Ç. Noy 13th, 2019

Deputat hökumətə çağırış etdi: “Yalnız güc strukturlarının sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı”

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Moderator.az saytına maraqlı müsahibə verib. Deputat ölkənin siyasi həyatında gözləntiləri barədə danışarkən qeyd edib ki, hər bir vətəndaş kimi, onun da gözləntilərim çoxdur:

“Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil. Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən məhrum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar, nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir”.

Q.Həsənquliyev hesab edir ki,  ilk növbədə kadr islahatları davam etdirilməlidir:

“Onilliklər ərzində eyni yüksək vəzifəni tutan kadrların ən azından yeri dəyişdirilməlidir. Bu insanların bir qismi feodallaşmış, böyük iddialara düşməklə yanaşı, hətta adi insanlıq keyfiyyətlərini belə itirmişlər. İnsanları, onları istismar edib ev-eşiyindən didərgin salmış məmurlardan xilas etməklə, geniş xalq kütlələrinin rəğbətini qazanmaq olar”.

Deputat qeyd edib ki, İqtisadi sferada zamanında sələflərindən dürüstlüyü ilə fərqlənməmiş şəxslərə daha böyük və strateji vəzifələrin verilməsi, onları təmiz işləməyə, qanunların aliliyinə hörmət etməyə sövq etməyəcəkdır:

“Yüksək vəzifələrə müsbət dəyişiklikləri təmin etməklə, hökumətə ictimai dəstəyi təmin edən, yaxud edə biləcək şəxslər təyin olunmalıdır. Bəzi strateji vəzifələrə  qabiliyyətsizliyinə görə təyin olunmuş şəxslərlə vidalaşmaq lazımdır. Hakimiyyət ölkənin ictimai-siyasi həyatında yaxşı mənada fərqlənmiş və iqtidarla əməkdaşlığa hazır olan kadrlarla gücləndirilməlidir”.

“Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalı, tam bazar iqtisadiyyatına keçilməli, maliyyə-kredit islahatları həyata keçirilməli, xidmət sahələri, iri müəssisələr yubanmadan özəlləşdirilməyə çıxarılmalı, korrupsiyaya qarşı daha effektli mübarizə təşkil olunmalı, ciddi struktur və instusional islahatlar aparılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində ciddi qərarlar qəbul olunmalıdır”-de yə Q.Həsənquliyev vurğulayıb.

Partiya sədrinin sözlərinə görə ölkədə iqtisadiyyatın inkişafına təkan verəcək Naxçıvan və Ələt azad iqtisadi zonalarının fəaliyyətə başlaması üçün, nəhayət ki, konkret addımlar atılmalıdır:

“Bunlarla yanaşı, xarici ermənipərəst dairələrin və korrupsioner məmurların fiti ilə hərəkət edən müxalifət və onların müttəfiqləri olub, xaricə miqrasiya edib, ictimai əxlaqı korlayan pozğun ünsürlər ifşa olunmalı, onların dövlətçiliyimiz üçün yaratdığı təhlükə barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır”.

 

Paylaş: