Şb. Sen 21st, 2019

AzTV-də daha bir təyinat – Füzuli Məcidliyə vəzifə verildi – DOSYE

AzTV-nin yeni sədri televiziyanın simasını dəyişməkdə və ciddi islahatlarda qərarlı görünür. Belə ki, dövlət televiziyasının Qazaxıstan və Mərkəzi Asiya dövlətləri üzrə bürosuna da yeni rəhbər təyinatı olub. 

Televiziyanın sədri Rövşən Məmmədovun əmrinə əsasən,  bu posta tanınmış jurnalist Füzuli Məcidli gətirilib.

Füzuli Məcidli 1982-ci ildə anadan olub. Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, Beynəlxalq iqtisadi münasibətlər fakütəsinin magistraturasını fərqlənmə ilə bitirib.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasını bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.  

1999-cu ildən “Bizim əsr”, “Şərq”, “Həftə içi” qəzetlərində çalışıb, 2005-ci ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri və Mərkəzi Asiya ölkələri üzrə bürosunun rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc” “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin aparıcısı və redaktoru olub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun İnformasiya Cəmiyyəti şöbəsində elmi işçi kimi çalışıb.

2016-cı ildən qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (TWESCO) prezidentinin məsləhətçisidir. TWESCO-dakı fəaliyyəti çərçivəsində türkdilli dövlətləri, o cümlədən, Azərbaycanı əhatə edən müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində fəal iştirak edib.

Beynəlxalq nəşrlərdə elmi və publisistik məqalələrlə çıxış edib və Qazaxıstan mediasında ardıcıl şəkildə məqalələri çap olunub. 

Tərcümə fəaliyyəti ilə də məşğuldur, Xocalı ilə bağlı bir neçə filmin ingilis dilinə, qazax şairi Mağjan Jumabayevin şeirlərinin Azərbaycan dilinə tərcüməsini həyata keçirib, Nəsiminin şeirlərinin qazax dilinə tərcüməçilərindən biri olub.

İngilis, rus, türk və qazax dillərini bilir.

Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

Evlidir, iki övladı var. (modern.az)

Paylaş: