Be. Sen 16th, 2019

Paşinyanın planı işə düşür: Miatsum İttifaqı yaradıldı – Video

Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb.

Turkustan.info xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsində yerləşdirilib.

Məlumata görə, təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək “prezident və parlament seçkilərində” iştirak edəcəyi qeyd edilib. Miatsum İttifaqının əsas hədəfi Qarabağın Ermənistana birləşdirilməsi olacaq.

Qeyd edək ki, “miatsum” ideyası Paşinyanın hakimiyyətə gəlməsindən sonra yenidən aktivləşib. Bu işdə xüsusi aktivliyi hazırkı Mənim Addımın Blokunun qeyri-rəsmi müttəfiqi Sasna Çrer Partiyası nümayiş etdirib. Paşinyanın və ümumilikdə İrəvanın özü rəsmi şəkildə bu prosesə avqustun əvvəlində Ermənistan baş nazirinin Xankəndidə çıxışından sonra qoşulub.

Bu ilin mayında Qarabağda Miatsum Alyansı təşkilatı fəaliyyətə başlasa da sonradan yaranan fikir ayrılıqları ucbatından avqust ayında fəaliyyətini dayandırdı. Bu alyansda olan təşkilatların əksəriyyəti Miatsum İttifaqı təşkilatında birləşdi.

/Axar.az/

Paylaş: