Be. Sen 16th, 2019

Azərbaycanda daşqın təhlükəsi – Yağışlar davam etsə, qaçılmaz olacaq

Azərbaycanda daşqın təhlükəsi gözlənilir.

Turkustan.info bildirir ki, bunu Oxu.Az-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi şura üzvü, coğrafiya elmlər doktoru Məhəmməd Abduyev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində yağıntılar davamlı olduğu halda daşqınların olması qaçılmazdır:

“Çayın qida mənbəyi ilk növbədə yağıntılardır. Atmosfer yağıntıları intensiv və leysan xarakterli olduğu zaman daşqınların olması da gözləniləndir. Daşqınlar, əsasən, Böyük Qafqazın cənub yamacında, şimal-şərq yamacında (Quba-Xaçmaz zonası), Qafqazın şimal-şərqində, Lənkəran çaylarında müşahidə edilə bilər.

Kür çayı üçün ən aşağı minimum səviyyə sentyabrda, Araz da isə avqustda olur.  Əksinə olaraq, Kürdə maksimum səviyyə apreldə, Arazda isə mayda qeydə alınır. Amma qısamüddətli intensiv yağıntıların düşməsi ilə əlaqədar Kürdə suyun səviyyəsinin qalxması müşahidə edilə bilər. Amma bu, davamlı deyil”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla, normanın 150 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 348 sm təşkil edib.

Paylaş: