C. Noy 15th, 2019

ABŞ-ın yeni savaşı: Belarus Rusiyadan “alınır”?

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Belarusa səfəri siyasi müşahidəçilərin diqqətini xüsusi cəlb edir. 

Cənab Boltonun səfər proqramına Belarusdan başqa Ukrayna və Moldova da daxildir. Ancaq onun Minskə gəlişi və Prezident Lukaşenko ilə görüşü kifayət qədər siyasi rezonansa səbəb olub. Bu danışıqların Kremldə kifayət qədər narahatlıqla izləndiyi isə şübhə doğurmur. Con Bolton XXI əsrdə Belarusa səfər etmiş ən yüksək vəzifəli ABŞ rəsmisidir. Ancaq söhbət heç də vəzifədən getmir. Ağ Evin “qırğısı” çox güman ki, Minskə konkret təkliflər paketi ilə gəlib.

Onun səfəri 2008-ci ildə insan haqlarının vəziyyətinə görə ABŞ-ın Belarusa sanksiyalara tətbiq etməsinə qədər pisləşmiş münasibətlərin dəyişməsində yeni mərhələ aça bilər. Qeyd edək ki, Konqresin qadağalarla bağlı qərarına cavab olaraq Belarus Prezidenti Aleksandr Lukaşenkonun ABŞ diplomatlarını ölkədən qovması bu gərginliyi daha da artırmışdı.

Lakin sonradan Prezident Lukaşenkonun siyasi məhbusları azadlığa buraxması və Qərblə münasibətlərdə baş verən yaxınlaşma ABŞ-la diplomatik əlaqələrin bərpasına da şərait yaratdı. Xüsusilə də 2014-cü ildə Rusiyanın Ukraynanın ərazilərini işğal etməsi rəsmi Minski geostrateji təhlükəsizlik məsələsinə yenidən baxmağa vadar etdi. Bu isə Belarusun Avropa Birliyi və ABŞ-la yaxınlaşmasında mühüm rol oynayıb.

Şərqi Avropada ABŞ-ın hərbi bazaları ilə və Rusiya arasında mühüm geosiyasi mövqedə yerləşməsi Belarusa son illər geniş manevr imkanları açıb. Bu isə Lukaşenko hakimiyyətinə Rusiyanın təsir dairəsindən çıxmaq, ilk növbədə isə vahid ittifaq dövlətində birləşməyə dair 1999-cu ildə imzalanmış sazişdən yayınmaq üçün əlverişli imkan yaradır.

2019-cu ilin dekabr ayında Belarusun Ümumdünya Ticarət Təşkilatına üzv olacağı gözlənilir. Belə bir qərarın qəbulu Belarusun Avropa İttifaqı ilə asosiativ sazişə qoşulmasına yol açmış olacaq. Təbii ki, rəsmi Minskin bu addımı ABŞ-ın da maraqlarına cavab verir. Yeni geosiyasi oyunçu kimi Belarusun son gedişləri Vaşinqtonun Şərqi Avropada və Rusiya sərhədləri yaxınlığında möhkəmlənmək planlarına cavab verir.

Belarus hökumətinin Rusiya ilə inteqrasiyaya dair hazırladığı yeni proqram isə böyük ehtimalla taktiki addım kimi 2020-ci ildə keçiriləcək prezident seçkilərində Aleksandr Lukaşenkoya Kremlin dəstəyini əldə etməyə
hesablanıb.

Lakin Prezident Lukaşenkonun Belarusun suverenliyi, müstəqilliyinin qorunması və regional təhlükəsizlik məsələlərini Con Boltonla müzakirə etməsi ABŞ-ın bu bölgədə geosiyasi fəallığını artırmaq planlarından xəbər verir. Rusiyanın buna adekvat reaksiyası Belarus üzərindən növbəti geostrateji qarşıdurmanın baş verməsi ilə nəticələnə bilər. Cənubdan Ukrayna, şimaldan Baltikyanı NATO ölkələri, qərbdən Polşa, şərqdən isə Rusiya ilə həmsərhəd olan Belarus sabit görünsə də, əslində, siyasi baxımdan “qaynar qazan”ın içində hesab olunur. Ona görə də Aleksandr Lukaşenkonun bütün siyasi kursu ilk öncə, Belarusu geosiyasi təhlükələrin təsirindən qorumağa yönəlib.

Görüşdən sonra həm Lukaşenkonun, həm də Boltonun verdiyi optimist bəyanatlar tərəflərin bir sıra məsələlərdə anlaşmaya nail olduğunu göstərir. Artıq Belarusla ABŞ arasında mövcud olan bir sıra problemlərin aradan qalxması Vaşinqtonun bölgədə fəallaşmasına şərait yarada bilər.

“Səfəriniz ətrafında bütün hay-küyə baxmayaraq, xüsusilə Belarus üçün müsbət cəhətlər çoxdur”-deyən Lukaşenko ABŞ Prezidentinin müşavirinə münasibətləri yeni səhifədən başlamağı təklif edib. Bu isə rəsmi Minskin ABŞ-la yaxınlaşmaqda maraqlı olduğuna işarədir.

Bolton buna cavab olaraq, Minsk və Vaşinqtonun insan hüquqları və silahların yayılmaması mövzusunda qarşılıqlı anlaşma tapacağına ümid etdiyini söyləyib.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Tramp administrasiyasının xarici siyasət prioritetlərindən biri ikitərəfli münasibətlərdə əvvəldən qalmış problemləri həll etməkdir. Həmin ölkələrdən biri də Belarusdur:

“Öncə Şimali Koreya, sonra Əfqanıstanda “Taliban” terror təşkilatı, indi isə Belarusla aparılan danışıqlar bu prosesin tərkib hissəsidir. Belarus, Ukrayna və Moldova Rusiyanın Şərqi Avropaya açılan qapısıdır. Cənubi Qafqaz da dünyanın əsas qaynar nöqtələrindən biridir. Lakin Şərqi Avropada baş verən proseslər siyasi, iqtisadi, hərbi baxımdan qlobal təhlükəsizliyə təsir etdiyi üçün Boltonun səfəri daha çox diqqət mərkəzindədir. Sadəcə, dünya ictimaiyyəti və Kreml də bu səfəri diqqətlə izləyir. Bill Klintonun prezidentliyi dövründə ABŞ və Belarus arasında münasibətlər gərgin olsa da, sonradan vəziyyət gərginləşib. Lakin Lukaşenko hər zaman Qərblə Rusiya arasında manevr etməyi bacaran siyasətçi olub. Bəziləri bunu onun vəzifədə qalmaq istəyi, bəziləri isə dövlətçilik maraqları ilə izah edib. Fikrimcə, Lukaşenkonun bu siyasəti hər iki səbəbi özündə ehtiva edir. Lukaşenko diktator kimi tanınsa da, dövlətini sevən bir liderdir. O, sanksiyaların tətbiqindən əvvəl də indi də Belarusun Avropa Birliyi ilə münasibətlərinin yaxşı olmasında maraqlı olub. Belarus Rusiyadan enerji asılılığında olsa da, o, Qərblə münasibətlərin yaxşılaşdırılmasına çalışıb. ABŞ Prezidenti Donald Tramp özünün ən önəmli müşavirlərindən birini Minskə göndərməklə Belarusun suverenliyinə Rusiyadan ciddi təhlükə olduğunu Lukaşenko hakimiyyətinin diqqətinə çatdırdı. Bolton Lukaşenko ilə gizli görüşdə ona müəyyən sənədlər təqdim etdi. Bu o deməkdir ki, Bolton ABŞ kəşfiyyatının bildiyi gizli məlumatları Lukaşenkoya verdi. Bundan sonra Belarus Rusiya və Qərb arasında oyunçuya çevriləcək. Qarşıda ABŞ-Avropa Birliyi-Belarus formatında yeni münasibətlərin başlayacağını deyə bilərik. Sanksiyaların ləğvindən sonra ABŞ Belarusun inkişafında maraqlıdır. Vaşinqton Belarus məhsullarının Qərb bazarlarına daxil olmasını, Qərb sərmayələrinin isə Belarus iqtisadiyyatına yatırılmasını istəyir. ABŞ yalnız kapitalla deyil, həm də hərbi-siyasi imkanları ilə Belarusa daxil olacaq. Amerika bütün bunları koordinasiyalı şəkildə həyata keçirməyə çalışır. Belə olarsa, Lukaşenko liberallaşmaya doğru addımlar atacaq. Hətta çox yaxında Tramp-Lukaşenko görüşü də baş tuta bilər. Yəni Zelenskinin Trampla görüşündən sonra Maldovanın Baş nazirinin və Belarus Prezidentinin də Ağ Evə səfərlərinin baş tutacağı istisna olunmur. Lakin bunun reallaşması üçün tərəflərin qapalı görüşdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi lazımdır”.    /Cebhe.info/

Paylaş: