Bz. Noy 17th, 2019

Sosial şəbəkələr qızlara necə zərər verir? – ARAŞDIRMA

Həm ictimaiyyət, həm də ekspertlər sosial medianı amerikalı gənclər arasında yayılmış çoxsaylı zehni problemlərə görə ittiham edirlər. Bura depressiya, narahatlıq və intihar meylləri də daxildir. Ancaq mövzu ilə bağlı araşdırmaların nəticələri bir-birinə ziddir. Məsələn, bu ilin yazında dərc edilmiş bir araşdırmanın nəticələrinə görə, sosial mediadan istifadə yeniyetmələrin həyatdan razı qalmalarına çox da böyük təsir göstərmir.

Lancet Child & Adolescent Health” jurnalında dərc edilmiş yeni araşdırma isə bundan da ziddiyyətlidir.

Məqalədə deyilir ki, sosial media yalnız müəyyən şərtlər daxilində və yalnız müəyyən adamların zehni sağlamlığına ziyan vura bilər.

Qızlarda sosial mediadan tez-tez istifadə kiberbullinq, yuxu və hərəkət azlığı kimi hallarda sağlamlığa ziyan vurur. Ancaq görünür, bu amillər oğlanlara eyni təsiri göstərmir. Məqalədə sosial medianın oğlanlara məhz hansı formada ziyan vurması qeyd edilməyib.

“Ötürülən mesaj budur ki, ziyan vuran özü-özlüyündə sosial media deyil. Söhbət sosial media istifadəsi və digər yaşa uyğun fəaliyyətlərin balanslaşdırılmasından və internetdə müəyyən mənfi halların baş verməməsinə əmin olmaqdan gedir”, – məqalənin həmmüəllifi, Londondakı Imperial Kollecin Uşaq və yeniyetmələrin zehni sağlamlığı komandasının rəhbəri Dasha Nicholls deyir.

Sosial mediadan istifadə yüksəlir

Tədqiqatçılar üç il ərzində 10 min britaniyalı yeniyetməni izləyən “Our Futures” araşdırmasından götürülmüş məlumatları təhlil ediblər.

2013-cü ildən başlayaraq, 13-14 yaşlı yeniyetmələr sosial mediadan hansı tezliklə istifadə etmələri və insanlarla nə qədər çox real ünsiyyətdə olmaları haqda suallara cavab veriblər.

Bundan başqa, onların sağlamlıq və demoqrafik profilləri öyrənilib. Növbəti illərdə eyni yeniyetmələr özlərinin sosial mediadan istifadə vərdişlərindən əlavə həm də əqli sağlamlıq, yuxu vərdişləri, fiziki aktivlik və kiberbullinqlə rastlaşma halları haqda sualları cavablandırıblar.

2013-cü ildə yeniyetmələrin yalnız 43%-i gün ərzində sosial medianı dəfələrlə yoxladıqlarını demişdi. İkinci ildə bu göstərici 59%-ə, üçüncü ildə isə 68,5%-ə qalxıb. Vaxt keçdikcə, sosial mediadan tez-tez istifadə əqli sağlamlığın zəifləməsi və rifah halının pisləşməsi ilə assosiasiya olunub.

Bunlar psixoloji pozuntu, həyatdan zövq almaq, xoşbəxtlik və narahatlıq haqda suallara cavabların təhlili ilə müəyyən olunub. Sosial medianın qızlara oğlanlardan daha böyük təsir göstərməsi ortaya çıxıb. Ancaq bu o demək deyil ki, onun oğlanlara təsiri yoxdur.

Valideynlər texnologiyadan istifadədə problemə çevrilirsə…

Sosial mediadan istifadəyə vərdiş etmiş gənclərin eyni zamanda kiberqısnama, yuxu və hərəkət azlığı hallarından şikayətlənməsi mənzərəni daha da mürəkkəbləşdirir. Alimlər problemlərin çoxunun məhz bunlarla bağlı ola biləcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, bu üç amil sosial mediadan çox istifadə etmənin qızlara ziyan vurub-vurmayacağını deməyə kömək edir.

Oğlanlara gəlincə, bu amillər sosial media və ruhii sağlamlığın zəifliyi arasında əlaqənin yalnız 12%-ni izah edə bilir. Bunun bir neçə səbəbi ola bilər. Qızlar depressiya və narahatlıq kimi pozuntulara daha həssas olurlar. Onlar həm də kiberqısnamaya oğlanlardan daha çox məruz qalırlar.

Nicholls deyir ki, onlar qısnamanı müəyyən aspektlərindən, məsələn, zahiri görkəm haqda atmacalardan və başqaları ilə mənfi müqayisələrdən narahat ola bilərlər.

Oğlanlar niyə daha az təsirə məruz qalır

İnternetdən istifadə ilə bağlı olan yuxu və hərəkət azlığının oğlanlara az təsir göstərməsi məsələnin ən təəccüblü tərəfidir. Çünki həm yuxunun keyfiyyəti, həm də fiziki hərəkət cinsindən asılı olmayaraq insanın ruhi sağlamlığına təsir edir.

Ola bilsin ki, qızlar sosial mediadan istifadəyə görə az yatdıqlarını dedikləri halda, oğlanlar yuxunu sosial mediaya qurban vermirlər və qızlar qədər fiziki hərəkət edirlər.

Bu tədqiqat yalnız müşahidə xarakteri daşıyır. Bu isə o deməkdir ki, alimlər yalnız əllərində olan məlumat dəstini təhlil edə biliblər. Başqa sözlə, bu, uşaqlara sosial mediadan nə qədər istifadə edəcəklərini diktə edən laboratoriya təcrübəsi olmayıb.

Bullinq uşaq intiharlarının yalnız bir səbəbidir

Araşdırma uşaqların sosial mediadan istifadəsinin dəqiq vaxtını da müəyyənləşdirə bilməyib. Uşaqlardan yalnız onların müxtəlif mobil əlavə və saytlara gün ərzində neçə dəfə daxil olduqları soruşulub. Ancaq Nicholls deyir ki, bu məhdudiyyətlərə rəğmən araşdırma yeniyetmələri daha sağlam həyat tərzinə yönləndirməyə kömək edə bilər.

“Gənclərə ötürülən əsas mesaj budur: kifayət qədər yatın; real həyatda dostlarla əlaqəni itirməyin; fiziki aktivlik əqli sağlamlıq və rifah halı üçün vacibdir. Özünüzə bu qaydada qulluq etsəniz, sosial medianın təsirindən narahat olmaya bilərsiniz”, – Nicholls deyir.

Onun sözlərinə görə, valideynlər uşaqlarını fiziki aktiv olmağa, gecələr telefonları söndürməyə təşviq etməlidirlər. Daha vacibi, onlar uşaqlara kiberbullinq haqda suallar verməlidirlər.

Paylaş: