Ca. Dek 12th, 2019

Kreml Qarabağdakı müharibəyə bir şərtlə müdaxilə etməyəcək – POLİTOLOQ

Rusiyanın hakim dairələrinə yaxın politoloqlar öz şərhlərində rəsmi Yerevanın Moskvaya arxayın olduğunu, Kremlin köməyi ilə Qarabağ münaqişəsini öz xeyirlərinə həll etməyə çalışdıqlarını yazıb.

Bəs Azərbaycan münaqişəsinin öz xeyrinə həllində kimə güvənə bilər? Məsələ ilə bağlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu modern.az-a açıqlama verib.

Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk növbədə özünə güvənməlidir.

“Rusiyada Pyotrun zamanından  belə bir deyim var ki, Rusiyanın həqiqi müttəfiqi onun ordusu və dəniz qüvvələridir. Eləcə də Azərbaycan özünə, ordusuna güvənməlidir. Yalnız strateji müttəfiq kimi Türkiyədən dəstək gözləyə bilərik. Əgər biz bir Dağlıq Qarabağı geri qaytamaq üçün genişmiqyaslı müharibəyə başlasaq, arxayın olmalıyıq ki, Naxçıvanın təhlükəsiziliyi yüksək səviyyədədir. Ermənistan Rusiyanın təsiri altındadır , buna görə də ona güvənir”.

Elxan Şahinoğlu deyir ki, rəsmi Bakı Türkiyənin hərbi bazalarını öz ərazilərində yerləşdirməklə, Qarabağda müharibə başlayan zaman Rusiyanın müdaxiləsindən sığortalana bilər.

“Dəstək dedikdə Türkiyənin Azərbaycanda hərbi bazasının olmasını nəzərdə tuturam. Yəni Türkiyənin Azərbaycanda iki hərbi bazası olsa biz onlara güvənsək, Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirməz. Rusiya- Türkiyə münasibəti hazırda yüksək səviyyədədir, iki lider  tez-tez görüşürlər. Bu bizə şans verir ki, Qarabağ münaqişəsində uğur əldə edək.  Əgər Azərbaycan Ermənistanla müharibəyə başlasa, Rusiya Türkiyənin hərbi baza yaratmasından sonra Azərbaycana qarşı çıxmayacaq”.

Paylaş: