Be. Sen 16th, 2019

Varlanmaq istəyənlər torpaqlarını birləşdirməli olacaqlar

Ekspert: “Daha çox subsidiya almaq istəyən, daha rentabelli iqtisadi fəaliyyət göstərmək istəyən kəndlilərimiz kooperasiyalarda birləşməli olacaqlar”

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların konsolidasiyası üzrə milli strategiyanın və torpaqların konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirib.

Turkustan.info xəbər verir ki, layihənin nəticəsi olaraq Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramı, Milli Strategiya və “Kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi haqqında” qanun layihəsi hazırlanaraq müzakirə və uyğunlaşma üçün hökumətə təqdim edilib.Kooperasiyaların yaradılması ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, hazırda iki istiqamətdə təşkilatlanma gedir: “Birincisi, istehsalçıların assosiasiyalarda birləşdirilməsidir. Bu, istehsalçıların bazara, dövlət orqanlarına çıxışını stimullaşdıracaq. İkinci istiqamət isə regionlarda 1 hektardan 3 hektaradək olan torpaqların kooperasiyalarda birləşdirilməsidir. Bu, çox uzun bir prosesdir və mürəkkəb mexanizm var. Burada əvvəlcə kooperasiya modelləri tapılmalıdır. Çünki bizdə regional amillərə görə ixtisaslaşma müxtəlifdir. Məsələn, Şamaxıda daha çox üzümçülük, Beyləqanda daha çox heyvandarlıq yayılıb. Hazırda bu ixtisaslar üzrə xırda-xırda kooperasiyaların yaranması prosesi aparılır. Sonra bu kooperasiyalar rayon prizmasında, region prizmasında təşkilatlanmalıdır”.

Onun sözlərinə görə, bu, qaçılmaz bir prosesdir: “Artıq “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilib. Bu, 2020-ci ildən zəruri bir mexanizm olaraq qarşımıza çıxacaq. Çünki daha çox subsidiya almaq istəyən, daha rentabelli iqtisadi fəaliyyət göstərmək istəyən kəndlilərimiz kooperasiyalarda birləşməli olacaqlar. Bunun üçün zəruri amillər var. Belə ki, bu gün 1-3 hektar arasında olan torpaqlardan səmərəli istifadə ürəkaçan səviyyədə deyil. İkincisi, fermer həmin torpaqlardan heç nə qazana bilmir, 1-2 hektarda iqtisadi fəaliyyət qurmaq mümkün deyil. Üçüncüsü, bu gün regionlarda resurslar dağılmış vəziyyətdədir. Bu sahədə faydalı fəaliyyət qurmaq üçün kooperasiyalarda birləşmək qaçılmaz məsələdir”.

O deyib ki, dövlət fermerlərə kooperasiyalarda birləşmək ilə bağlı 2 istiqamətdə dəstək verir: “Birincisi, kooperasiyalar 2020-ci ildən başlayaraq 10 faiz daha çox subsidiya ala biləcəklər. Yəni fermerlər 50 hektarın üzərində birləşərsə, onlar 10 faiz daha çox subsidiya alacaqlar. İkincisi, kooperasiyalar dövlətdən, iri şirkətlərdən sifarişlər ala bilərlər. Hazırda bu təcrübə Sabirabad rayonunda həyata keçirilir. Artıq Sabirabadda yaradılmış kooperasiya toxum istehsalı ilə bağlı kənardan sifarişlər götürür. Bu da kooperasiyaların bazarlara çıxışına, ölkədə tədarük sisteminin qurulmasına ciddi təkan verə bilər. Məsələn, supermarketlərdə yerli məhsullar azlıq təşkil edir. Biz nail olmalıyıq ki, supermarketlər birbaşa kooperasiyalara sifarişlərini versinlər. Beləcə, həm vəsait ölkədə qalacaq, həm də regionlarda iqtisadi fəaliyyət stimullaşacaq”.

Ekspertin fikrincə, kooperasiyada birləşmə asan məsələ deyil: “Bu sahədə ciddi maarifləndirmə işləri aparılmalıdır. Sabirabadda, Qaxda artıq 4-5 istiqamət üzrə ixtisaslaşmış kooperasiya qurulub. Dövlət həmin kooperasiyaların infrastruktur layihələrini həyata keçirib, yol, işıq çəkilib, kanallar qurulub və s. Digər tərəfdən, subsidiya və güzəştli kredit dəstəyi olacaq. Əgər fermerlər birləşsələr, öz markaları ilə birbaşa bazara məhsul çıxarda biləcəklər. İnfrastruktur xərclərini dövlət üzərinə götürür. Fermerlərə subsidiyalar daha çox veriləcək. Daha rahat şəkildə texnikaları əldə edə biləcəklər. Fermerlər kooperasiyalarda birləşsələr, bütün bu üstünlükləri əldə edəcəklər”.

“Kooperasiyada birləşəndə hər bir fermer öz əmlakı, texnikası üzərində hüququnu qoruyur və birgə fəaliyyət həyata keçirir. Burada kiminsə əmlakını almaqdan söhbət getmir. Bu, birgə iqtisadi fəaliyyətdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, nazirliyin məlumatına görə, sözügedən layihənin ilkin mərhələsində Salyan rayonunun Şorsulu kəndi pilot ərazi kimi seçilərək burada texniki-iqtisadi əsaslandırma aparılıb.

 Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılıb. Fermerlərin 88%-i torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tədqiqatın nəticələrinə əsasən, pilot kənd üçün torpaqların yenidən bölüşdürülmə planı tərtib edilib. “Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqqında” qanun qəbul edildikdən sonra bu proses tam yekunlaşdırılıb həyata keçirilə bilər və yeni torpaq sahələri qeydiyyata alına bilər.

Qeyd edək ki, 2016-cı ildə qüvvəyə minən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna görə, kənd təsərrüfatı kooperasiyası – kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların ittifaqları vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyətdir.    /sputnik.az/

Paylaş: