Şb. Sen 21st, 2019

Tələbə qızlar təhsil haqqından AZAD OLUNSUN – Təklif GÜNDƏMDƏDİR

Savadlı qadın, savadlı gələcəyin əsasıdır. Gələcəyin analarının təhsil alması ölkə inkişafının da sürətlənməsinə səbəb olar.

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu cür fikirləşən şəxslərdəndir. Deputat yerli mediaya son müsahibəsində dövlət büdcəsindən bu məsələ istiqamətində xərclənməsi üçün 100 milyon ayrılmalı olduğunu bildirib:

“Ali məktəb tələbələrinin 46 faizini, yəni 75 min nəfərini qızlar təşkil edir. Onların əksəriyyəti yüksək bal yığıb ödənişsiz təhsil alanlardır. Onu da xatırladım ki, bu il təhsil xərcləri üçün büdcədən 2 milyard 285 milyon manat vəsait ayrılıb. Odur ki, fikrimcə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud, 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün və problem öz həllini tapmış olar. Çünki biz qızlarımızın oxumasına çox ciddi önəm verməsək, gələcəkdə bizim savadlı və sağlam nəslimiz olmayacaq. Həm də millətin inkişafı, cəmiyyətin inkişafı qadının tərəqqisindən, qadının inkişafından asılıdır”.

Təklif kifayət qədər maraqlı və iddialıdır. Bu fikir sosial şəbəkələrdə və ictimaiyyətdə səs-küyə səbəb olub. Sadə vətəndaşlar bu təklifi qəbul edib və alqışlayır. Bəs görəsən, ziyalı təbəqə Musa Quliyevin fikirləri ilə razılaşırmı? Qızlar təhsil haqqını ödəməkdən azad olmalıdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa həmkarının fikirlərini dəstəklədiyini bildirib:

“Musa bəyin dediklərində həqiqət var. Onun təklifini dəstəkləyirik və əlimizdən gələni edəcəyik ki, bu yöndə işlər görülsün. Belə bir qanun layihəsinin qəbul olunması üçün Milli Məclisdə təklif irəli sürəcəyik. Əgər həmkarlarımız da bizimlə həmfikir olsalar, qanun layihəsi kimi həyata keçirə bilərik”.

Fazil Mustafadan fərqli olaraq təhsil eksperti Kamran Əsədov xanımlar üçün təhsil haqqının ödənişsiz olmasının əleyhinədir:

“Cənab prezident İlham Əliyev öz sərəncamları ilə təhsilə olan diqqət və qayğısını göstərir. Onun qərarı ilə ümumi ödənişsiz təhsil yerlərinin sayı 21 minə çatdırılıb. Bu da ötən illərə nisbətdə 45 faiz artım deməkdir. Say etibarı olaraq, bu, kifayət qədər yüksək rəqəmdir. Hazırdı yüksək, orta, hətta aşağı bal yığan şəxslər də ödənişsiz təhsil almaq imkanına malikdirlər. Fikrimcə, xanımların təhsil haqqını ödəməsinin yerinə əlavə tədris mərkəzləri açılsa, daha yaxşı olar. Məsələn, bölgələrdə ali təhsil ocaqları, peşə məktəbləri və kolleclər fəaliyyət göstərməlidir. Büdcədən maliyyə ayrılacaqsa, bu istiqamətdə xərclənilsə, daha yaxşı olar. Bu qərar həmçinin sosial ədalətsizliyə də səbəb ola bilər. Ondansa, oğlanların müəllimlik ixtisası seçməsi yönündə təbliğatı işlər görülməlidir. Statistika göstərir ki, burada çox böyük problemlər var. Bu gələcəkdə böyük fəsadlara yol aça bilər.

Ümumilikdə ödənişsiz təhsil alan tələbələrin sayında azlıq hiss olunmur. Xanımların təhsil haqqında azad olunması yaxşı fikirdir, amma digər yöndə işlər görülsə, daha məqsədə uyğun olar”.

Paylaş: