Bz. Sen 22nd, 2019

Ölkədə silsilə qətllər: Psixoloq həyəcan təbili çaldı

Son vaxtlar gənclər arasında qanlı olayların, bıçaqlanma, hətta güllələnmə hadisələrinin yaşanmasına tez-tez rast gəlinir. Bu cinayətlərin bir çoxu ölümlə nəticələnir. Ekspertlər bunun təhlükəli tendensiya olduğunu və qarşısının alınması gərəkdiyini bildirirlər.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Gülnar Orucova vurğulayıb ki, cinayət törədən və yaxud buna cəhd edən gənclər, yeniyetmələr bir çox hallarda öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək və onların etimadını qazanmaq üçün bu addımı atır:

“Günümüzdə yeniyetmə və gənclər arasında aqressiya və təcavüzkarlığa meyillilik hallarının artdığına şahid oluruq. Bu halların artmasının əsas səbəbləri sosial şəbəkələr, televiziyalarda yayımlanan kriminal hadisələr, müxtəlif filmlər olmaqla yanaşı, məktəblərdə psixoloqların az olmasıdır. Bütün bu hallar gənclər arasında kriminal həyata marağın artmasına səbəb olur.

Əslində, bu problemlər ailə ilə bağlı olan bir məsələdir. Əvvəlki illərə nəzər salsaq görərik ki, ailədə mübahisələrin, bir-birinə qarşı zorakılıq hallarının sayı daha az idi. Bir uşaq evdə ancaq söz-söhbət, dava-dalaş görürsə, bunu böyüdükcə ətrafında olan şəxslər üzərində göstərməyə başlayır. Çünki uşaq beyni belə travmaları unutmur və illər keçdikcə bu, onda daha çox artır. Düzdür, aqressiya, əsəb, səbirsizlik hər kəsdə olan bir problemdir, lakin təəssüf ki, bu problemləri uşaqlara da ötürürük və bu da onların psixologiyasına çox ciddi təsir edir. Bütün bu sadalanan məsələlər gənclərin cinayət törətməsinə və ya buna cəhd etməsinə gətirib çıxarır”.

Psixoloq belə halların qarşısının alınması üçün xüsusi psixoloji seminarların keçirilməsinin vacib olduğunu bildirib:

“Hesab edirəm ki, orta və ali məktəblərdə gənclər arasında maarifləndirmə işləri aparmaq çox vacib məsələdir. Bunun üçün xüsusi seminarlar təşkil olunmalı, gənclərin zorakılığa meyilliliyi azaldılmalıdır. Düşünürəm ki, bu işdə valideynlərdə maraqlı olmalı və psixoloqlarla sıx əlaqə qurulmalıdır”.

Paylaş: