Şb. Okt 19th, 2019

Narkotik vasitədən istifadə edən AVTOBUS SÜRÜCÜLƏRİ – Qaydalar SƏRTLƏŞDİRİLMƏLİDİR

Son illər narkotikdən istifadə edən sürücülərlə bağlı məlumatlar geniş yayılır.

Xüsusən də paytaxt Bakıda sükan arxasında olarkən narkotik maddədən istifadə edənlərlə yanaşı, narkotik vasitə qəbul edərək avtobus və ya avtomobil idarə edən sürücülərin törətdikləri qəza xəbərlərinə də rast gəlmək mümkündür.  Qanunvericiliyə görə, narkoloji dispanserdə qeydiyyatda olan narkomanlara sürücülük vəsiqəsi verilmir. Lakin narkoman sürücülərin fəaliyyəti onu göstərir ki, bütün narkomanlar heç də qeydiyyata düşmürlər. Bu isə cəmiyyət üçün ciddi təhlükə yaradır. Çünki narkotik vasitədən istifadə edən sürücü təkcə özünün deyil, sərnişin və ya sərnişinlərin də həyatını təhlükəyə atır.

Mövcud mənfi tendensiya ilə bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı redaktor.az-a açıqlamasında bu vəziyyətin  getdikcə adiləşməsi fonunda sürücünün narkotik vasitədən istifadə etdiyini açıq etiraf etdiyini bildirib:

“Son 2 il ərzində keçirilən reydlərdə narkotik vasitənin təsiri altında avtomobili idarə edən sürücülərə daha çox rast gəlinir. Bu sürücülər spirtli içkinin təhlükəli olduğunu düşünsə də, narkotik vasitənin təhlükə yaratmadığını düşünürlər. Halbuki bu mənzərə vəziyyətin nə dərəcədə pis və təhlükəli olduğunu biruzə verir. Bu sürücülərə qarşı çox ciddi mübarizə aparılmalıdır. Çünki sərxoş sürücünün sərxoşluğu müvəqqəti olur. Məsələn, hansısa xeyir işdə və ya qonaqlıqda spirtli içki içir və səhlənkarlıq edib, avtomobil idarə edir. Narkotik isə bir bəladır. Narkotikdən istifadə edən şəxslər bu vərdişi davamlı olaraq həyata keçirir”.

Ekspertə görə, 20 Yanvar dairəsində taksi fəaliyyəti ilə məşğul olan, narkotikdən istifadə edən sürücülərin sayı kifayət qədərdir:

“Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşı və ya yol polisi bu sürücülərə yaxınlaşıb xəbərdarlıq edəndə isə “lezva”nı çıxarıb, qollarını doğramağa başlayırlar. Halbuki normal insan özünü doğramaz. Bu baxımdan həmin şəxslərlə ciddi mübarizə aparılmalıdır”.

Sürücünün narkotik vasitədən istifadə edib-etmədiyini yoxlamaq üçün narkotesterdən istifadə olunur:

“Son 3 ildir ki, yol polisinə xüsusi vasitələr təqdim olunub. Bunlardan biri tampona bənzər vasitədir. Tampon sürücünün ağzına qoyulur və sürücünün ağız suyu ilə islanmış tampon xüsusi aparatın içinə qoyulur. Bu aparat təxminən 10-12 adda narkotik vasitənin tərkibini müəyyənləşdirmək gücünə malikdir. Digər vasitə isə saxlanılan sürücünün Narkoloji Dispanserə aparılmasıdır. Həmin şəxsin qanından analiz götürülür və həkim müayinəsi nəticəsində sürücünün narkotik vasitədən istifadə edib-etmədiyi müəyyənləşdirilir”.

E. Muradlı vurğulayıb ki, narkotik vasitədən istifadə edən sürücüləri ömürlük sürücülük hüququndan məhrum etmək lazımdır:

“Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə avtomobili sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimələrlə təxminən eynidir. Sadəcə olaraq narkotik vasitədən istifadə edən avtobus sürücülərinə tətbiq olunan cəza daha ağır olur. Bu şəxslərin birbaşa sürücülük hüququndan məhrum edilməsi və həbsi həyata keçirilir. Bu məsələ ilə bağlı həyacan təbilinin çalınmasına ehtiyac var. Narkotik vasitədən istifadə edərək, avtomobil idarə edən sürücülərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırıla bilərlər.

Paylaş: