Be. Sen 16th, 2019

ABŞ kəşfiyyatı Kremldəki superagentini necə qaçırıb? – Sensasiyalı əməliyyatın detalları

Iki gün əvvəl CNN telekanalı Ağ ev administrasiyasındakı mənbələrə istinadən Rusiyadan ABŞ-ın “olduqca qiymətli və çox yüksək rütbəli” agentinin evakuasiya edilməsi əməliyyatı barədə məlumat yayıb.

Telekanal bu məxfi əməliyyatın 2017-ci ildə yekunlaşdığını bildirir.

Mənbələr deyiblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyadan özünün ən qiymətli agentini prezident Donald Trampın Oval ofisdə Rusiya xarici işlər naziri Sergey Lavrovu və bu ölkənin Vaşinqtondakı o zamankı səfiri Sergey Kislyakı qəbul etməsindən sonra evakuasiya etməyi qərara alıb. Çünki həmin görüşdə Tramp ABŞ kəşfiyyatının olduqca məxfi informasiyasını Lavrova danışıb. Həmin məlumat İŞİD-in içərisindəki “Mossad” agenti tərəfindən ötürülmüşdü və ABŞ kəşfiyyatı onu hətta yaxın müttəfiqləri ilə də tam bölüşməmişdi.

Həmin görüşdən sonra Mərkəzi Kəşfiyyat Agentində narahat olmağa başlayıblar ki, prezident və onun administrasiyasının bəzi üzvləri Rusiyadakı qiymətli agentin ifşa edilməsinə səbəb ola bilərlər. Nəticədə həmin agentin Kremldən evakuasiyasına qərar verilib.

CNN bildirir ki, nəticədə ABŞ kəşfiyyatı özünün Rusiyadakı ən mühüm və qiymətli agentini itirib. Həmin agent Kreml administrasiyasında baş verənlər və prezident Putinin planları haqda qiymətli informasiyalar ötürürdü. Bildirilir ki, belə agentin hazırlanması uzun illər vaxt aparacaq, çünki Rusiyada təhlükəsizliyə dair tələblər çox yüksəkdir. Casusun evakuasiysının detalları, habelə onun şəxsiyyəti və indi harada olduğu barədə heç bir informasiya verilmir.

Mərkəzi Kəşfiyyat İdarəsindən isə bildiriblər ki, evakuasiya qərarı “baş verənlərin obyektiv təhlilinə” əsaslanırdı. Və qərarın prezidentin kəşfiyyatla münasibətlərinə görə verildiyini demək yanlışdır.

Bəs həmin superagentin kimliyi barədə hansı təxminlər var? Rusiya mətbuatı CNN-in xəbərinin ardınca diqqəti Prezident Administrasiyasının müəmmalı şəkildə yoxa çıxan əməkdaşı Oleq Smolenkova yönəldib. Çünki Smolenkovun yoxa çıxması ilə ABŞ agentinin evakuasiyası barədə deyilənlər xeyli uyğun gəlir.

Belə ki, 2017-ci ilin sentyabrnda “Daily Storm” nəşri Smolenkovun üç uşağı və arvadı ilə birlikdə Montenegroya məzuniyyətə getdiyini və oradan yoxa çıxdığını xəbər verib. Mənbələr bildiriblər ki, Smolenkovun yoxa çıxması ilə bağlı həmin ilin sentyabrında “qətl” maddəsi ilə cinayət işi qaldırılıb.

Smolenkov karyerası ərzində Rusiyanın ABŞ-dakı səfirliyində katib işləyib, habelə Rusiya hökumətinin aparatında vəzifə tutub. 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyevin sərəncamı ilə Smolenkova üçüncü dərəcəli dövlət müşaviri statusu verilib.

İstintaq müəyyən edib ki. 2017-ci il iyunun 14-də Smolenkovun ailəsi Moskvadakı mənzilini tərk edib. Oleq Smolenkovla birlikdə onun arvadı Antonina da Montenegroya yollanıb. Həmin vaxt məmurun arvadı uşağa baxmaq üçün məzuniyyətdə idi. Məlumata görə Antonina da məmur olub və Rusiya hökumətinin aparatında işləyib. Ər-arvad özləri ilə birlikdə üç uşaqlarını-iki və yeddi yaşlı qızlarını, 13 yaşlı oğullarını da aparıb.

Smolenkovun “yoxa çıxdığını” ancaq 2017-ci ilin iyul ayında, o heç bir izah vermədən işə çıxmayanda biliblər. Ona verilmiş üçüncü dərəcəli ədliyyə müşaviri rütbəsi general-mayor rütbəsinə uyğundur. Maraqlıdır ki, Smolenkov bu rütbəni iki dəfə alıb. 2008-ci ildə baş müşavir kimi (departament göstərilmədən) və 2010-cu ildə Rusiya hökumətinin hərbi-sənaye komissiyasının departamentinin referenti kimi. Həmin komissiya hərbi-sənaye sahəsində, ölkənin hərbi-texniki təchizatında, dövlətin təhlükəsizliyində və hüquq-mühafizə sahəsində dövlətin siyasətini həyata keçirir.

Smolenkovun yoxa çıxdığı haqda informasiya 2017-ci ilin sentyabrında yayılıb, o vaxt rəsmilər heç bir şərh verməyiblər. Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, təhqiqat “qətl” maddəsi üzrə yox, başqa maddə üzrə aparılır. Və bu məsələni “qurdalamamağı” məsləhət görüblər.

Təxmin edilir ki, Smolenkov MKİ-yə Rusiyanın hərbi-sənaye potensialı, yeni silahların işlənib hazırlanması və sınaqları barədə minlərlə məxfi sənədlər ötürə bilər. Hərçənd o heç vaxt xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyibmiş.

Oleq Smolenkov olduğu üzə çıxandan sonra jurnalistlər onun yerini də təsbit edə biliblər. “Kommersant” qəzeti “The Washington Post” nəşrinin saytında, daşınmaz əmlakın alqı-satqısı elanları bölməsində Virciniya ştatının Stefford şəhərində Oleq Smolenkov adlı şəxsin ev aldığı barədə məlumata rast gəlib.

Həmin məlumata əsasən sövdələşmə 2018-ci il iyunun 5-də baş tutub, daşınmaz əmlakın qiyməti 925 min dollara yaxındır.

Realtor.com saytı isə bildirir ki, evin sahəsi 760 kvadratmetrdir, 1.2 hektarlıq sahədə yerləşir. Malikanədə ayrıca vanna otaqlarına malik  yataq otağı, ev kinoteatrı və trenajor zalı var.

ABŞ məbuatı onu da yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi agentə evakuasiya təklif edəndə o əvvəlcə razılaşmayıb. Bu da ABŞ kəşfiyyatında onun ikili agent ola biləcəyi haqda şübhə yaradıb. Nəhayət bir neçə ay sonra agent evakuasiyaya razılıq verib.

Rusiyanın dövlət strukturlarındakı mənbələr isə ehtimal olunan agent Smolenkovun dövlət sirlərinə çıxışı imkanları haqda danışıblar. Bir mənbə deyib ki, o texniki işlə məşğul idi və amerikalılara hansısa qiymətli informasiya ötürə bilməzdi. “Ziddiyətli şaiyələrdən başqa”,-mənbə deyib.

Lakin digər mənbə Smolenkovun Rusiyanın ABŞ-dakı səfirliyində, Putinin indiki köməkçisi Yuri Uşakovun yanında işlədiyini, sonradan Moskvada da onunla birlikdə işləyib etimadını qazandığını deyir. Mənbə ehtmal edir ki, Smolenkov mühüm informasiyalara çıxış əldə edə bilərdi, çünki onun rəisinin Putinə birbaşa çıxışı olub. “Bu ciddi məsələdir”,-mənbə deyib. (virtualaz/org)

Paylaş: