Şb. Sen 21st, 2019

“AYB bizi yolumuzdan döndərə bilməz”- Tural Turan

Son günlər ölkə mətbuatında fasiləsiz olaraq müzakirə olunan mövzulardan biri də üç Prezident təqaüdçüsünün AYB-nin XIII qurultayında namizədliyini verəcəyini bəyan etməsi oldu. Burada sözügedən qurumla gənc yazarlar arasında fikirlərin müxtəlifliyi, hətta bir-birinə zidd olması da açıq- aydın göründü. Xüsusən də AYB tərəfindən müxtəlif təpkilərlə qarşılaşan gənc yazarlar onlara qarşı təhditlərin edildiyini, AYB-nin orqanlarında sanksiyaların qoyulduğunu ifadə edən, bu və ya digər bu tipli təzyiqlərin olunmasını əks etdirən çıxışlar etdi.

 Bu məsələlərlə bağlı sədrliyə iddialı olan həmin gənc yazarlardan biri, AYB Gənclər Şurasının üzvü Tural Turanla əlaqə saxlayıb, fikirlərini bilmək istədik.

 

– Tural bəy, bir neçə gün öncə yazıçı Elçin Hüseynbəyli müsahibə verdi. Dedi ki, Anar müəllim sədr seçilmək istədikdə onların və digər alternativlərin bu posta iddiaları mənasız görünə bilər. Gənclərə isə AYB-nin nəzdindəki Gənclər Şurasına sədrlik uğrunda mübarizə aparmağı məsləhət bildi. Buna fikriniz bilmək istərdik…

– Elçin müəllimə böyük hörmətim var. Yaxşı insan, eyni zamanda ortabab yazıçılarımızdandır. Oxunaqlı qələmi var. Bu öz yerində. Amma Elçin müəllim özünün və alternativ gördüyü digər şəxslərin Anarın kölgəsində qaldığını düşünə bilər. Mən özüm haqda bu fikirdə deyiləm. Mən onun mürəkkəb təşkilat adlandırdığı qurumu – Azərbaycan Yazıçılar Birliyini çox şəffaf şəkildə idarə edə bilərəm. Çünki özümə bələdəm və güvənirəm. Elçin müəllimin müsahibəsindən belə çıxdı ki, onun özü də AYB sədri olmaq kimi bir məsuliyyətin altına girməyə tələsmir. O zaman elə AYB nəzdindəki Ağsaqqallar Şurasına sədr olsun. Yaşı da imkan verir. Mən isə sədrlik postuna iddialıyam.

– Yazıçı Elçin Hüseynbəyli bildirdi ki, “Anar, Sabir Rüstəmxanlı Türkiyədə çap olunub, amma geniş oxucu kütləsi tərəfindən tanınmırlar”. Bu ismarışın altında nə yatır?

– Elçin müəllim elə həmin müsahibədə bunun cavabını verib. Türkiyədə hələ də Azərbaycan ədəbiyyatına Sovet ədəbiyyatının qalığı kimi baxırlar. Anar müəllimin nüfuzu, fəaliyyəti belə Türkiyədəki nəşriyyatların bizə dırnaqarası baxmaq biabırçılığından qurtara bilmədi. Anarı və Türkiyədə çap olunan  dəyərli yazıçılarımızı ancaq məhdud sayda elit oxucu kütləsi tanıyır. Elçin müəllim bu nünası doğru qeyd edib. Düz damarını tutub. Çünki kütləvi nəşriyyatlar  çap etmirlər. Postsovet məkanından reytinq məsələsinə görə yazıçılar Türkiyədə və Şərqi Avropada kütləvi nəşr edilmir. Birincisi, öz ölkəmizdə oxu mədəniyyəti yoxdur. Ən yaxşı halda 2-3 min tirajla çıxır. Orta tiraj 300-500-dür. Öz ölkəsində 500 oxucusu olan yazıçı xaricə hansı üzlə çıxsın?! Oxucu mədəniyyətinin formalaşmasında AYB mühüm rol oynamalı idi. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycanda milyonlarla oxucu var idi. İllər ötdükcə bu rəqəm “əridi”. Oxucuda stimul yaratmaq lazım idi. Bunun da bir çox yöntəmləri var. Sadəcə olaraq, AYB rəhbərliyi bunu bacarmadı.

– Demişdiniz ki, bu gün ədəbiyyatımızda milli ideoloji xətt yoxdur…

– Bəli, yoxdur. Yolsuzluqdur. Azərbaycan kimi münaqişəyə zorla cəlb edilmiş, torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünə sahib ölkənin ideoloji ədəbiyyat maşını olmalıdır. Daxilə yox, xarici auditoriyaya hesablanmış ideoloji maşından söhbət gedir. Ədəbiyyat üzərindən dünyada informasiya müharibəsi aparılmalıdır. Ssenarilərlə, qısa hekayələrlə və sair… Dövlətin mütəmadi yardımları fonunda son 28 il ərzində AYB rəhbərliyi bununla bağlı hər hansı bir iş görməyib. Amma ermənilər Qarabağ hekayələri ilə Avropada əməlli-başlı səs-küy yarada biliblər. Hətta “Hollivud”da erməni soyqırımı ilə bağlı film çəkilişinə də nail olublar. Biz nə etmişik? Heç nə! Gürcülərin David Turaşvilisi, Georgi Kekelidzesi Avropada tanındı. İndi Qərbdə tanındıqları üçün Türkiyədə də çap olunurlar. Amma Elçin Hüseynbəylinin sözü olmasın, bizdə Anar müəllimin özünü belə Türkiyədə kütlə tanımır.

– AYB-dən gələn təhdidlərlə bağlı nə deyə bilərsiniz?

– Mən mübarizə adamıyam. Bütün təhdidlərə təbəssüm etməyi və öz yolumla iti addımlarla irəli getməyi hələ yeniyetməlik dövründən özümə məsləhət bilmişəm. Trollar, hədələr, bizə “inamsızlıq”… Bunlar bizi yolumuzdan döndərə bilməz. Hətta biz bu yola çıxanda da düşündük ki, qələm dostlarımızı, nəsildaşlarımızı bizim üstümüzə qaldıra bilərlər. Bu da təbiidir. Çörək yeyirlər, gözləri kölgəlidir. Danışmalıdırlar. Danışdılar da. Qınamıram heç kimi və onları öz vicdanları ilə baş-başa buraxıram. Əsas odur ki, mənim və digər iki namizədin bu məsələlərlə bağlı heç kimin yanında gözü kölgəli deyil. Elin gözü tərəzidir. Vicdanlısını da, mübarizini də, kölə təfəkkürlüsünü də el daha yaxşı görür.

– Bildiyim kimi sizə ölkə daxilində Xalq artistləri, tanınmış ədəbiyyat nümayəndələri, ictimayi tutumu olan şəxslərdən dəstək gəldi. Təbii ki, sizin ölkə hüdudlarından kənardakı qələm adamları ilə də münasibətləriniz var. Onlardan münasibət oldumu?

– Bəli, Özbəkistandan, Qırğızıstandan, Qazaxıstandan, Ukraynadan, Türkiyədən, Bolqarıstandan gənc yazarlar bizi dəstəklədi. Yanımızda olduqlarını və fikirlərimizin haqlı olduğunu dilə gətirdilər.

– Fikirlərinizin birində AYB-nin orqanlarda yazılarınızın çapına qadağa qoyulmasını qeyd etmişdiniz. Nə deyə bilərsiniz?

– Bəli! Amma həyata keçəcəyi ilə bağlı dəqiq bir şey deyə bilmərəm. Doğrusu, o vaxtdan bəri AYB-nin orqanlarında çap edilməmişəm. Zaman göstərəcək. Ümid edirəm ki, belə olmayacaq. Ola bilsin ki, bəzi orqanlar çap etsin, bəziləri yox. Bu da mümkündür.

– Tural bəy, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüsünüz. Sizin namizədlik məsələnizə Gənclər Şurası niyə biganə qaldı?

– Yeni heyət bu ilin iyulunda təsdiq olunub. Hələ ilk iclası da keçirilməyib. Rəsmi qərar vermək üçün gərək toplaşasan…

– AYB-də kadr islahatlarını ilkin olaraq hansı addımlarda görürsünüz? Və ya heç kadr islahatlarına ehtiyac varmı?

– Əlbəttə ehtiyac var. Kadr islahatı gəncləşmə üzərində qurulmalıdır.

 – AYB rəsmlərindən istər mətbuatda istərsə də sosial şəbəkədə ən çox sərt reaksiya verən AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid oldu. Burada tək namizədlik məsələləri dayanırdı yoxsa başqa səbəblər də var idi? Bu barədə nə deyə bilərsiniz ?

– Bu sualı Rəşad müəllimə versəniz yaxşı olardı. Bircə onu deyə bilərəm ki, bir-iki atımlıq barıtı var idi. Atdı, sonra da gedib yerində oturdu. Soruşan olsa da deyəcək ki, barıtı qurtarıb. Çünki qarşısındakı iddialı gənclərdir. Əsaslı, tutarlı danışırlar, fakt qoyurlar. Faktın qarşısında troll da dayan bilmir, yaltaq ordusu da!

–  Namizədliyiniz təstiqlənməsə ilkin addımınız nə olacaq?

– Ümid edirəm ki, təsdiqlənər. Çünki AYB özünü daha çox pis vəziyyətdə qoymaq istəməz. Təsdiqləməmək diktatorluğun birbaşa və qeyd-şərtsiz təsdiqidir. Bu isə 85 yaşlı bir qurum üçün böyük töhmətdir.

 

Coşqun İbadov

Paylaş: