Bz. Sen 22nd, 2019

Putinin Paşinyanı QORXUYA SALAN İSTƏYİ: Əgər İrəvana getsə…

“Ermənistan hakimiyyəti ehtiyat edir ki, Vladimir Putin İrəvanda olanda həbsdə olan Robert Köçəryanla görüşmək istəyə bilər”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Avrasiya İqtisadi Birliyinin oktyabrın 1-də İrəvanda keçiriləcək növbəti sammiti ətrafında danışan siyasi şərhçi qeyd edib ki, görüş ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliklər var: “Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il ərzində Rusiya ilə münasibətlərdə yeni gərginlik ocaqları yaradıb. Rusiya prezidenti Vladimir Putin əvvəlkitək həbsdə olan dostu Robert Köçəryanı müdafiə edir, həbsdə olan dostuna təbrik məktubları göndərir. Aydındır ki, bu təbriklər Ermənistanın baş naziri Nikol Paşinyanın xoşuna gəlmir, ancaq asılı olduğu qonşusunun liderinin siyasətini tənqid edə də bilmir. Ermənistan hakimiyyəti ehtiyat edir ki, Vladimir Putin İrəvanda olanda həbsdə olan Robert Köçəryanla görüşmək istəyə bilər. Putinə “yox” cavabı verməyin nə demək olduğunu Paşinyan anlamış deyil”.

Politoloq bildirir ki, rəsmi Moskva Ermənistanda ittiham olunan bir sıra şəxsləri İrəvana təhvil verməkdən imtina edir: “Ermənistanda barəsində cinayət işi başlanan “Ketrin Qrup” şirkətinin başçısı Miqran Poqosyan Moskvada siyasi sığınacaq alıb. Avqust ayında Moskva Poqosyanı İrəvana verməkdən imtina etmişdi. Onun Rusiya vətəndaşı olduğu barədə məlumatlar var. Bundan başqa, Ermənistan da Rusiya vətəndaşı Vitali Şişkinə siyasi sığınacaq verib. Şişkin radikal millətçidir. Rusiya onu həbs etmək istəyir. Şişkin həbs təhlükəsindən yayınaraq Ermənistana qaçıb. Şişkin Ermənistana 6 ay bundan əvvəl gedib. Bu, Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın “vətəndaşımı mənə təhvil ver” istəyini yerinə yetirmədiyi nadir hadisədir”.

E.Şahinoğlu xatırladıb ki, Nikol Paşinyan İran prezidenti Həsən Ruhani oktyabrın 2-də Ermənistana dəvət edib: “Paşinyan İranın da Avrasiya İqtisadi Birliyinin üzvlüyə qəbul olunmasını istəyir. İranın təşkilata üzv qəbul olunması üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Belə bir ümumi razılığın olub-olmadığı bəlli deyil. Amerikanın sərt sanksiyaları üz-üzə qalan İranın qonşu dövlətlərlə daha sıx əməkdaşlığa çalışması anlaşılandır. Buna görə də İran Avrasiya İqtisadi Birliyinə üzvlükdən imtina etməz. Rəsmi İrəvan sammitdə iştirak edən prezidentlərin “erməni soyqırımı” abidəsini kollektiv şəkildə ziyarət etməsini istəyəcək. İran prezidenti Ermənistana səfəri zamanı həmin abidəni ayrılıqda ziyarət edərsə, bu Türkiyədə və Azərbaycanda xoş qarşılanmayacaq. Türkiyə və Azərbaycan İranla iqtisadi əməkdaşlığın genişlənməsinin və ortaq layihələrin reallaşmasının tərəfdarıdırlar. Ermənistan Türkiyə və Azərbaycana düşmən olan dövlətdir. Bu baxımdan, rəsmi Tehran qonşularla münasibətlərdə bu amili nəzərə almalıdır”.

Paylaş: