Şb. Okt 19th, 2019

Bunun adı imitasiyadır!

Bəxtiyar Səlimov

Cəmiyyətdə imitasiya meylləri getdikcə güclənir. Başqalarına məsləhət verən, virtual məkanda insanları doğru yola səsləyən, xeyirxah çağırış edən adamların sayı hər ötən gün artır. Hamı humanist ideyaların carçısına çevrilib…

Bəs, reallıq necədir? Doğrudanmı, bizim ölkəmizdə qurdla quzu bir yerdə otlayır? Bizim müsbət keyfiyyətimiz, xoş niyyətimiz sayəsində qonşunun kor qızı ərə gedə bilirmi?

Sonuncu sualdan başlayaq: bəli, qızlarımız ərə gedir. Həm də erkən yaşlarında. Sosial şəbəkələrdə erkən evliliyin əleyhinə çıxış edən adamlar üç-beş ay sonra dəvətnamə göndərib, səni qızının toyuna çağırır. Şadlıq sarayına daxil olanda görürsən ki, gəlinin sümükləri hələ bərkiməyib, bəyin qoluna girib, güclə ayaqda dayanıb. Təəssüf ki, özünü ziyalı, maarifçi adlandıran adamlar çox vaxt bu işə qol qoyurlar.

Mən həmişə kitabın yorulmaz təbliğatçısı olmuşam. Biz ancaq kitabların sayəsində işıqlı gələcəyə qovuşa bilərik. Sevindirici haldır ki, son illər kitabı təbliğ edən adamların sayı xeyli artıb. Hətta   övladlarının ad günündə onlara kitab hədiyyə etməsiylə öyünən adamlar da var. Amma bəzən bu fəaliyyət imitasiya xarakteri daşıyır. Əgər biz oxumağa, mütaliə etməyə bu qədər həvəsliyiksə, niyə ən məşhur yazıçılarımız 500-600 nüsxədən artıq kitab sata bilmirlər? Çünki kitabdan danışan bəzi adamların yeganə məqsədi özlərini cəmiyyətə ziyalı kimi təqdim etməkdir. Onların çoxu axırıncı dəfə 15-20 il əvvəl pul verib kitab alıb.

Bu yaxınlarda maraqlı bir məqalə oxumuşdum. Teatra gedən yaşlı bir qadın tamaşa başlayandan qurtarana kimi telefonda bacısı ilə danışlb. Axırda tamaşaçılardan biri dözməyib, ondan teatra niyə gəldiyini soruşub. Qadının cavabı olduqca maraqlıdır: “Qızımı yeni nişanlamışam. İstəyirəm ki, qudalarımız teatra getdiyimizi eşidib, bizim mədəni ailə olduğumuzu düşünsünlər”.

Ən böyük bəlamız bəzi insanların sözü ilə əməlinin üst-üstə düşməməsidir. Spirtli içkilərin əleyhinə ən çox danışan adamların ayıq vaxtı olmur. Mədəniyyətdən dəm vuran adam küçəyə tüpürür. Böyüyə hörmətdən, kiçiyə mərhəmətdən dəm vuran insan ictimai nəqliyyatda heç kimə yer vermir. Mehribanlıqdan, xeyirxahlıqdan danışan adam doğma qardaşının qapısını tanımır…

Bunun adı imitasiyadır. Yaxşı adam ola bilməyənlər yaxşı görünmək istəyirlər…

Paylaş: