Ça. Sen 17th, 2019

Rusiya yenidən Gürcüstana hücum etməyə hazırlaşır? – Tiflisə ultimatum verilib

Gürcüstanın Sxinval regionu ərazisində fəaliyyət göstərən işğalçı rejim Snelisi kəndində işğal xəttinə 200-ə yaxın silahlı şəxs və hərbi texnika yerləşdirib. Görünür, işğalçı rejim gürcü dövlətinə qarşı növbəti hərbi təxribat hazırlayır. Bu barədə “Qruziya Online” portalı məlumat verir.

Gürcüstan tərəfi işğal xəttinin yaxınlığında, nəzarətində olan Çorçon kəndində polis məntəqəsi yerləşdirdikdən sonra vəziyyət kəskin hal alıb. İnsidentlərin Aradan Qaldırılması və Onlara Reaksiya Mexanizmi (IRQRM) çərçivəsində baş tutan bugünkü iclasda Sxinval və Rusiya tərəfi demarş təşkil ediblər və tədbiri yarımçıq tərk ediblər. Bu zaman gürcü tərəfinə ultimatum səsləndirilib: polis məntəqəsi səhər saat 6-dək götürülməsə, güc metodları işə salınacaq. Sxinval separatçıları öz ultimatumlarının əsirinə çevrildikdən sonra vəziyyət nəzarətdən çıxa bilər.

Sxinval rejimi xüsusi bir məqamə diqqət çəkir: Gürcüstanın nəzarətində olan ərazidə yerləşdirilən post işğal edilmiş torpaqlarda yerləşən Snelisi kəndindən cəmi 1 kilometr uzaqlıqdadır, halbuki gürcü ərazisinə tabe olan ən yaxın kənd – Çorçona kəndi postun 3 kilometrliyindədir. Bu zaman Sxinval mənşəyi bəlli olmayan sovet xəritələrini sübut kimi təqdim edir. Guya həmin sənədlərdə Cənubi Oseyiya və Gürcüstan arasında hansısa sərhəd qeydə alınıb. Halbuki Cənubi Osetiya həmişə Gürcüstan ərazisinin ayrılmaz hissəsi olub.

Sxinval separatçılarına xatırlatmaq lazımdır ki, işğal edilmiş ərazidə ən yaxın kəndə qədər olan 1 kilometrlik məsafəni onların hərəkətləri ilə müqayisə belə etmək olmaz. Onlar hər gün kəndləri, bəzən evləri və həyətyanı sahələri iki yerə ayırır, Gürcüstan vətəndaşlarını evlərindən didərgin salır, qəbiristanlıqları, gürcü kilsələrini ələ keçirir, demək olar hər gün Gürcüstan vətəndaşlarını gürcü tərəfinin nəzarətində olan ərazilərdən oğurlayırlar.

İşğalçı rejimin bu hücumuna cavab verən Gürcüstan bəyan edib ki, nəzarətində olan ərazilərdə polis məntəqələrini hara yerləşdirəcəyinə yalnız özü qərar verə bilər. Bundan başqa, Gürcüstanın Xarici İşlər Nazirliyi ölkədə akkrediyasiyadan keçmiş diplomatik korpuslara xəbərdarlıq edib və xarici diplomatlara tapşırıb ki, təmsil etdikləri dövlət rəhbərliklərinə vəziyyətin gərginləşməsi və işğalçı rejim tərəfdən mümkün təxribatlar nəticəsində gərginliyin arta biləcəyi haqda məlumat versinlər.

Gürcüstan həmçinin bildirib ki, istənilən gərginliyə və mümkün təxribata görə işğal edilən ərazilərdə effektiv nəzarət həyata keçirən ölkə kimi Rusiya tərəfi məsuliyyət daşıyacaq.

Paylaş: