Ça. Sen 17th, 2019

CHP-nin İstanbul başqanı: kimdir, niyə həbs edildi?

Türkiyənin müxalif Cümhuriyyət və Xalq Partiyasının (CHP) İstanbul üzrə rəhbəri Canan Kaftancıoğlunun həbsi onun qalmaqallı kimliyini yenidən gündəmə gətirib.

1972-ci ildə Ordu şəhərində dünyaya gələn Kaftancıoğlu ilk təhsilini doğma şəhərində alıb. 1995-ci ildə isə İstanbul Tibb fakültəsinin məzunu olub. Sivas Suşəhri Dövlət Xəstəxanasında təcili tibbi yardım xidmətində həkim olaraq çalışıb.

Həmin vaxtdan Kaftancıoğlu müxtəlif dərnək və sivil təşkilatlarda təmsil olunmağa başlayıb. Türkiyənin yaxın tarixində baş vermiş məchul cinayətlərdən bəhs edən “Mənim atam bir qəhrəman idi” kitabı isə onu cəmiyyətdə xeyli məşhurlaşdırıb.

Mətbuatda 100-dən çox məqaləsi və analitik yazıları çap olunub. O, 2011-2012-ci illərdə CHP-nin İstanbul təşkilatı rəhbərinin İctimai əlaqələr və mədəniyyət sahəsi üzrə müavini, 2012-2014-cü illərdə isə sədrin müşaviri, mediadan məsul müavini olaraq çalışıb. Daha sonra isə CHP-nin İstanbul təşkilatının sədri seçilib.

Son illərdə sosial şəbəkə hesablarında, xüsusən Tvitterdə ictimai fikrə zidd paylaşımları ilə gündəmə gəlib. Xüsusən, 15 iyul 2016-cı ildə çevriliş cəhdinin qarşısını alan türk xalqını İŞİD-lə eyniləşdirməsi cəhdi, Gəzi və Kobani olaylarına dəstək ifadə etməsi, HDP-yə rəğbəti, qondarma erməni soyqırımı ilə bağlı skandal paylaşımı ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb, hətta bəzən qəzəb dolu şərhlərə də səbəb olub. Belə ki, 2013-cü ildə tvitlərindən birində Kaftancıoğlunun qondarma erməni soyqırımı ilə bağlı cümləsi kəskin etirazlara gətirib çıxarmışdı. O, 24 aprel 1915 olaylarına işarə edərək “23 apreldən sonrakı gün nə idi? Bilmək istəyənlər üçün ipucu: 1915” deyə tvit atıb. CHP-çi xanım bu paylaşımı ilə eyni zamanda 23 apreldə qeyd edilən Türkiyənin Milli Suverenlik və Uşaq bayramını lağ obyektinə çevirib.

Qeyd edək ki, Canan Kaftancıoğlu sosial şəbəkələrdəki bu cür qanunazidd paylaşımlarına görə bu gün 9 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. (axar.az)

Paylaş: