Şb. Okt 19th, 2019

“Toyxanalarda savadlı aşpazları deyil, küçədən adam tutub işlədirlər”- QALMAQAL

Son vaxtlar yenidən toy məclislərində kütləvi zəhərlənmələr artıb. 

Az qala, hər gün hansısa bölgədə təşkil edilən toy məclisindən sonra kütləvi zəhərlənmə hadisəsi baş verir.

Qeyd edək ki, bu gün İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına 33 nəfər zəhərlənmə ilə bağlı müraciət edib. Xəstəxanaya müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib. 

Fakta bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ötən gün isə analoji hadisə Şəkidə də baş verib. Belə ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 

Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Bir neçə gün əvvəl isə Şirvanda toy mərasimində belə bir fakt baş vermişdi. Ümumilikdə 20 nəfər xəstəxanaya daxil olub, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə yola salınıblar. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Səhiyyə Nazirliyinindən bildirilmişdi ki, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması ilə tüstünün ətrafa yayılması səbəb olub.

Ekspertlər toy məclislərində zəhərlənmə səbəbini bir neçə aspektdən izah edirlər.  Ehtimallara görə yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları, müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s. müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır.  Bundan əlavə şadlıq saraylarının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur.

Milli Kulinariya Asosiasiyasının prezidenti Tahir Əmiraslanov cebhe.info-ya açıqlamasında deyib ki, toy məclislərində yeməkləri hazırlayanlar peşəkar mütəxəssis olmalıdır:

“Yeməkləri hazırlayanların peşəkar və ya qeyri-peşəkar olmasına, gələn ərzağın keyfiyyətinə, kəsilən heyvanın ətinə, tərəvəzlərin  və digər ərzaq növlərinin saxlanma şəraitinə fikir vermək lazımdır. 

Qeyd edilən toylardakı zəhərlənmələrdə də bu faktlar araşdırılmalıdır. Mətbəxdə insanlara kütləvi şəkildə qida hazırlayanlar hamısı təhsilli və sənədli olmalıdır. Qidaların qarışdırılmasından zəhərlənmələr deyil, ağırlaşmalar olur. Toyda bal və yemişi bir yerdə vermirlər ki… Ola bilsin ki, isti havada ət və ya hansısa ərzaq uzun müddət saxlanılıb. Yaxud pomidor, göyərti və ya kartof düzgün emal olunmayıb. 

Əslində, biz onu bilmirik, ona görə də ayrı-ayrı ərzağın adını çəkmirik. Kolbasaya gəldikdə, onu çölə atmaq lazımdır. Kolbasa yeməli ərzaq deyil ki… Təəssüf ki, bütün toylarda kolbasalardan istifadə edilir. Bütün bunlar aşpazların savadsızlığından irəli gəlir. Toyxanalarda savadlı aşpazları deyil, küçədən adam tutub işlədirlər. Onlar da insanları pis günə qoyurlar”.

Paylaş: