Be. Okt 14th, 2019

Peşə kurslarını bitirən gənclərə sertifikatlar təqdim edildi

Turkustan.info xəbər verir ki, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırdı. Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihəyə bu ilin may ayından start verilmişdi. “Regionlarda sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlara peşə kurslarının təşkili” adlı layihə çərçivəsində İmişli və Ağcəbədi rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində və Şirvan şəhərində qeyd olunan kateqoriyadan olan ümumilikdə 45 yeniyetmə və gənc üçün sürətləndirilmiş kurslar təşkil edilib, mütəmadi təlimlər aparılıb.

27 avqust 2019-cu ildə kursların yekunlaşması və layihəyə cəlb edilmiş gənclərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbirdə çıxış edən Birliyin sədri İradə Polad dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın regionların sosial-iqtisadi inkişafı, işsizlik səviyyəsinin minimuma endirilməsi istiqamətində təqdirəlayiq fəaliyyətlərindən bəhs etdi.

Bildirdi ki, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqların problemləri daim dövlətimizin diqqətindədir. Bütün bunlar qeyri-hökümət təşkilatı olaraq “Mərhəmət” İctimai Birliyini də regionlarda əhalinin qayğıya, diqqətə ehtiyacı olan təbəqəsi üçün layihələr həyata keçirməyə ruhlandırır. Sevindiricidir ki, gənclər bölgələrdə layihəyə böyük maraq göstərib və kurslarda həvəslə iştirak ediblər.

Tədbirlərin sonunda dərzilik, kompyuter bilikləri, bərbər və gözəllik ustası sürətləndirilmiş peşə kurslarını bitirən gənclərə sertifikatlar təqdim edildi, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulandı.

Qeyd edək ki, 2005-ci ildə yaradılan “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi müxtəlif rayonlarda çoxsaylı sosial layihələri uğurla həyata keçirib, hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir.

Paylaş: