Bz. Sen 15th, 2019

Siyavuş Novruzov HANSI EKS-NAZİRLƏRİ HƏDƏLƏYİB? – YAP Siyasi Şurasının üzvü olan sabiq nazirlər kimlərdir? – ADLAR

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sabiq nazirləri hədələməsi aydın səmada ildırım effekti yaradıb.

S. Novruzov bəyan edib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər. “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.

YAP rəsmisi hətta etiraf edib ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub: “Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!”-deyə YAP rəsmisi xəbərdarlıq edib.

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin onun masası üzərində olduğunu deyərək şok ittiham irəli sürüb: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”. YAP rəsmisi daha sonra bəyan edib: “Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”. S. Novruzov hətta YAP rəhbərliyində də bu şəxslərin olduğunu etriaf edib: “Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var.

Kifayət qədər ciddi və sərt  şəkildə fikrini ifadə edən hakim partiya nümayəndəsinin hədəfi kimlərdir?

Azpost.info son illərdə vəzifədən azad edilmiş sabiqlərin siyahısını müəyyənləşdirib.

Bunlar Baş nazir Artur Rəsizadə, sabiq iqtisadi inkişaf nazirləri Fərhad Əliyev, Heydər Babayev, Nəqliyyat naziri Ziya Məmmədov, Əmək  naziri Səlim Müslümov, təhsil naziri Misir Mərdanov, vergilər naziri Fazil Məmmədov, kənd təsərrfütı naziri İsmət Abbasov, Diaspora üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, müdaifə naziri Səfər Əbiyevdir.

Bunlarla yanaşı AZTV QSC-nin sabiq sədri Nizami Xudiyev də işdən azad edilib.

Bu şəxslərdən İsmət Abbasov və Hüseynqulu Bağırov YAP Siyasi Şurasının üzvləri, Nizami Xudiyev isə İdarə Heyətinin üzvüdür.

Uzun illər nazir postunu tutmuş Ziya Məmmədov, İsmət Abbasovla bağlı KİV-də daim tənqidi yazılar yazılıb.

Siyavuş Novruzov YAP-ın “ağır top”larından sayılır və partiya stajı onu belə siyasi bəyanatlar verməyə imkan yaradır. İndi hamını bir sual düşündürür? Bu sabiqlər kimlərdir? Bu dosyelərdə nələr var? (azpost.info)

Paylaş: