Be. Sen 16th, 2019

Putinə və Ərdoğana dondurma satan qız danışdı: “Mən adi adam deyiləm…”

Rusiyada prezident Vladimir Putinə Moskva ətrafında iki ildən bir  keçirilən MASK beynəlxalq aviakosmik sərgisi zamanı “təsadüfən” həm 2017-ci ildə, həm bu il dondurma satan qızla axır ki, əlaqə yaratmaq mümkün olub.

Finsa.az xəbər verir ki, həmin qızın adı Yekatrina Safronovadır. O, NTV telekanalının “Mərkəzi televiziya” proqramının efirində danışıb və bildirib ki, heç də adi dondurmasatan deyil.

Xatırladaq ki, Putin MAKS-2019 sərgisi zamanı onu müşaiyət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər rəsmilərə “təsadüfən yaxınlaşdığı” səyyar dondurma köşkündən Volqoqrad kombinatının isthsalı olan “Korovki iz Korovenko” markalı plombir alıb.

Jurnalistlər isə aşkar ediblər ki, Putinə dondurma satan qız “təsadüfən” MAKS-2017 sərgisi zamanı da prezidentin qarşısına çıxıb və ona dondurma satıb. Bu da sosial şəbəkələrdə belə fərziyyələrə səbəb olub ki, dondurmasatan əslində xüsusi xidmət orqanlarının əməkdaşıdır və onun Putinə dondurma satması təhlükəsizlik xidmətinin əvvəlcədən hazırladığı səhnədir.

Bu fərziyyələri gücləndirən daha bir məqam ondan ibarət olub ki, “Moskovskiy komsomolets” qəzetinin jurnalistləri ertəsi gün MAKS-2019 sərgisinin keçirildiyi jukovsk aerodromuna gedib həmin qızı axtarıblar. Amma məlum olub ki, orada belə adam yoxdur. Və dondurmasatanlar tamam ayrı forma geyiniblər, onlardan heç biri Putinə dondurma satan qızı tanımır və əvvəllər orada görməyib.

Nəhayət həmin dondurmasatan yaranmış ajiotajla bağlı danışmağı qərara alıb. “Bizim şirkət artıq üçüncü ildir ki, MAKS-da işləyir, ticarətin təşkilatı və qida xidməti ilə məşğul olur. Və mən öz komandamla birlikdə artıq üçüncü ildir ki, oradayam. Bax belə təsadüf olub”,-Yekatrina deyib.

Safonova əlavə edib ki, o heç də adi dondurmasatan deyil, qidalanmanın təşkili üzrə menecerdir. O, Putini görəndə həyacanlandığını və utandığını deyib, amma əlavə edib ki, prezidentdən özü üçün heç nə xahiş etmək fikrində olmayıb. Çünki hər şeyə özü nail olmağa vərdiş edib.

Safonova efirə səsli rabitə ilə qoşulub. Proqramın aparıcısı Vadim Takmenev şikayətlənib ki, studiya onunla videoəlaqə yarada bilməyib.

Nəticədə tam məlum olmayıb ki, efirdə danışan qız həqiqətən Putinə dondurma satandır, yaxud başqası.

Paylaş: