Ça. Noy 19th, 2019

Bizi Dildə, Fikirdə, İşdə bir görmək istəyən Qaspıralı

Məhəmməd İsrafiloğlu

11 sentyabr Türk Dünyasını Öncül Simalarından İsmayıl Bəy Qaspıralının anım günüdür. Bu mümtaz şəxsiyyətin qaranlıqları aydınlatmaq adına elm,maarif cəbhəsində verdiyi çabalar, mübarizəsinin pozitiv gücü ölçüyəgəlməzdir. İsmayıl Bəy olmasaydı Türk Dünyasının tarixi inanın miskin görsənərdi.
Çünki O bütün varlığıyla,ruhuyla, parlaq zəkasıyla,yılmayan mətin iradəsiylə miskin həyatı qəbul etmədi əksinə savadsızlığın, cəhalətin kor etdiyi qaranlıqları xoşbəxt gələcək qurmaq adına aydınladan bir şam oldu.Və ömrünü şam kimi bu kutlu yolda əritdi. Belə bir deyim var məşhur: “Xeyirxah əməllərlə anılmaq öldükdən sonra yaşanacaq ikinci bir ömürdür.”
İsmayıl bəy Qaspıralınln “Gün doğdu” romanında çox ibrətamiz və alleqorik bir ifadə var “ Quş uçar eşşək uçmaz”. Olduqca ilginc və sərrast bir təsbitdir.
Quşla eşşəyin bu müqayisəsindən doğan hikmət elmi dini fanatizmə, məktəbi mədrəsəyə(indiki imam hatiblərə,müasir mollaxanalara-M.İ) həqiqəti mifik nağıllara təslim edən toplumların suratına çəkilən Osmanlı tokatı (bizdə Həzrəti Abbas silləsi ifadəsi daha yayqındır-M.İ) yerinə keçər.”Atın qabağına ət,itin qabağına ot qoyulmuş” toplumlarda bu ifadə tərsinə işlər,yəni qısası və obrazlı desək eşşək «uçar» quş uçmaz.
Və istər istəməz bizi geriyə salan bu adətləşmiş törələşmiş şüraltımızın ən dərin qatlarına betonlanmış əxlaq qaydalarının dibinə endikcə Qərbin praqmatik,pozitiv elmləri özlərinin həyat standartına döndərən tükənməz enerjisinə, ruhuna əməlli başlı həsəd aparırsan. Qərb ruhu sükut nə olduğun bilmir, məntiqi təfəkkür və təcrübə onların bütün elmi, ictimai, iqtisadi dünyagörüşünün ta özülüdür. Yaşadıqları həyatın içindədirlər bütün pozitiv standartlarıyla. Şərq ruhu isə yaşamadığı, qeyri real ( axirət, cənnət, cəhənnəm və s.) aləmdən, peyğəmbər və imamlardan mədət umar, “mən bilməm Allah bilər” kimi heç bir hipotezi olmayan boşluqda çabalayar, çabalayar.
Bu zehniyyətdən doğan ədəbiyyat, fəlsəfə insanı müti yapar bütün pessimist əhval ruhiyyəsiylə…
İbn Xəldun(1332-1406) “Coğrafiya bir kaderdir” söylər.Günümüzdə pozitiv elmlərdən uzaq olub,toplumu diri tutmayan maarifdən,ədalətdən yoxsun həyat tərzi isə məncə ən böyük KƏDƏRDİR və eyni zamanda çox pis bir KADERDİR…
“Göydə Allah,yerdə padişah,hökumət,prezident” və s. kimi mütiik sindromu bütün müsəlman coğrafiyasında at oynadır.Məncə insanlar ədaləti Allaha ,Allahı ədalətə daşımalı ki bu “qorxudan” yararlanan din,dövlət yobazları,sui istifadəçiləri bir “sinif” kimi ləğv olunsun.
Və lap məsələyə yenə İ.Qaspıralının islamın ən “şəffaf”,saf,duru niyyətindən baxaq,bu möhtərəm zat deyirdi ki:” Ədalətsiz, insafsız bir müsəlmanın ağzına yüyən, başına noxta salıb, ədalətə bağlamaq şəriətə zidd deyil, əksinə, ona uyğundur («Zülm haradan gəlir»).
Amma cəmi müsəlman aləmində ədalətsiz və insafsız,azğın,zalım birinin ağzına yüyən,başına noxta keçirən şəriəti bu günümüzədək nə görən oldu nə də eşidən.
Və beləliklə zülmün gəldiyi yer məlum,sabah Günəşin doğmasıyla çantasını çiyninə salıb həmyaşlarıyla deyə-gülə məktəbə getmək əvəzinə on iki yaşlı bir uşağın “mən peyğəmbərimə gedirəm” deyib intihar edən nakam taleyinin qaranlığında gömülü bizim məmləkət…
Və bunda hamımız günahkarıq,toplumu və gül balaları aydınlığa heç cür çıxara bilməyən təhsil sitemimizdən tutmuş hər şeyimiz.Rəhmətlik Ömər Faiq Nemanzadə demişkən “ən böyük zalım məzlumdur.”
Qaranlıqdan qurtulmanın tək yolu işıqları yandırmaqdır.
Və sonda İsmayıl Bəy Qaspıralının hamımıza məşhir olan şüarı haqqında. Onun “Dildə,fikirdə,işdə birlik” düsturu ən böyük tapıntıdır Türk Dünyası adına.
Din birliyinin praktikası zatən olmadı heç zaman bizim üçün,əksinə bölücü,parçalayıcı tərəfləriylə dağıdıcı rol oynadığı aşikardır bu günümüzədək. Hələ Bütöv Türkçülük hərəkatının mərkəzi siması İsmayıl Bəy Qaspıralının Türk xalqlarını birləşdirməkdə “Dildə, fikirdə, işdə birlik” düsturu möhtəşəmdir əgər icraatı yapılarsa. Fikir verin hətta İsmayıl Bəy belə din birliyini önə çəkmir. Çünki Dil,mədəniyyət,tarix,coğrafiya birliyi,yaxınlığı ətrafında birləşməyin daha effektiv olduğu inancındaydı. Məsələn ərəblərlə bizim nə qədər din birliyimiz olsada mədəniyət,dil hətta bütün sosial-tarixi idrak prosesində belə çox fərqli düşüncə tərzinə sahibik. Hətta M.Ə.Rəsulzadə də 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında bu məsələylə bağlı mpvqeyini olduqca sərt və açıq şəəkildə ortalığa qoymuşdur: “Xristian milləti olmadığı kibi müsəlman milləti də yoxdur. İslam beynəlmçiliyyəti böyük bir evdir ki, içərisində türk, fars, ərəb və sair millətlərə məxsus bölmələr vardır. Ümumi evin təmiri, xaricdən hücuma qarşı müdafıəsi, elektrik tənviratı və sair cəhətbrə şərik olduqları halda türk, fars və ərəb millətləri öz bölmələrində, öz otaqlarında müstəqil və azaddırlar. Şərik həqqi yoxdur ki, türkün ev işinə müdaxilə etsin, öylə də türk fars evinin bəzəginə qarışmaz. Kim nasıl istərsə öz bənligi üzrə və öz bənliginə müvafiq gördügü kibi ötəsini bəzər, istirahətini təmin edər.”
Və 1400 ildir İttihadi İslam bağırır islam aləmi, amma yüz yetmiş yeddi bölücü təriqət çıxarıb bətnindən bu olmayan birliyin propoqandasını edə-edə. Və lap məsələyə yenə İ.Qaspıralının islamın ən “şəffaf”,saf,duru niyyətindən baxaq,bu möhtərəm zat deyirdi ki:” Ədalətsiz, insafsız bir müsəlmanın ağzına yüyən, başına noxta salıb, ədalətə bağlamaq şəriətə zidd deyil, əksinə, ona uyğundur («Zülm haradan gəlir»).
Amma cəmi müsəlman aləmində ədalətsiz və insafsız, azğın, zalım birinin ağzına yüyən, başına noxta keçirən şəriəti bu günümüzədək nə görən oldu nə də eşidən. Məncə çarəmiz İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” formulundadır. İşıqlar içində yatsın!

Paylaş: