Be. Sen 16th, 2019

Paşinyan “qanuni oğrulara” müharibə elan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan “oğru dünyası” ilə mübarizəni gücləndirmək üçün ölkənin Cinayət Məcəlləsinə dəyişiklikləri elan edib.

Turkustan.info yerli KİV-lərə istinadən bildirir ki, baş nazir Feysbuk səhifəsində  artıq hökümət tərəfindən qanuna dəyişikliklə bağlı qərar qəbul edildiyini bəyan edib. Onun sözlərinə görə, qanunun məqsədi mütəşəkkil cinayətkar qruplaşmalar yaradanların və onlara başçılıq edənlərin  cinayət məsuliyyətinə cəlb edilməsini təmin etməkdir. Ədliyyə naziri Rüstəm Badasyan isə hökumətin iclası zamanı  qanunda xüsusilə Cinayət Məcəlləsinin 222 və ya 223-cü maddələrində (“Banditizm” və “Cinayətkar qrup yaratmaq və ya cinayətkar qrupda iştirak etmək”) cinayətkar qrupun yaradanların və ya onlara rəhbərlik edənin məsuliyyətə cəlb edilməsini təklif edib.

“Kriminal subkulturaya mənsub olanlar  həbsxananı öz evi hesab edirlər, buna görə də onları evlərinə göndərmək lazımdır”, – N.Paşinyan deyib.

Ədliyyə naziri isə mütəşəkkil cinayətkar qruplaşma yaradanların və ya onlara başçılıq edənlər kateqoryasına nəinki “qanuni oğruların”, həmçinin bu titulu daşımayan kriminal avtoritetlərin düşəcəklərini deyib.

Xatırladaq ki, “vor zakon” titulu daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun ilk dəfə Gürcüstanda, Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra tətbiq olunub. Bir neçə ay əvvəl isə Rusiyada prezident Vladimir Putinin təşəbbüsü ilə analoji qanun qəbul edildi.    /Virtualaz.org/

Paylaş: