Şb. Sen 21st, 2019

APA Holdinqin rəhbərliyinə AÇIQ MƏKTUB

Bu gün 14:12-də APA Holdinqə məxsus olan Kulis.az saytında “AYB sədrliyinə namizəd olan gəncləri öldürək! – Gənc yazardan şok təklif” başlıqlı yazı haqqında bir neçə cümlə yazmaq istəyirəm. Yazının içəriyi ilə işim yoxdur. Məsələ başlıqdadır.

Oxuduğum qədər yazı Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayına namizədliklərini elan etmiş üç AYB üzvü ilə əlaqədardır. “Yazı” donu geyindirilmiş sicilləmə ilə bağlı heç nə yazmıram. Müəllif fikridir. Fikrində azaddır. Nəyə necə münasibət bildirməsi öz qələmini və şəxsiyyətini ortaya qoyur. Bu öz yerində.

…Amma APA kimi peşəkarların yığışdığı komandanın üzvlərinin, yazıya məsul şəxslərinin, redaktorunun (təxminən bir il əvvəl mən də bu agentliklə ilə 5-6 ay yaxından əməkdaşlıq etmişəm və burada hansı peşəkarların çalışdığına bələdəm) belə bir kobud səhvə yol verməsi bir jurnalist olaraq məni təssüfləndirdi. Çünki yuxarıda qeyd etdiyim başlıqda birbaşa təhrik var. Özü də nida işarəsi qoyulub. Yəni, başlıq çağırış xarakterlidir. Özü də cinayətə sövqetmə xarakterli başlıqdır. Hər şey ortadadır. İçərisini oxumayan adam başlığı görər-görməz vahimələnə bilər.

Bu yazını mənim ailə üzvlərim, yaxın qohumlarım da oxuyub. Şəkilləri birləşdirilən adamlardan biri də mənəm. Həyəcanla mənə zəng etdilər. Xəbərsiz olduğumu söylədim. Sayta girib yazını oxuya-oxuya onları sakitləşdirməyə çalışdım ki, bəsit bir ironik yazıdır. “AYB sədrliyinə namizəd olan gəncləri öldürək! – Gənc yazardan şok təklif” və Tural Turanın, Fuad Cəfərlinin, Emil Rasimoğlunun şəkillərini görən adamlar nə hiss keçirər. Kim ixtiyar verir ki, onların yaxınlarının, doğmalarının psixoloji durumu ilə oynasın?!

Baxın, başlığa sayt rəhbərliyi məsuliyyət daşıyır. Əgər özündə cinayət, zorakılıq ehtiva edirsə, başlıq dəyişdirilməlidir. Bu müəllifin hüquqlarının pozulması, söz azadlığının tapdanması demək deyil. Hər hansı bir “sayt” bu cür başlıq verə bilər. Amma APA kimi peşəkarların cəmləşdiyi holdinq bu cür başlıqla xəbərlər yaymamalıdır. Ən azından cinayət tərkibli başlıqdır. Ən azından cinayətə çağırışa şəriklikdir. Ən azından (APA-çılar yaxşı xatırlayar) “nakaleniya başlığı qədər hiddətləndirici və təssüfedicidir. Ən azından Kütləvi İnformasiya Haqqında qanunun kobud şəkildə pozuntusudur. APA adına təssüf edirəm.

P.S: Deyə bilərsiniz ki, cavab vermək hüququnuz var. Yazının müəllifi AYB rəsmisi deyil ki, ona cavab yazmaq və ya başqa formada ölçü götürmək məcburiyyətində qalım. P.SS: Bu yazını AYB-nin 13-cü qurultayı öncəsi sədrliyə namizədliyini verəcəyini elan etmiş AYB üzvü kimi yox, jurnalist kimi yazıram.

Sayğılarla, Tural Turan
Jurnalist

Paylaş: