Şb. Sen 21st, 2019

Biz torpaqlarımızı istəyirik, sülh Qarabağı Ermənistana verir – Yeni Qarabag Hərəkatı (YQH) yaradılır…

Otuz ildən çoxdur Qarabağ məsələsi həll olunmamış qalır.  Ərazilərimizin 20 faizindən çoxunun işğalı, ölkəmizin hər yaşayış məntəqəsində yurd-yuvasını itirmiş köçkünlər, yenə ölkəmizin hər yaşayış məntəqəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhid məzarları, sağlamlıqlarını itirmiş qazilər və ən nəhayət ermənilərin at oynatdığı, yallı getdiyi Qarabağ…

Otuz ildən çoxdur … Zaman keçir, ötən hər dəqiqə zərərimizə işləyir. Mətbuatın gündəmi, rəsmi səfərlərin, xarici ölkələrdə təbliğat prosesinin başlıca mövzusu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, düşmənin işğal etdiyi 20 faiz torpaqlarımızdan çıxması, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin ifşa olunmasıdır.

Zaman keçir, ötən hər dəqiqə zərərimizə işləyir – zaman öz sözünü deyir. Ermənistan bilir ki, müəyyən bir müddət keçdikcə, dünya dəyişdikcə, artıq torpaq həsrəti, müharibə istəyi öləziyəcək.

Əvvəllər münaqişənin həlli üçün sülh prosesinə ümid var idi. İndi yalnız müharibə istəyi, problemin bir tək müharibə ilə həll ediləcəyindən başqa yol görünmür. Ermənistan rəhbərliyinin son davranışlarından, iddialarından bunu açıq görmək olar.

Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində dövlət mümkün bütün addımları atır. Nəticəsizlik müasir dünya sisteminin bu məsələyə birtərəfli yanaşmasındadır.

Bəs cəmiyyət bu istiqamətdə nələr edir? Öncədən qeyd edək ki, Azərbaycanda Qarabağla bağlı olan bir çox təşkilatlar fəaliyyətdədir. Yəni adı, fəaliyyət istiqaməti Qarabağla bağlı olsa da, Qarabağ üçün hansı işləri görə bilirlər – onu da qətiyyətlə sadalamaq çətindir.

Əldə etdiyimiz məlumatlara görə, torpaqlarımızın azad edilməsi istiqamətində cəmiyyətdə aktivliyin təmin edilməsi və s. kimi məsələlərlə bağlı gənclərin Yeni Qarabağ Hərəkatı (YQH) yaradılır.

Xüsusilə gənc nəslin şüurunda Qarabağın yerini möhkəmlətmək, hərtərəfli hazırlıq hərəkatın prioritetlərindən hesab olunur.

Belə bir vəziyyətdə, yeni hərəkatın yaradılması faydalı olacaqmı – bunu qiymətləndirməyi isə ekspertlərin öhdəsinə buraxaq.

Qayıdaq Qarabağ münaqişəsi ətrafında aktivliyin azalması, cəmiyyətin hətta kobud səslənsə belə laqeydliyinə… Bu durumu yaradan amillər nədir? Həqiqətən, Qarabağ münaqişəsindən danışmağa, torpaqlarımızın işğal olunması, Azərbaycanın başına gətirilənləri dəfələrlə dilə gətirməkdən yorulmuşuq?

Turkustan.info bildirir ki, bu suallar ətrafında Modern.az-a Xocalıdan olan deputat Elman Məmmədov danışıb. O, Qarabağla bağlı aktivliyin azalmasını qəbul etmir:

“Qarabağın işğaldan azad olunması, ətraf rayonlarımızın düşməndən təmizlənməsi Azərbaycan xalqının hər bir nümayəndəsinin diqqət mərkəzində olmalıdır. Bu problem həmişə gündəmdə qalmalıdır. Bütün cəmiyyət, dövlət qurumları, qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-rəsmi qurumlar, media, televiziyalar problemin həlli ilə bağlı məqamları qabartmalıdırlar. Hər bir təhsil ocağında Azərbaycanın ən vacib problemi yeni nəslə çatdırılmalıdır. Vətənpərvərlik istiqamətində apardığımızı təbliğatın başlıca məqsədi məhz Qarabağı unutdurmamaqdır. Başımıza gətirilənləri unutmaq kimliyini, milliliyini unutmaq deməkdir”.

Məsələnin siyasi müstəvidə görüntüsünə gəlincə, E. Məmmədov deyir ki, Ermənistanın indiki rəhbərliyi Azərbaycana qarşı əvvəlkilərdən daha açıq düşmənçilik, işğalçılıq mövqeyindədir:

“Rəhbərlik özünün bütün hərəkətləri, bütün bəyanatları ilə Azərbaycana başqa çıxış yolu qoymur. Biz görürük ki, 30 ildir danışıqlar nəticə vermir, sülh yolu ilə bu problemi həll etmək qeyri-mümkünləşir.  Dəfələrlə bəyan etmişik ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Biz müharibə istəmirik. Biz dədə-baba torpaqlarımızı istəyirik. Ermənistanın hərəkətləri isə ancaq müharibə istəyidir. Onlar torpaqlarımızı özünüküləşdirməyə can atırlar. Hesab edirəm ki, Azərbaycan tezliklə düşmənin bu cür davranışlarından nəticə çıxaracaq. Biz həm beynəlxalq qanunlara, həm də öz Konstitusiyamıza əsaslanaraq torpaqlarımızı düşməndən azad edib, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dediyiniz kimi Qarabağla bağlı hər hansı yeni təşkilat yaranırsa, bundan məlumatım olmasa da, torpaqlarımızın azad edilməsi istiqamətində atılacaq hər bir addımı müdafiə edirəm”.

Paylaş: