Ca. Dek 5th, 2019

AZƏRBAYCANDA İLK: Sənaye məqsədli meşələr ölkəyə nə verəcək?

Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır. 

Bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə olunsun. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov mətbuata açıqlamasında bildirib ki, meşə təsərrüfatından sənaye məqsədlərilə istifadə üçün yaxın perspektivdə bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub:

“Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.

Qeyd edək ki, ölkəmizdə sənaye əhəmiyyətli meşələrin salınması bir neçə istiqamətdə səmərəli hesab olunur. Hesab olunur ki, iqtisadi səmərədən başqa bunun ekologiyaya təsiri ola bilər, o cümlədən ölkəmizin meşə fondunun qorunub saxlanılmasında müsbət rol oynaya bilər. Xatırladaq ki, ölkəmizdə idxaldan asılı olan ağac məmulatlarının qiyməti bahadır. Yerli istehsal olarsa, bu cür məmulatların qiymətlərində də ucuzlaşmanın baş verməsi mümkündür.

Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, layihə fermerlərin fərdi torpaqlarında nəzərdə tutulur ki, həmin torpaqlar üçün hər hansı icarə haqqının ödənilməməsi baxımından bu səmərəli sayılır:

“Burada tez yetişən ağac cinslərinin istifadəsindən söhbət gedir. 5, 8, 10 il müddətində yetişən ağac cinsləri var. Həmin ağaclar kəsildikdən sonra ağac emalı müəssisələrinə verilir. Bu da ağac emalı sənayesinin inkişafında mühüm rol oynaya bilər. Bununla ağac məhsullarının idxalının azaldılması mümkündür, bura xərclənən vəsait isə ölkədə qalmış olur. Bu ağaclar hər yerdə bitir. Bizdə türk, adi, karat qovaqlarının əkilməsi təcrübəsi var. Bu ağaclar 3-5 il ərzində hündürlük dərəcəsini götürə bilir”

Bu işdə dövlətin fermerlərə maliyyə dəstəyi göstərməsi nəzərdə tutulurmu? Ağaqardaş Qaraşov bildirib ki, bu layihənin dövlət tərəfindən deyil, fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulur:

“Torpaqlar vətəndaşlara, şirkətlərə, bələdiyyələrə məxsusdur. Bu könüllü formada həyata keçirilir. Əkin prosesində kreditin götürülməsi və ya hansısa güzəştlərdən istifadə olunması onların işidir. Məlumdur ki, meyvə bağlarının, əkin sahələrinin salınması üçün kreditlər verilir. Yəqin ki, bu sahəyə də ayrılar. İş adamları, fermerlər bizə müraciət edərlərsə, biz onlara kömək etməyə hazırıq. Mütəxəssislərimiz onlara bilgi verə, ağac növünün seçilməsində yardım edə bilərlər”. 

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə, iqtisadiyyatın istənilən istiqamətdə şaxələndirilməsi müsbət addımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sənayenin inkişafı ilə bağlı sahibkarlara tövsiyə xarakterli çağırışını müsbət qiymətləndirən iqtisadçı deyir ki, sahibkarlar tərəfindən də bu təkliflə bağlı tədqiqatın aparılması vacibdir:

“Sahibkarlar düşünsünlər, hesablasınlar, tədqiqat aparsınlar ki, biznesin bu növünə başlamaq olar, yoxsa yox. Azərbaycanda bu sahənin səmərə verib-verməyəcəyi sual altındadır. Hesab edirəm ki, özəl şirkətlər hesabına həyata keçirilsə və səmərəli sahə olaraq qiymətləndirilib, inkişaf etdirilməsi müsbət haldır.  Amma bu cür qeyri-ənənəvi sahələrin dövlət hesabına maliyyələşdirilməsinin tam əleyhinəyəm”.

Bununla belə, Akif Nəsirlinin fikrincə, Azərbaycan kimi məhdud torpaq sahəsinə malik ölkədə sənaye məqsədli meşələrin salınması məqsədəuyğun deyil:

“Azərbaycanın heç də bütün ərazilərində ağacların sürətlə böyüməsi üçün iqlim şəraiti yoxdur. Tez böyüyən ağaclar da o biri ağacların böyüməsi üçün iqlim şəraiti olan ərazilərdə yetişir. Məsələn, Mil, Muğan regionunda hər hansı bir ağacın böyüməsi üçün ən azı 5 il vaxt lazımdır. Bu mənim ilkin fikrimdir, amma qərarı qəbul edən sahibkar bu istiqamətdə tədqiqat aparıb, sonda öz qərarını verəcək”.    /Cebhe.info/

Paylaş: