Ç. Noy 20th, 2019

“İpək Yolu qloballaşmanın ilk nümunələrindəndir” – Azay Quliyev beynəlxalq konfransda çıxış etdi

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Qrupun İsveçrənin Andermatt şəhərində keçirilən “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı III Beynəlxalq Konfransda açılış nitqi ilə çıxış edib.
Azay Quliyev İsveçrənin Xarici İşlər Naziri İqnasio Kassisə, Dünya İqtisadi Forumunu təmsil edən Alois Zvingiyə, Avropa Yenidənqurma və İnkişaf Bankından Remigi Vinzapa, UBS Group AG-nin nümayəndəsi Serxio Ermottiyə və Çin Xalq Respublikasının İsveçrədəki səfiri Venqbin Genqə İpək Yoluna Dəstək Qrupunun 3-cü Beynəlxalq Konfransında iştirak etdiklərinə və açılış sessiyasındakı məruzələrinə görə təşəkkürünü bildirib.
Qrupun sədri Azay Quliyev deyib ki, konfransda təkcə parlamentlərdən deyil, həm də çoxölçülü beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində çalışan dövlət qurumlarından, Dünya İqtisadi Forumu və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlardan və özəl şirkətlərdən nümayəndələri görmək çox xoşdur. Bu təşkilatların hər birinin nümayəndələri konfransın müxtəlif panellərində çıxış edəcək. Bu böyük təcrübədir və biz Qrupun fəaliyyətinin bu aspektinə, yəni hökumət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə daha çox diqqət yetirməliyik.
Azay Quliyev bildirib ki, 2 ildən çoxdur ki, fəaliyyət göstərən ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu hazırda ATƏT PA-ya üzv olan 25 ölkəni bir araya gətirir. Daha 3 nümayəndə heyəti Qrupa üzv olmaq barədə istəyini ifadə edib: “Mən məmnuniyyətlə bildirirəm ki, hətta bəzi ATƏT PA üzvü olmayan dövlətlər də bizim işimizə qoşulmağa maraq göstəriblər, amma hazırda biz qeyri-ATƏT dövlətlərini üzv qismində qəbul edə bilmirik. Lakin, fikrimcə həmin ölkələri assosiativ və ya tərəfdaş üzv etmək üçün Assambleyamızda mövcud olan təcrübəyə uyğun olaraq Əsasnaməmizə müvafiq dəyişiklik edə bilərik. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ nəzərdən keçirilə bilər.
Azay Quliyev: İpək Yoluna Dəstək Qrupu üzv ölkələrin maraqlarını təbliğ edən çoxmillətli platformadır
Eyni zamanda, Qrupa üzv dövlətlərin tədbirlərin keçirilməsinə böyük marağını da qeyd etmək istərdim. Bildiyiniz kimi, müntəzəm görüşlərimizlə yanaşı Avstriyada əlavə tədbir, 2018-ci ilin mart ayında Bakı şəhərində Qrupun 1-ci Beynəlxalq Konfransı, cari ilin aprel ayında isə Belarus Respublikasında Qrupun 2-ci Beynəlxalq Konfransını keçirdik”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, cari ilin iyul ayında Lüksemburqdakı görüşdə Türkiyənin müraciətini nəzərə alaraq Qrupun 4-cü Beynəlxalq Konfransını 2020-ci ilin aprelində İstanbulda keçirmək qərarına gəlib. Bütün qeyd olunan faktlar İpək Yolunun canlandırılması ideyasına marağın yüksək olduğunu göstərir: “Bugünkü beynəlxalq konfrans artıq səsləndirilmiş təkliflərin baxılması və onların həyata keçirilməsinin izlənilməsi, eləcə də gələcək fəaliyyətimizlə bağlı vacib qərarlar qəbul etmək üçün mükəmməl bir fürsətdir. Tədbirin mövzusunu nəzərə alaraq, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün hansı tədbirlərin görülməsinin məqsədəmüvafiq olmasını müzakirə edə bilərik”.
Azay Quliyev vurğulayıb ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bir ölkənin və ya layihənin maraqlarına xidmət etmir. Qrup bütün üzv ölkələrin maraqlarını təbliğ etmək məqsədinə xidmət edən çoxmillətli platformadır: “Tarix boyu İpək Yolunun sadəcə adi bir tranzit yolu olmaması, gündəlik həyatımızın bir çox tərəfini formalaşdıran böyük iqtisadi, sosial və humanitar bir fenomen olması heç kimə sirr deyil. İpək Yolu qloballaşma prosesinin ilk nümunələrindən biri də adlandırıla bilər.
İpək Yolu birlik deməkdir. İpək yolu Şərqlə Qərb arasında sivilizasiyalararası dialoq deməkdir.
Azay Quliyev: İpək Yoluna Dəstək Qrupu üzv ölkələrin maraqlarını təbliğ edən çoxmillətli platformadır
“İpək Yolu qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq deməkdir”
ATƏT PA-nın vitse-prezidenti çıxışında Qrupunun bundan sonrakı fəaliyyətində daha çox yer ayrılmalı olan istiqamətlər barədə fikirlərini bölüşüb: “Birincisi, biz hökumət qurumları ilə özəl sektor arasında daha da təkmilləşmiş və hərtərəfli dialoqu stimullaşdırmaqda davam etməliyik. Biz bu gün Andermattda parlament, hökumət və özəl sektorun üçtərəfli dialoqu üçün uğurlu bir təməl qurmuşuq. İndi düşünmək lazımdır ki, bu dialoqu inkişaf etdirərək onu necə səmərəli əməkdaşlığa çevirə bilərik. Buna görə fikrimcə Qrupun əsas prioritetlərindən biri üzv ölkələr arasında həm milli, həm də beynəlxalq səviyyədə bütün maraqlı tərəfləri cəlb edə biləcək konkret iqtisadi əməkdaşlıq proqramlarının tərtib edilməsi olmalıdır. Beləliklə, mənim mesajım və istəyim növbəti Konfranslarımızın ev sahiblərinin bu barədə düşünmələri və bu mövzuda uyğun fikir və təkliflərin irəli sürmələri barədədir.
İkincisi, SRG təkmilləşdirilmiş parlament nəzarəti üçün əla bir vasitədir və biz bu Qrupun yaratdığı imkanlardan tam istifadə etməliyik.
Bugünkü mövzumuzu nəzərə alaraq Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün hökumət və özəl sektor səviyyəsində görülən işləri müzakirə edəcəyik. Bu da parlament nəzarətinin parlaq nümunəsi qismində nəzərdən keçirilə bilər, çünki biz həm uğurlu modelləri, həm də problemləri müzakirə edəcəyik. Bu isə öz növbəsində gündəmdə olan bütün problemli məsələlərin və maneələrin rasional şəkildə aradan qaldırılmasına yönəlmiş addımları müzakirə etmək və həyata keçirmək üçün bizə imkan yaradır. Bununla bərabər, Qrupun daha effektiv parlament nəzarəti üçün digər mexanizmləri işə salmasına ehtiyac var. Bu mexanizmlərdən biri hökumətlərin Minilliyin İnkişaf Məqsədlərinin necə həyata keçirmələri, dayanıqlı inkişaf və Qrup tərəfindən seçilmiş digər vacib mövzular barədə xüsusi dinləmələr ola bilər.
Üçüncüsü, biz ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun məqsəd və missiyalarının daim təbliğini davam etdirməliyik.
Əminəm ki, nəqliyyat və logistikanın sadələşdirilməsi Qrupun əsas prioritetlərdən biri olmalıdır. Malların tranziti, logistika və tariflər üzrə ölkələrimizin qanunvericiliyini və prosedurlarını təhlil etmək üçün mütəxəssislər qrupu yarada və ya xüsusi bir məruzəçi təyin edə bilərik. Düşünürəm ki, mövcud və ya fəaliyyət göstərən ipək yollarının potensialı, iştirakçı dövlətlərin fərdi maraqları və ölkələrin maraqları arasında ziddiyyət təşkil etməyən sahələr haqqında dəqiq bir təsəvvürümüz olmalıdır. Bu təhlil və ya hesabat bütün İpək Yollarının mövcud zəif və üstün cəhətlərini, eləcə də qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq yollarını müəyyən etməyə yardım edə bilər. Məsələ ilə bağlı dərin təhlil apardıqdan sonra biz, millət vəkilləri olaraq ölkələrimizin iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə dövlət qanunvericiliklərinin müvafiq müddəalarının və prosedurlarımızın inteqrasiyası barədə hökumətlərimizə və parlamentlərimizə müvafiq tövsiyyələr verə bilərik”.
Qeyd edək ki, beynəlxalq konfrans sentyabrın 7-dək öz işini davam etdirəcək.

Paylaş: