Bz. Dek 15th, 2019

Ərdoğan-Putin görüşü GƏRGİN OLACAQ… – Azərbaycana hansı təsirlər gözlənilir?

“Ərdoğan-Putin görüşü bir çox düyünləri aça bilər”.

Siyasi şərhçi Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında bu gün Moskvada baş tutacaq Ərdoğan-Putin görüşünə münasibət bildirib.

A.Rəşidoğlu hesab edir ki, Ərdoğan-Putin görüşündə müzakirə ediləcək əsas məsələ “İdlib problemi” olacaq:

“Bu məsələdə Moskva və Ankara anlaşa bilmir. Ərdoğan dolayısı ilə də olsa açıqlayıb ki, Kreml Ankaranın maraqlarını nəzərə almasa, o yenidən Vaşinqtonun təsir dairəsinə qayıda bilər. Bu məsələdə isə ruslarla türklərin anlaşması problematikdir. Türkiyə öz sərhədlərini qorumaq üçün Suriya ilə sərhədlərdə hərbi əməliyyat keçirməlidir. Kürd qruplaşmalarına isə bir sıra Qərb ölkələri ilə yanaşı, Rusiya da dəstək verir. Bu, maraqların toqquşmasıdır. Digər tərəfdən, Kremlin tələbinə görə, Ankaranın Suriyada nəzarətində  saxladığı islamçı hərbi birləşmələri geri çəkməli və Əsəd hakimiyyətini müdafiə etməlidir. Türkiyə belə addım atarsa, özünü çıxılmaz vəziyyətə sala bilər”.

A.Rəşidoğlu qeyd edib ki, Türkiyə onu gözləyən iqtisadi böhrandan qurtarmaq üçün ABŞ-dan kreditlər almağa məhkumdur:

“Rusiyadan “S-400” almaqla Ankara Vaşinqtonu qəzəbləndirib. Rusiya ilə daha çox yaxınlıq Türkiyə üçün təhlükəlidir. Ən pisi odur ki, Türkiyə Rusiyanın arzularını həyata keçirən bir ölkəyə çevrilməkdədir. Bu isə Ərdoğan  əleyhdarlarını birləşdirir. Ərdoğan və Putin razılığa gələ bilməsələr, iki ölkə arasındakı qarşıdurmadan İsrail, ABŞ, İran faydalana bilər. Türkiyənin qarışması və yaxud Rusiya ilə gərginlik bütün bölgəyə, o cümlədən Azərbaycana da təsir göstərəcək. İstənilən halda, Ərdoğan-Putin danışığı çox qaynar keçəcək”.

A.Rəşidoğlu vurğulayıb ki, ABŞ Türkiyəni öz təsir dairəsinə qaytarmaq niyətindədir:

“Əvvəl-axır ABŞ buna nail olacaq. Rusiya və Türkiyə əməkdaşlığı uzun müddət davam edə bilməz. Türkiyənin istiqaməti Qərbə doğrudur. Ərdoğanlı, ya Ərdoğansız bu baş verəcək. Rusiya Türkiyəyə qarşı “Nataşa embarqosu”ndan başqa heç nə qoya bilməz. Digər tərəfdən Rusiya kürd terrorçuların vasitəsilə Ankaraya təzyiqlərini artıra bilər. Amma NATO ölkələri Ankaranı müdafiə edərsə, bu, heç bir ciddi təlatümlərə səbəb olmayacaq. NATO bunu Türkiyəni sevdiyinə görə deyil, cənub sərhədlərini qorumaq üçün müdafiə etməyə məhkumdur. Türkiyə bir NATO ölkəsidir və onun Rusiya ilə tərəfdaşlığı müvəqqəti xarakter  daşıyır”.

Xatırladaq ki, avqustun 27-də Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü gözlənilir.

Paylaş: