Ça. Okt 22nd, 2019

Bəd xəbər həvəskarı deyilik…

Bəxtiyar  Səlimov

Türkiyə mətbuatının Azərbaycan cəmiyyətinə təsiri böyükdür. Türkiyədə baş verən ən mühüm ictimai-siyasi hadisələr, kriminal olaylar bizim ölkəmizdə də müzakirə olunur, bəzən gündəmə çevrilir. Obrazlı desək, həmişə qulağımız səsdə, gözümüz yolda olur…

Türkiyənin Kırıkkale şəhərində Əminə Bulut adlı xanımın keçmiş həyat yoldaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ötən həftəyə öz damğasını vurdu. Bu qanlı olay Türkiyədə olduğu kimi, Azərbaycanda da mətbuata yol tapdı, sosial şəbəkələrdə geniş müzakirə olundu. Yenə ənənəvi suallar, hətta ittihamlar ortaya çıxdı: intihar xəbərlərini, kriminal olayları dərc etmək, yaymaq nə dərəcədə doğrudur? Jurnalistlər bu xəbərləri tirajlamaqla növbəti cinayətlər üçün zəmin hazırlamırlarmı?

Mən Azərbaycanda hansısa jurnalistin bəd xəbər həvəskarı olduğunu düşünmürəm. Jurnalistlər arasında sağlam rəqabət mövcuddur. Xüsusilə, elektron KİV təmsilçiləri arasında İP uğrunda kəskin mübarizə gedir. Hər kəs bu mübarizədən qalib ayrılmaq istəyir. Oxucunun kriminal xəbərlərə sonsuz marağı bu prosesə yeni “rəng qatıb”. Analitik yazılara, araşdırma tipli materiallara marağın günbəgün azaldığı bir vaxtda kriminal xəbərlərdən tamamilə imtina olunması KİV-ləri oxucu üçün maraqsız edə bilər.

Vəziyyətdən çıxış yolu nədir? Hesab edirəm ki, həmin xəbərlərin təqdimatına xüsusi diqqət yetirmək lazımdır. KİV rəhbərləri, redaktorlar o qədər peşəkar davranmalıdırlar ki, kriminal xəbərləri oxuyan adamlar cinayəti lənətləməlidirlər.

Şəxsən mən özüm təbiət etibarıyla neqativliklərlə yüklənməyin, xoşagəlməz ovqat yaratmağın tərəfdarı deyiləm. Amma cinayətkarlar bizim arzumuza uyğun hərəkət etmirlər. Bizim istəyimizdən asılı olmayaraq, hər gün kriminal olaylar baş verir. Əgər xarakterindən asılı olmayaraq, hansısa hadisə baş veribsə, onunla bağlı xəbərlərin yayılması təbiidir. Hesab edirəm ki, əsas diqqət o halları törədən səbəblərin aradan qaldırılmasına yönəlməlidir. Əgər intihar halları baş verməsə, ağır cinayətlər törədilməsə, jurnalistlər də dilemma qarşısında qalmazlar.

Paylaş: