtəlif ölkələrdə, mötəbər beynəlxalq təşkilatlarda ali titullara, mükafatlara və vəzifələrə layiq görüldükcə, O milli və bəşəri dəyərlərə xidmət etməyin simvoluna çevrildi.
Bugün Möhtərəm Mehriban xanım Əliyeva nə qədər çoxsaylı və əzəmətli uğurlara imza atsa da, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha çox əzimkarlıqla çalışır.Bu Azərbaycanın ərazi bütövlüyünün bərpası və soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Çünki onun da hamı kimi Qarabağ adlı nigaran yurdu, bülbülləri perik düşən Şuşa qalası var. Milli dövlətçilik tariximizin yadigarı olan bu Qala Tomris, Nüşabə, Sara Xatun, Xanqızı Natavan kimi…Onun da yolunu gözləyir.
Əminik ki, tezliklə möhtərəm Mehriban xanım Əliyeva ən yaxın silahdaşı olan Respublikamızın Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevlə xalqımızı bu müqəddəs arzuya qovuşduracaqdır.
Uca Allah möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentimizə üç rəngli, ay-ulduzlu bayrağımızı Şuşa qalasında dalğalandırmaq səadəti nəsib etsin.
Ad Gününüz mübarək olsun, əziz Mehriban xanım…

Məlahət İbrahimqızı
millət vəkili,
YAP Nəsimi rayon təşkilatının sədri

Paylaş: