Ç. Noy 13th, 2019

On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?”

“Modern.az” xəbər portalının 10 illik yubileyidir.

“Modern.az”ın 10 illik yubileyi ilə bağlı baş redaktor Əfqan Qafarlının “Report”a verdiyi müsahibəsini təqdim edirik.

– “Modern.az”ın 10 illik tarixini necə qiymətləndirirsiniz?

– Özümüzü tərifləmək niyyətində deyiləm, amma qeyd etməliyəm ki, “Modern.az” xəbər portalı bəzi media orqanlarından fərqli olaraq, 10 yaşına asan, hamar yolla gəlib çatmayıb. Bu gün 10 rəqəmli zirvədən boylanıb geriyə baxanda hansı əziyyətləri çəkdiyimizi, necə enişli-yoxuşlu yollardan keçdiyimizi görə bilirəm. Bəlkə də kənardan çoxlarına elə gəlir ki, biz də bir çoxları kimi hər şeyə asan yolla nail olmuşuq. Asan yol deyəndə ilk başdan rahat ofis şəraiti, işləməyə hazır kollektiv, yaxşı avadanlıq, arxasında bəlli bir maliyyə mənbəyi, informasiya ilə təminata dəstək verilməsi kimi şeyləri nəzərdə tuturam. Biz 2009-cu il sentyabrın 1-də 3-4 nəfərlə fəaliyyətə başlayanda bunların heç biri yox idi. Sonlarkı illərdə də bir çox məsələlər sarıdan çətinliklərimiz çox olub. Bəzən aylarla məvacib ala bilməmişik və bunu kənardakı heç kəsə bəlli etməmişik, amma başladığımız işi yarıda buraxmamaq naminə gecə-gündüz, istirahət və bayram günləri demədən, məzuniyyət nə olduğunu bilmədən çalışmışıq. Əlbəttə ki, bunları qeyd edərkən təkcə Modern.az-ın rəhbəri Elşad Eyvazlı ilə özümü nəzərdə tutmuram. Bu illər ərzində bizimlə birgə olan yoldaşlarımızın, kollektivimizdə çalışmış, sonradan yollarını ayırmış digər həmkarlarımızın da əməyini danmaq insafdan olmaz. Yaxşı-pis günləri geridə qoyub, 10 yaşa gəlib çatmışıq. Bu rəqəmi kiçik bir yubiley yaşı da hesab etmək olar. Bu gün əminliklə deyə bilərəm ki, kimlərinsə ağız büzməsinə baxmayaraq, Azərbaycanın son 10 ildəki media tarixində “Modern.az”ın da imzası var…

– Rəhbərlik etdiyiniz xəbər portalının ölkə mediasındakı yerini necə görürsünüz?

– “Modern.az”ın siması yarandığı gündən öz yolu, öz dəsti-xətti və xarakteri ilə formalaşıb. Biz çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Hərçənd ki, oxucunu razı sala bilmək çətin məsələdir. O, sənə yalnız bu gün təqdim etdiyin yaxşı yazıya görə “çox sağ ol” deyir, amma sabah da yenilərini gözləyir. Tempi saxlamaq isə həmişə mümkün deyil. Kobud şəkildə desək, oxucunun gözü doymur, elə hey yaxşı informasiya, maraqlı müsahibə, reportaj, araşdırma istəyir… Bax saytda işləməyin çətin tərəfləri də budur… Biz heç vaxt sensasiya və reytinq dalınca sürünməmişik. Sifarişli, ucuz, bayağı yazılardan, dedi-qodudan mümkün qədər uzaq qaçdıq, əxlaq normalarını gözlədik, milli maraqlara zidd olan materiallar dərc etmədik. Bu gün “Modern.az” yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibar edilən elektron mətbuat orqanı kimi qəbul olunursa, yayımladığımız materiallara istinad edilirsə, yazılarımıza rəsmi və qeyri-rəsmi qurumlardan reaksiya gəlirsə, gündəmə müəyyən qədər təsirimiz dəyirsə, deməli, ölkə mediası sırasında bəlli yerimiz və mövqeyimiz var. Biz ilk “5-lik”də, ilk “10-luq”da, nə bilim “15-lik”dəyik. Amma demək istəyirəm ki, biz də Modern.az olaraq, media məkanında varıq və qəbul olunuruq…

– Oxucuların irad və təklifləri əsasən nə ilə bağlı olur?

– Deyim ki, oxuculardan həm maraqlı təkliflər, həm də maraqlı iradlar gəlir. Məsələn, təklif edirlər ki, kriminal xəbərlərin sayını artıraq, şou-biznes informasiyalarına geniş yer verək. Bizim bir “Fotosöhbət” adlı layihəmiz var, çoxdandır o layihəyə ara vermişik, amma onun davam etdirilməsini istəyirlər… Fərdi şikayətlərin işıqlandırılmasına geniş yer verilməsini istəyənlər də var. Bəzən zəng vurub deyirlər ki, niyə siyasi proseslərdən az yazırsınız… deyirik ki, siyasi gündəm yoxdursa, siyasətçilər prosesləri ölü nöqtəyə endiribsə, biz siyasi hadisəni necə yaradaq? Ya da kimlərsə “siz niyə Afaq Aslanın soyunmağından, Rəqsanənin hamilə qalmağından, Aygün Kazımovanın sevgililərindən, Manaf Ağayevin “razborkaları”ndan, müğənnilərin intim həyatından niyə yazmırsınız?” deyir. Bilmirəm bunları irad adlandıraq, yoxsa təklif… Hər halda, oxucuya hörmət naminə gərək bunları da nəzərdən keçirək…

Paylaş: