Be. Sen 16th, 2019

İranı çökdürmək üçün: Ag Evin qovluğunda nə var?

Natiq Miri: “Əgər Tehranın bütün neft satışlarına nəzarəti ABŞ ələ keçirərsə…”

ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl İrana qarşı sanksiyaları sərtləşdirdiyini bildirib. Donald Tramp həmçinin yeni sanksiyaların analoqu olmayacağını da diqqətə çatdırıb. Doğrudur, bu günə qədər həmin sanksiyalar tətbiq olunmayıb. Amma həmin sanksiyaların nədən ibarət ola biləcəyi maraq doğurur.

Tramp “analoqu olmayan sanksiyalar” dedikdə, nəyi nəzərdə tutur?

Tarixə nəzər salsaq, hansısa bir dövlətə qarşı həyata keçirilən sanksiyalar arasında qarşı tərəfin çökdürülməsinə yönələn ən sərt tədbirlər bunlar olub: Yüksək texnologiyaların satışının qadağan olunması, bütün ölkələrin hava məkanının sanksiya tətbiq edilən dövlətə qapalı elan edilməsi, dövlətə rəhbərlik edən şəxslərin xaricə çıxışını məhdudlaşdırılması, dəniz, dəmir yolu və quru nəqliyyatı vasitəsilə yükdaşıma və sərnişindaşımanın qarşısının alınması, tibbi və humanitar fəaliyyətin tam dayandırılması, dövlət üçün qadağan zonalarının yaradılması və s.

“Neft satışının qarşısı alınarsa…”

Məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Donald Trampın tətbiq edəcəyi sanksiyalarla bağlı məsələ bir az müəmmalıdır. Politoloq daha sonra hal-hazırda ABŞ-ın İranın neft satışına nəzarəti ələ keçirməyə çalışdığını və bunun İran iqtisadiyyatına çökdürə biləcək bir sanksiya olduğunu vurğulayıb:

“ABŞ Prezidenti Donald Trampın bu açıqlaması heç də təəccüblü deyil və bu yöndə konkret proqnozlar verməyin özü belə bəzi çətinliklər yaradır. Trampın bundan sonra hansı açıqlamalar verəcəyini proqnozlaşdırmaq isə çox çətindir. O, ABŞ-ın idarəçiliyinə gəldikdən sonra heç kimin gözləmədiyi, bütün beynəlxalq hüququ gözardı edən və beynəlxalq siyasi münasibətlər sisteminə mənfi mənada yeniliklər gətirən bir şəxs kimi tanınır. O baxımdan, yeni sanksiyanın nədən ibarət olduğunu demək də bir qədər mümkünsüzləşir. ABŞ indiki vəziyyətdə Oman körfəzi və Hörmüz boğazında İrana qarşı hərbi koalisiya yaratmağa çalışır. Bununla da İrana nəzarəti ələ keçirmək istəyir. Bu məsələ təkcə su hövzələrinə deyil, həm də ABŞ bu yolla su hövzələrinə deyil, İranın tankerlərlə satdığı neftə də nəzarəti də ələ keçirmək istəyir. Çünki əgər Tehranın bütün neft satışlarına nəzarəti ABŞ ələ keçirərsə, bu, İranın çöküşü anlamına gəlir. Neft satışının qarşısı əhəmiyyətli dərəcədə alınarsa, İran iqtisadiyyatına ciddi bir zərbə olar ki, bu da İran daxilində sosial etirazları artırar”.

Natiq Miri ABŞ-ın İrana pul tədavülü ilə bağlı da məhdudiyyətlər yarada biləcəyini diqqətə çatdırıb:

“Ayrıca dünyada fəaliyyət göstərən bir çox pul tədavül sistemləri var. Bu yöndə də ABŞ İrana çox böyük məhdudiyyətlər yarada bilər. Xüsusilə dollar mübadiləsi ilə bağlı. İrana indiki vəziyyətdə bundan daha şiddətli hansı sanksiyaların tətbiq olunacağını düşünmək çox çətindir”. 

Hərbi əməliyyat olacaq?

Ekspert onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirmək fikri yoxdur, çünki uzunmüddətli müharibə ABŞ iqtisadiyyatına ciddi şəkildə zərər verə bilər:

“Lakin onu da bildirim ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirmək fikrindən uzaqdır. ABŞ İranla müharibə etmək istəmir, çünki bütün hədələrinə rəğmən anlayır ki, İran böyük bir dövlətdir və İranla qısamüddətli bir müharibə olmayacaq. Uzunmüddətli bir müharibə də ABŞ iqtisadiyyatı üçün  arzuolunmaz nəticələrə yol aça bilər. Sanksiyalarda hərbi sanksiyalar deyil, əsasən, İranın iqtisadi cəhətdən çökdürülməsindən söhbət gedir. Bunu İran iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarını tamamilə məhdudlaşdırmaqla mümkün etmək olar. ABŞ özünə ən yaxın dövlətlərə neft satışını qadağan edə bilər, çünki neft və qaz satışının tamamilə dayandırılması İran iqtisadiyyatının çökdürülməsinə gətirə bilər. Mənə elə gəlir ki, bu yöndən sanksiyalar ola bilər”.

Politoloq ABŞ-ın siyasi sanksiya tətbiq etmək gücünün olmadığını, bunun yerinə sanksiyalarda iqtisadi tərəfə üstünlük verəcəyini diqqətə çatdırıb:

“ABŞ bu gün bütün vəchlə İranı danışıqlar masasına gətirmək istəyir, lakin İranda bir çox qüvvələr, xüsusilə də “İnqilab keşikçiləri” istənilən bir müşavirənin tamamilə əleyhinə çıxış edirlər. Bu yöndə İranın ali dini lideri Ayətullah Xamneyi də onlardan fərqli davranmır. ABŞ da yenidən İranı danışıqlar masasına dəvət etmək üçün istənilən bir sanksiyadan istifadə edə bilər. ABŞ-ın siyasi sanksiyalar tətbiq etməsi əlçatan deyil. Çünki İranın idarəolunma prosesində ABŞ-ın iştirakı sıfıra bərabərdir. Hərbi ticarət cəhətdən ABŞ-ın İrana təsir imkanları yoxdur. Çünki onsuz da İrana bir çox müasir silah və raket sistemlərinin satışı və digər məsələlər artıq məhdudlaşdırılıb. ABŞ-ın İrana qarşı bir də “Ərəb NATO”-su yaratmaq ideyası da ortada var. Bu fikir də söz olaraq qalır. Hələlik ABŞ-ın sanksiya xarakterli bir sıra ritorik açıqlamaları fikir olaraq qalmaqdadır. Donald Trampın dedikləri boş sözlərdən də ibarət ola bilər. Bunu sadəcə, siyasi ritorika kimi də qəbul etmək olar”.    /Cebhe.info/

Paylaş: