Ç. Noy 13th, 2019

“Azərbaycan buna icazə verməz…” – Ermənistan rəsmisi

Ermənistanda Metsamor AES-in işlənmiş nüvə yanacağının Rusiyaya təkrar emal və utilizasiya üçün daşınması məsələsi yenidən gündəmə gəlib.
Bu barədə Ermənistanın nüvə təhlükəsizliyinin nizamlanması üzrə Dövlət Komitəsinin sədri Aşot Martirosyan Yerevanda keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, işlənmiş nüvə yanacağının hava yolu ilə Ermənistandan daşınması mümkün deyil. Çünki bu tullantılar həddən artıq radioaktivdir, Rusiya ilə dəmir yolu əlaqəsi isə hələ bərpa edilməyib.
Martirosyanın sözlərinə görə, Ermənistandan nüvə yanacağının çıxarılması ilk növbədə siyasi xarakter daşıyır.
“İşlənmiş nüvə yanacağının Ermənistandan Rusiyaya daşınması ya Azərbaycan dəmir yolu ilə mümkündür, ya da Gürcüstan. Hava yolu ilə bunu etmək mümkün deyil”,- o bildirib. Martirosyan qeyd edib ki, hava yolu ilə hələ istifadə olunmamış yanacağı daşımaq olar, amma işlənmiş yanacaq həddən artıq radioaktivliyə malikdir və onu təyyarədə daşımaq mümkün deyil.
“Hamı başa düşür ki, Azərbaycanla belə proqramı həyata keçirmək mümkün olmazdı. Gürcü-abxaz münaqişəsi nəticəsində isə Gürcüstandan Rusiyaya gedən dəmir yolu dağılıb, bu yol haqda indi söhbət gedə bilməz”,- Martirosyan deyib.
Onun sözlərinə görə, nə vaxt siyasi məsələ həll olunacaq, Rusiya-Gürcüstan dəmir yolu bərpa ediləcək, Ermənistandan nüvə tullantılarının daşınması barədə də o vaxt düşünmək mümkün olacaq.    /virtualaz.orq/

Paylaş: