C. Okt 18th, 2019

“Yarmarkaya gələ bilməyənlər onlayn bal sifariş verə biləcək” – Leyla Məmmədova yenilikləri açıqladı

“Fəaliyyətimizdə daim innovativ metodları tətbiq edirik. İlk dəfə olaraq bal yarmarkasında iştirakçıların qeydiyyatını onlayn həyata keçirdik. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və onlara məhsullarını gətirə biləcəyi vaxt barədə məlumat veriləcək. Bal nümunələri 13-24 sentyabr tarixində “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul olunacaq”.

Turkustan.info xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova söyləyib.

Yarmarkada satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində bu il ilk dəfə olaraq ştrix-kod olacağını deyən Leyla Məmmədova vətəndaşların bu kod vasitəsilə www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəyini qeyd edib. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək: “Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. İştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər”.

Bal yarmarkasında tətbiq edilən daha bir yenilik isə ondan ibarətdir ki, yarmarkaya gəlmək imkanı olmayan paytaxt sakinləri üçün yarmarka günlərində onlayn sifariş xidməti də təşkil olunacaq. Belə ki, vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq istədikləri məhsulu onlayn şəkildə sifariş verə, ödənişi isə öz ünvanlarında həyata keçirə biləcəklər.

Qeyd edək ki, 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək. 

 

Paylaş: