C. Dek 6th, 2019

“Tiflisdə 40 minə yaxın azərbaycanlının assimilyasiya olmaq təhlükəsi var” – Kamran Ramazanlı

Gürcüstan qanunvericiliyinə görə, məcburi təqaüdə göndərilmə yoxdur. İnsanın gücü nə qədər çatarsa, o yaşadək də işləyə bilər.

Turkustan.info bildirir ki, Gürcüstanda yaşayan azərbaycanlıların Cebhe.info-ya verdiyi məlumata görə, hökumət Azərbaycan dilində olan məktəblərdə işləyən yaşlı müəllimləri təqaüdə göndərmək istəyir. Hökumət bunun üçün təklif edib ki, müəllimlərə 2 ilin maaşı verilsin və onlar könüllü təqaüdə getsinlər.

Bildirilir ki, hökumətin bu təklifi ilə razılaşmayanlardan imtahan götürüləcək ki, onların da əksəriyyəti gürcü dilini bilmədikləri üçün imtahandan kəsilmə ehtimalı çox yüksəkdir. Məlumata görə, müəllimləri əksəriyyəti 2 illik əməkhaqqı təklifini qəbul edib təqaüdə çıxmaqla razılaşıb. Yəni 15-20 min lari alıb işdən çıxıblar. Məktəblərdə müəllim çatışmazlığı yaranıb. Demək olar ki, bütün fənlərdən müəllim qıtlığı var. Elə məktəb var ki, müəyyən fənlərdən heç bir nəfər də müəllim qalmayıb.

Güman olunur ki, əvvəlcə siniflər, sonra da məktəblər birləşdiriləcək. Məqsəd də budur ki, Azərbaycan dilli təhsili aradan çıxarılsın və yerini gürcü məktəbləri tutsun.

Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Soydaş” İctimai Birliyin təşkilat komitəsinin sədri Kamran Ramazanlı təhsillə bağlı Gürcüstanda vəziyyətin acınacaqlı olduğun deyib.

O, Gürcüstanda Azərbaycan dilli məktəblər üçün pedaqoji kadr hazırlayan təhsil müəssisəsinin olmadığını bildirib:

“1990-cı illərədək Gürcüstanda belə bir müəssisə vardı. Lakin sonradan həmin müəssisə fəaliyyətin dayandırdı. Azərbaycan-Gürcüstan təhsil sistemi arasında ciddi fərqlər olduğuna görə, burada hazırlanan kadrların orada işləməsi çox çətindir. Hazırda Gürcüstanda Azərbaycan dilli 117 məktəb fəaliyyət göstərir. 40 məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər başqa ixtisas sahibidir. Dövləti Pedaqoji Universitetlərin birində Azərbaycan dili və ədəbiyyat fənninin hazırlığı üçün 50 nəfərlik kvota ayrıla bilər. Hazırlıqdan keçmiş müəllimlər daha sonra qayıdıb Gürcüstanda tədris-təlim prosesi ilə məşğul olsunlar. Təəssüf ki, bu məsələ ilə bağlı müxtəlif bəyanatlar səsləndirilsə də, bugünədək kvota məsələsi reallaşmadı”.

Kamran Ramazanlı hesab edir ki, məsələnin köklü həlli üçün hər iki dövlətin birgə iştirakı ilə tədbir keçirilməlidir:

“Tiflisdə pedaqoji kadr hazırlığını həyata keçirən universitetlərin birində Azərbaycan dili bölməsi açılmalıdır. Əgər bu baş tutmayacaqsa, məsələ də həll olmayacaq. Tiflis ətrafında yaşayan 40 minə yaxın soydaşımızın assimilyasiya olmaq təhlükəsi var. Tiflis ətrafında yaşayan 40 min soydaşımız orta məktəblərdə gürcü dilində təhsil alır. Bu gün həmin soydaşlarımız milli tarixindən, ədəbiyyatından xəbərsizdirlər. Gürcüstandakı soydaşlarımız Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvini inqilabçı kimi tanıyır. Bu tale Borçalını da gözləyir. Bir millətin dili, təhsili olmayacaqsa, o millətin gələcəyindən danışmaq qeyri-mümkündür. 

Gürcüstanın təhsil naziri və müavini iyul ayında məktəb direktorları ilə görüşdə islahat apardığı barədə fikir səsləndirib. Nazir bu səbəbdən də təqaüd yaşına çatmış müəllimlərin 2 illik müavinətlərini alıb məktəbdən gedə biləcəyini açıqlamışdı. Bunu normal islahat kimi qəbul etmək olar. Bu islahatın nə gürcü, nə də erməni məktəbləri üçün problemi yoxdur. Qeyri-rəsmi məlumatlara görə, Ermənistan erməni dili və ədəbiyyatı üzrə kadrları hazırlayıb Gürcüstana göndərir. Amma bu islahatın Azərbaycan məktəbləri üçün zərbəsi böyükdür. Hazırda Gürcüstandakı 117 Azərbaycan məktəbi üzrə 3628 milli kadr var. Bu 3628 müəllimin 80 faizi təqaüdçü və ya təqaüd yaşına çatıbdır. Bu islahat davam edərsə, yaxın 2-3 il ərzində 117 məktəbdən 50-si qalacaq, müəllimlərin sayı da 1700-1600-ə enəcək. Bu, böyük bir faciənin anonsudur. Məsələ ilə bağlı yazılı şəkildə Azərbaycan Təhsil Nazirliyinə, Diaspora Komitəsinə dəfələrlə müraciət etmişik. Təəssüf ki, bu günə qədər adıçəkilən qurumlar müraciətlərə reaksiya vermədi. Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan məktəblərinə dərslik göndərməklə işini bitmiş hesab etməsin. Bəs, dərslik göndərməkdən başqa hansı tədbirlər görülür? 

Ümumiyyətlə, danışıqlar gedirmi, gedirsə, hansı mərhələdədir bununla bağlı məlumat yoxdur. 500 min insanı taleyin ümidinə buraxmaq kimlərin işinə yarayır, bəlli deyil?!”.    /Cebhe.info/

Paylaş: