Bz. Dek 15th, 2019

Məhkəmə Koçaryanla bağlı qərar verdi – Putinin məktubundan sonra

Ermənistan Apellyasiya Məhkəməsi istintaq orqanı tərəfindən ölkənin sabiq prezidenti Robert Koçaryanın hüquqlarının pozulması faktını təsdiqləyib. 

Turkustan.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Koçaryanın vəkillərdən ibarət komandasının mətbuat katibi Elina Saakova bildirib.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olan Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.”Apellyasiya Məhkəməsi ölkənin Baş Prokurorunun birinci instansiya üzrə məhkəmənin qərarına qarşı ərizəsini rədd edib”, – deyə Saakova bildirib.

Qeyd edək ki, avqustun 31-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryana məktub ünvanlayıb.

Putin məktubunda onu 65 illiyi münasibətilə təbrik edib və Koçaryanı Rusiyanın dostu adlandırıb. Rusiya lideri sabiq prezidentə cansağlığı, mənəvi güc və dözüm arzulayıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

İyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.  /Yeniavaz.com/

Paylaş: