Bz. Dek 15th, 2019

Zindan və çəkic arasında: Amerika və Çin arasında seçim ediləcək

Uzunmüddətli perspektivdə Ukrayna öz milli sənayesini tənəzzüldən xilas etməyin yeganə vasitəsindən məhrum ola bilər

Çinli sərmayədarlar Ukraynanın aviasiya mühərriki istehsalçısı “Motor Sich” şirkətinə maraq göstərirlər. Belə ki, çinlilər şirkətin səhmlərinin yarısını almaq niyyətindədir. ABŞ isə buna mane olmaq istəyir. Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ukraynaya səfər edərək Kiyevi şirkətin səhmlərini çinlilərə satmaq fikrindən döndərməyə çalışıb. Tramp hətta əlavə təzyiq tədbiri kimi Ukraynaya hərbi yardımı dondurmaq göstərişini də verib.

Turkustan.info xəbər verir ki, RİA Novosti təqdim etdiyi şərhində məsələnin detalları ilə bağlı yazıb.

ABŞ narahatdır

“The Wall Street Journal” nəşrinin jurnalistləri Tramp administrasiyasında olan mənbələrdən öyrəniblər ki, Boltonun Ukraynaya baş tutmuş səfərinin əsas məqsədi Kiyevi Çinin “Skyrizon” və “Xinwei Group” şirkətləri ilə saziş imzalamaqdan çəkindirmək olub.

Bolton özü isə “Çinlə əməkdaşlığın bəzi mənfi nəticələri” haqqında müzakirələr aparacağını deyib və bu cür sazişlərin Ukraynaya zərər vuracağını iddia edib.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonu bu məsələdə narahat edən odur ki, “Motor Sich” ilə sazişin imzalanması nəticəsində Pekin dünyada ən böyük aviasiya mühərriki istehsalçılarından birinin texnologiyalarını əldə edəcək və bunu özünün hərbi məqsədləri üçün istifadə edə biləcək. Qeyd edək ki, Çin artıq “Motor Sich” şirkətinin istehsalı olan 1200 müxtəlif tipli mühərrikləri istismar edir.

Kiyev isə təbii ki, iqtisadiyyatının əsas sahələrinə investisiya cəlb etmək üçün istənilən imkandan istifadə etməyə hazırdır.

Lakin Pekinin zəiflədilməsinin Trampın xarici siyasətində əsas istiqamətlərdən biri olduğunu nəzərə alsaq, Ukraynanın Çin vasitəsi ilə mürəkkəb iqtisadi vəziyyətdən çıxmaq cəhdi Qərbin Kiyevə qarşı siyasi şantajına gətirib çıxara bilər.

Təsir rıçaqları

Vaşinqtonun Kiyevə qarşı tətbiq edə biləcəyi ilk təzyiq vasitəsi Beynəlxalq Valyuta Fondudur (BVF). Belə ki, Ukraynanın dövlət borcu 114,7 milyard dollara çatır. Bu rəqəm ölkənin ümumi daxili məhsulunun 70 faizi səviyyəsindədir. Buna görə də Kiyev BVF vasitəsilə kreditlər götürməlidir. Lakin Vaşinqtonun məsləhəti ilə BVF Kiyevə kredit ayırmaqdan imtina etsə Ukraynanı qaçılmaz defolt gözləyəcək.

Tramp digər bir vasitədən də istifadə edə bilər: Ukrayna Prezidenti Vladimir Zelenski inauqurasiyasından iki həftə sonra ölkənin NATO-ya qoşulacağını vəd edib. İndi isə Trampa Kiyevin NATO-ya qəbul edilməyəcəyinə dair bir neçə tvit yazmaq kifayət edir ki, Zelenski üçün ölkə daxilində siyasi problemlər yaratsın.

Nəhayət, Vaşinqton Kiyevə göndərdiyi hərbi yardımı dayandıra bilər. Bu nəinki Ukraynanın silahlı qüvvələrinə, hətta baş komandanlarının reputasiyasına dağıdıcı zərbə endirəcək.

Bu gün “Politico” nəşri Ağ Evdə olan mənbəyə istinadən xəbər verib ki, Tramp artıq Ukraynaya ayrılan hərbi yardımı yenidən nəzərdən keçirmək göstərişini verib. Trampın bu qərarı Kiyevə ayrılan pulların Vaşinqtonun maraqları baxımından ən yaxşı formada xərcləndiyinə əmin olmaq niyyəti ilə bağlıdır. Belə ki, Ukrayna Silahlı Qüvvələri üçün ayrılmış maliyyə vasitələri müəyyən müddət üçün dondurulacaqlar.

Kiyevin ABŞ-ın siyasi təzyiqi qarşısında baş əyməsi halında isə Pekin Ukraynanın infrastruktur, enerji və digər layihələrinə qoyduğu sərmayələri dondura bilər. Bu isə uzunmüddətli perspektivdə ölkəni öz milli sənayesini tənəzzüldən xilas etməyin yeganə vasitəsindən məhrum edəcək, çünki son illər ərzində Pekin Ukraynanın nəqliyyat və enerji sahələrinə böyük sərmayələr yatırıb.    /sputnik.az/

Paylaş: