Şb. Dek 14th, 2019

“Özbəkistanın bu quruma qoşulması onu göstərir ki…” – Arzu Nağıyevdən dəyərləndirmə

Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının bu günlərdə Bakıda keçirilən XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub.

Turkustan.info xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarını qəbul etdi və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi. Dövlətimizin başçısı iclas iştirakçılarına təbrik məktubu da ünvanladı. Təbrik məktubunda əsas məqamlara toxunan Prezident İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Prezident bir daha qardaş türkdilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün də xüsusi önəm kəsb etdiyini vurğuladı. Eyni zamanda, dövlət başçısı regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsindən bəhs etdi.

Politoloq qeyd edib ki, dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsi kimi, bu gün Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin edilməsində etibarlı tərəfdaş olaraq qəbul edilir.

A.Nağıyev vurğulayıb ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir: “Bu məqamlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də çıxışında öz əksini tapdı. Diqqəti cəlb edən məqamlardan biri də son iclaslarda müşahidəçi qismində iştirak edən Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinin konfransın daimi üzvü olması üçün müraciət etməsi oldu və bu da müsbət qarşılandı. Belə tədbirlərin təşkil edilməsi bir daha göstərir ki, bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından bu konfrans mühüm əhəmiyyətə malikdir”.

Xatırladaq ki, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşı iştirak edib.

Paylaş: