Şb. Sen 21st, 2019

Məktəblərdə dərs saatının vaxtı dəyişdirilə bilər – Ekspert AÇIQLADI

Bakı şəhərində tıxac mühüm problemlərdən biri olaraq qalmaqdadır. 

Məlumdur ki, sentyabrın 15-dən etibarən dərslər başlayır və tıxac ikiqat, hətta üçqat artacaq. Tıxacın qarşısını almaq üçün dəfələrlə aidiyyatı qurumlarda iş qrafikinin dəyişməsi ilə bağlı danışıqlar getsə də, 5-6 ildir ki, bu məsələnin həllini ortaya qoymaq təəssüf ki, mümkün olmayıb. 

Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq  Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişməsi ilə bağlı müraciət də edib. Lakin bundan sonrakı müzakirələr də elə danışıq olaraq qalıb.

Maraqlıdır, tıxacın aradan qaldırılması üçün müəssisələrin (ali və orta məktəblər, rəsmi qurumlar, iş obyektləri) iş qrafikini dəyişmək mümkündürmü? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunun üçün müvafiq qurumlar birgə işləyərək mexanizm hazırlamalıdır, lakin qurumlar buna diqqət göstərmirlər:

“Bu təklif bir neçə ildir ki, dərs ili başlayanda və yaxud dərs ilinin ortalarında irəli sürülür. Amma çox vacib bir məsələdir. Sadəcə olaraq bunun tətbiqi mexanizmini Nazirlər Kabineti, Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi  və Təhsil Nazirliyi birgə işləyib hazırlamalıdır. Görünür, bu qurumlardan hansınınsa vaxtı yoxdur, daha vacib işləri var. Ona görə də təşəbbüsü sona qədər davam etdirmirlər. Amma çox önəmli məsələdir. Biz Sovet təhsil sistemindən hələ də çıxa bilməmişik. Kurikulum, test sistemi təzə olsa da,  məsələyə kökündən baxdıqda biz Sovet təhsil sistemində qalmışıq. Bu baxımdan mən düşünürəm ki, artıq biz bundan qurtulmalıyıq”.

Ekspert ibtidai siniflər üçün məktəbli avtobuslarının fəaliyyətinə diqqət ayrılmalı olduğunu, bu servis tətbiq edildikdən sonra tıxacın nisbətən azala biləcəyini deyib:

“Lazım deyil ki, ibtidai sinif şagirdi ağlaya-ağlaya səhər saat 8-də məktəbə gətirilsin. Məsələn, ibtidailərin dərsini saat 9.00 üçün təşkil etmək olar. Valideynlərlə danışıq aparmaq olar. Məsələn, elə valideyn var ki, saat 8-də işi başlayır, 8-ə qalmış uşağını məktəbə qoyur, bu, onlar üçün rahat olur. Bəziləri hətta işini övladının dərs saatına uyğun qurub ki, onu məktəbə apara bilsin.  Hər bir məktəbin valideyn-şagird kollektivini dinləməklə bu sahədə addım atmaq olar. Avropa oyunlarında Nazirlər Kabineti belə bir qərar qəbul elədi ki, şəhərin mərkəzində yerləşən böyük idarə və müəssisələrdə çalışan işçilər tıxac olmaması üçün  fərqli saatlarda işə gəlsinlər. Lakin buna əməl edən olmadı. Kağız üzərində qaldı. Lakin dünyanın bir çox ölkələrində bu üsullardan istifadə edirlər. Digər tərəfdən məktəbli avtobusları deyilən bir servis var. Bundan istifadə edilməsi əksər valideynlərin ürəyincə  olar. Valideynlər səhər-səhər ya maşınla övladlarını aparırlar, ya da taksi tutmağa məcbur olurlar. Və servis bunlarla müqayisədə daha əlverişli ola bilər. 20 valideynin eyni yolu getməsindənsə, sadəcə bir avtobus o yolu getməsi daha əlverişli olar. Bu, 10 sinifdə tətbiq olunsa, o deməkdir ki, bir məktəbin qarşısından 200-300 maşın azalacaq. Pik saatlarda 300 maşının azalması çox mühümdir. Bunu mütəxəssislərlə, aidiyyatı qurumların rəhbərləri ilə ətralı şəkildə müzakirə etmək lazımdır. Bu addımın atılması çox yaxşı nəticəyə gətirib çıxarar. Xarici təhsil mərkəzləri, özəl təhsil müəssisələri  var ki, bu xidməti yaradıblar və bu, valideynlər üçün də, uşaqlar üçün də olduqca rahatdır.  Müasir texnologiyalardan biz də istifadə eləməliyik. Nə vaxta qədər Sovet ənənəsində  qalacağıq? Bəzən görürük ki, imkanlı bir ailənin övladının arxasınca 3-4 maşın gəlir, bu qədər də görməmişlik eləmək lazım deyil. Lakin təəssüf ki, cəmiyyətimizdə bu hallar mövcuddur”.

Həmsöhbətimiz eyni zamanda tıxacın aradan qalxması üçün universitetlərin şəhər mərkəzindən kənara köçürülməsinin daha effektli bir addım olacağını diqqətə çatdırıb. İş qrafikinin dəyişməsinin isə müvəqqəti tədbir ola biləcəyini qeyd edib:

“Universitetlərə gəldikdə isə, tələbələr artıq fizioloji cəhətdən yetkin insanlardır. Onlar daha rahat müxtəlif saatlı dərs rejiminə salmaq mümkündür. Tələbələrin əksəriyyəti bugün dərsə maşınla gəlir. Orta məktəbdə valideyn uşağını dərsə gətirdikdən sonra getdiyi halda, tələbələr maşınlarını universitetin qarşısında saxlamalı olurlar.  BDU, AzTU kimi universitetlərin qarşısında dərs vaxtı hərəkət etmək mümkün olmur. Bu şəraitə uyğun çıxış yolu tapmaq lazımdır. Universiteti söküb başqa yerdə tikəsi deyilik. Məsələn, Lomonosov adına  Moskva Dövlət Universitetinin Bakı filialı Sulutəpədə tikilib. Bu nə qədər tələbənin, avtomobilin şəhərdən çıxmasına səbəb olur və çox yaxşı bir addımdır. Mən çox istəyərdim ki, universitetləri şəhər mərkəzindən kənarlaşdırsınlar. Bunun üçün imkan da var. Zəhmət çəkib bir tələbədən 1 500 manat təhsil haqqı alan universitet başqalarının həyat tərzini pozmamağa da diqqət göstərsin. Yığdığı pulla şəhər kənarında bina tiksinlər. Bunlarla problemin həllinə nail olmaq olar. Təbii ki, iş qrafikini də dəyişmək mümkündür, lakin bunlar müvəqqəti tədbirlərdir. Daha köklü tədbirlərə əl atmaq lazımdır ki, 3-5 il sonra da oturub başqa ideyaların üstündə düşünməyək. 2013-cü ildən biz bu barədə danışırıq, hətta hamı dəstəkləyir, Milli Məclisin deputatları, DYP rəhbərləri ilə də bu barədə danışıqlarımız olub, hamı razıdır, amma heç kim konkret bir mövqe ortaya qoymur, təklif vermir. 6 ildir ki, müzakirə olaraq qalır, nə vaxt “tərpənəcəkləri”, sözü əmələ çevirəcəkləri isə müəmma olaraq qalır. Lakin bu məsələyə heç kim narazı deyil”.

Paylaş: