Be. Sen 16th, 2019

Türklük fədaisi Tağı Qasımoğlu

Məhəmməd İsrafiloğlu

“Nə düşər yurdu batmış bir igidin payına?

Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar…”
Almas İldırım.

Bu gün böyük Türkçü, alim, vətənpərvər insan, Vətənin işıqlı gələcəyi naminə öz əziz canından keçən Azərbaycan Milli Azadlıq Hərəkatının öncül simalarından olan Tağı Qasımoğlunun şəhid olmasından iyirmi doqquz il keçir..

DOSYE:
Qasımov Tağı Qasım oğlu.20 fevral 1947 ci ildə Culfa rayonunun Yaycı kəndində doğulub.1965 ci ildə Yaycı kənd orta məktəbini bitirib.Elə həmin il APİ-nin fizika-riyaziyyat fakültəsinıə daxil olub.Ali məktəbi bitirdikdən sonra Yaycı kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb.Sonra APİ-nin Aspiranturasına qəbul olunub.70-ci illərin ortalarında “Maddələrin fotoelektrik xassələri” adlı mövzusunda elmi iş yazaraq dissertasiya müdafiə edib,fizika-riyaziyyat elmləri namizədi adını alıb.Alimlik dərəcəsi aldıqdan sonra onlarca elmi məqalələr yazıb.Ədəbi-fəlsəfi yaradıcılıqla məşğul olmuşdur eyni zamanda,”Dil zəlzələsi” pyesi,”Çavuş” hekayəsi və bir neçə şeirlər yazmışdır.Yaxın dostu, sənətşünaslıq doktoru Cəfər Qiyasinin Tağı Qasımoğlunun bizə bilinməyən daha bir tərəfi haqqında maraqlı qeydi: “Tağı Bəyin çoxlu əlyazmaları içərisində tariximizi əks etdirən yazılar da az deyil. “Dədə Qorqud: Dual Təşkilat və sürətlər arasında münasibət məsələsi’ əsərinin taleyi çox ağır oldu. İki dəfə nəşr olunmaq ərəfəsində maneələr yaranmış, sonda üçüncü dəfə nəşri həyata keçirə bildik. Əminəm ki, bu əsər vətənsevər alimlərimiz tərəfindən layiqli qiymətini alacaq. Əgər bu əsəri xaricdə yaşayan oxuculara çatdıra bilsək, dünya şöhrətli tədqiqat əsərləri siyahısina daxil olacaqdır.”

28 avqust 1990 cı ildə Yaycı kəndində Araz çayının çimmək üçün ayrılmış xüsusui qolunda çimərkən, rus zabitinin Yaycı zastavasından snayperlə atdığı gülləylə qətlə yetirilib.

Azərbaycan xalqının azadlığı Yolunda şəhid olmuş Tağı Qasımoğlunun əziz və işıqlı xatirəsinə

Dünyanın Yaycı deyilən bir kəndi var…
Bu kənddə içi elmlə dolu olan və kamilliyin zirvəsinə cəsarətlə yürüyən, yüksək əxlaqi fəzilətə sahib olan dəyərli şəxsiyyətlərin işığı gur olub həmişə. Dünyaca ünlü, fizika elminin dərin sirrlərinə ustaca vaqif olan akademik Həsən Abdullayev, köksündə zərif şair ürəyi çırpınan gözəl şair, insan, pedaqoq Allahverdi Tağızadə, dünya görmüş əsl müdrik ağsaqqal Hidayət əmi, cəllad Andronikin bu kənddə yapdığı ağlasığmaz vəhşətinin canlı şahidi və ölənədək bu işkəncələrin yaralarını bədənində və ürəyində daşıyan Yasəmən nənə və adını çəkə bilmədiyim neçə işıqlı insanların xatirəsi kəndin hər bir insanının, tarixinin yaddaşında silinməz izlərlə hər zaman qalıcıdır.

Birdə bu kəndin bir Tağı Bəyi var idi…

Kimisi alim Tağı deyirdi ona, kimisi Tağı müəllim.Amma bütün bu adlardan daha çox BƏY deyə müraciət edərdi hər kəs kənddə ona.Hətta Sovet dönəmində belə bu ifadə onun üçün işlədilirdi və ən dərin hörmətlə, hüsnü rəğbətlə.Qəribə adamıydı Tağı Bəy.İncə yumoruyla uşaqla uşaq, böyüklə böyük idi.Kənddə onu sevməyən birisini heç zaman düşünə belə bilməzdin.Xasiyyətindəki uşaq saflığı, səmimiyəti hər kəsin sehirləndiyi, heyran qaldığı başqa bir xüsusuyyət idi.Təpədən dırnağa Türkçülük məfkurəsinin sevdalısıydı.Bu sevda, məhəbbət özünün alimanə dərin eridusiyasıyla, heyrətamiz fəlsəfi, ədəbi düşüncə tərziylə elə çulğaşırdı ki, onu dinləyənlər bu sehrin təsirindən çıxmaq istəməzdi, ovsunlanardı adətən.

Atatürk Onun bütün mənalarda idealıydı.Hətta evlərinin divarından ən yüksək yerdən Atatürkün rəsmi asılı qalardı.O Atatürkə əsla bir büt kimi tapmırdı, əksinə Onun Türk millətinə reformalarla gətirdiyi demokratik düşüncə zehniyyətini savunurdu.Amma ən müqəddəs duyğularla Atatürkü sevdiyini kövrək hisslərlə ifadə etməkdəndə çəkinmirdi, bunu açıq-aşkar dillə özünə məxsus pafosla bəyan edərdi məclislərdə, söhbətlərində.Və bütün kənd Tağı Bəyin bu möhtəşəm bəyanına heyranlıqla dinləyər və qeyd şərtsiz qəbul edərdi.

Yaycının “düzbaşı”deyilən yeri var ta kəndin girəcəyi şosse yolla. Sovetin qılıncının dalı qabağı kəsən dövrlərdə hər dəfə “düzbaşı”ndan kəndə enərkən Tağı Bəy ağlaya-ağlaya deyərdi ki: “Andronikin qətl etdiyi adamların sümükləri imkan vermir bu yolu rahat yeriyim. “ Gənclərə bu faciənin kökünü izah edərdi dəmir məntiqi və aydın fikirləriylə.
Ən çox nifrət etdiyi Rus imperiya siyasəti idi.Naxçıvanın ən çətin günlərində Sədərək, Buzqov, Şadada silah çiynində Vətənin müdafiəsində qəhrəmanlıqla vuruşardı Tağı Bəy.Yaşanmış həzin bir xatirədir.Sədərəkdə döyüşlərin qızğın çağında yoldaşları Tağı Bəyə düşmən tərəfdən atılan güllələrdən əyilməyi, səngərə uzanmağı xahiş edirlər. Tağı Bəy özünə məxsus zarafatlarından birini edir: “erməni gülləsi mənə heç nə edə bilməz. Vay rusun gülləsindən, ondan qaçmaq çox çətindir”.Və orada olan səngər yoldaşları başımıza gətirilən bəlaların baiskarı olan rus imperiya siyasətinin nə qədər qurnaz, yırtıcı mahiyyətinə olunan bu ironiyaya ürəkdən gülür şən qəh qəhələrlə döyüş səngərində.Amma sən demə bu “zarafat” bir müddət sonra rus qurşununa dönüb son qoyacaq Tağı Bəyin həyatına.

28 avqust 1990 cı ildə Yaycı kəndində Araz çayının çimmək üçün ayrılmış xüsusui qolunda çimərkən, rus zabitinin Yaycı zastavasından snayperlə atdığı gülləylə qətlə yetirildi Tağı Bəy qırx üç yaşında. Heç bir xəbərdarlıq atəşi atılmadan düşünülmüş şəkildə.Çünki Tağı Bəy 1988 ci ildə başlanan milli azadlıq hərəkatının öndə gedən simalarından idi.Hər dəfə Bakıdan kəndə gələndə hamı başına yığışardı onun, o da vəziyyətdən düzgün çıxış yolunu izah edərdi həmişə.Yüksək nüfuz sahibiydi xalq arasında və bundan ehtiyat edərdi sovet KQB-si və onun xəfiyyələri. Bu amansız, qəddar sui qəsdin səbəbidə buydu. Tağı Bəyin Türkçülük məfkurəsini daşıyan və bu yolda mübarizə aparan Ə. Elçibəylə, Rustəm Behrudiylə, memar Cəfər Qiyasiylə ən gözəl dostluq münasibətləri var idi.Gözəl şahmat oynayardı.Hətta 80-ci illərdə Bakıda Aspiranturanın yataqxanasında Ə.Elçibəyi şahmat oyununda əməlli-başlı hövsələdən çıxardacaq məğlubiyyətlərə düçar edərmiş.

Tağı Qasımoğlunun Mübarizə dostlarından, vaxtilə Elmlər Akademiyasında bir yerdə işləmiş, hal hazırda Türkiyədə yerli və əcnəbi media qürumları üzrə müxbir və şərhçi,usta yazar Mayis Əlizadə:

“ O dövrün bir ovuc adamı kimi mərhum Tağı Bəy də mütərəqqi adamların hamısını tanıyır və yaxından izləyirdi. Onlar da Tağı Bəyi tanıyırdılar.Tağı Bəy dinləməyi sevən adam idi. Ədəbiyyat İnstituna gələndə hamımız Aydın Məmmədovun otağına gedərdik. Xudu müəllimin(Azərbaycanlı Elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiyamineralogiya elmləri doktoru, örnək ziyalı Xudu Məmmədov nəzrdə tutulur-M.İ.) işlədiyi insitut isə Tağı Bəyin işlədiyi institutla qonşu idi, orada görüşürdülər.Azərbaycan Elmlər Akademiyasının Prezidenti Həsən abdullayev Tağı Bəyin dayısı idi, ancaq onun adından bir dəfə də olsun istifadə etmədi.”

Ailə və dostlarının təkidli israrlarına rəğmən ailə qurmadı.Apardığı milli-azadlıq mübarizəni hər şeydən üstün tuturdu. Onunla tanış olanlar Tağı Bəyin tərbiyəsinin, gözəl əxlaqının məftunu, vurğunu olurdular adətən.

Dostu, riyaziyyat müəllimi Kazım Abdinovun xatirələrindən:-“Tağı Bəylə mənim çox yaxın dostluq münasibətlərim olub. Hələ 1980- cı illərdə bizə ermənilərin bizim torpaqlara basqın edəcəkləri barədə danışardı. Rəhmətlik Prezident Əbülfəz Elçibəylə çox yaxın dost idilər. Bir dəfə mən ondan soruşdum ki:-Bəy haçan ailə qurmağı düşünürsən? Cavabı bu oldu:-Mən özüm qul kimi yaşadığım halda, başqa bir qul dünyaya gətirmək istəmirəm. ”

Kədərli bir haşiyə

1918- cil ildə cəllad Andronikin Yaycı kəndində törətdiyi qətliam,soyqırımda Tağı Bəyin atası Qasım kişi uşaqkən atası Məşətağını(bizlərdə Məşədi sözünü qısa olaraq Məşə kimi işlədirik-M.İ.) və bacısı Anaxanım Arazın aşağı axarında “yarma” deyilən yerdə gullələnmişlər.Həmçinin qardaşları İbrahim və Hüseyni də 1918-ci il Yaycı soyqırımında itirmişdir. Kəndin yaşlı nəslinin yaddaşındadır və gözəl bilirlər ki i həmin yerə bu qanlı olaydan sonra Məşətağı yarması deyilirdi. Nədənsə Tağı Bəy Arazda çimərkən hərbi postun yanında suya girər, üzərək həmin Məşətağı yarmasında kənara,sahilə çıxarmış. Nə acı və tükürpədən qanlı yaddaşın təkrarıdır ki,Tağı bəydə babası Məşədi Tağı kimi  düşmən gülləsinə tuş gəldi və cansız bədəni Məşətağı yarması deyilən yerdə sahilə çıxdı…

Xalqın kisəsindən getdi Tağı Bəy, çox heyif çox…
İndi bir zamanlar oxuyub təhsil aldığı Yaycı kənd orta məktəbi adını daşıyır Tağı Bəy Qasımoğlunun.

Bir gün Tağı Bəyin bütün uca idealları gerçək olacaq, millətimiz toy düyün edəcək bu gözəl təntənələrdə.Tağı Bəy kimi Türklük Fədailərinin ruhları da iştirak edəcək bu şölənlərdə, mərasimlərdə.

Çünki Ruh ölməzdir…
Dünyanın Yaycı deyilən bir kəndi var…
Birdə bu kəndin Tağı Bəyi var idi…

Və sonda Tağı Qasımoğlunun Araz çayında rus zabiti tərəfindən snayperlə qətlə yetirilməsindən 19 gün əvvəl yazdığı şeiri. Kaderin beləsi olmaz olaydı…

Payız Yarpağı…

Ağacdan qopan payız yarpağına qibtə edirəm.
Yarpağın havada son ölüm rəqsi…
Aylı-ulduzlu, işıqlı həyatla qaranlıq
dəhşətli ölüm kimi
Barışmaz düşmənləri barışdırıb
Qorxunc uçurumun üzərindən Asma körpü saldı…
Yarpaq son dəfə bütün keçib-gedən
həyatını yada salıb, saralmış dodaqlarıyla
‘- Əlvida Atam Ağac, əlvida həyat!’ deyə pıçıldayır…
Ölüm ölkəsi olan Anası Torpaq
Yarpağı
bağrına basana qədər,
gözünü göylərdən
və Ağacdan ayırmadan havada rəqs etdi.
Yerə çatan anda
onun işıqlı Dünyası olan Atası
Ağacın qüvvətli köklərinə,
Ölüm Dünyası Anası
torpağı bərk-bərk qucaqladığını görüb
mat qaldı…
‘- Dayan, ölüm!
Bir an dayan!
Yaşıl-yaşıl yarpaqlara sözüm vardır!’ deyə pıçıldadı…
Amma, heyhat.
Anası tez əlini onun ağzına tutdu
və ‘belə sirrlər oğlum açılmazdır!’ deyə ah çəkdi…
Yarpaq yerə dəyib öldü…
Ağacdan qopan payız yarpağına
qibtə edirəm
Yarpaq son dəfə
Ölüm ilə oyuna girdi
Mənim belə oyunlarda fürsətim Yox!..

Şəhid Tağı Qasımoğlu

Paylaş: