Ça. Sen 17th, 2019

“Carçı” Araşdırma Mərkəzi Türkiyə səfirliyinə müraciət etdi

Hörmətli Erkan Özoral!

Tam bir il öncə, Qafqaz İslam Ordusunun şəhidlərinin ölkəmizdəki əmanət məzarlarından bəhs edən kitabımı yekunlaşdırıb, Türkiyəyə getməyə hazırlaşırdım. Allahın yardımı ilə getdim və dostların dəstəyi ilə zəfərin 100-cü ildönümü günü həmin şəhidlərin komutanı Nuru Paşanın məzarı önündə  kitabın təntənəli təqdimatını keçirtdik.

Əminəm, yadınızdadır ki, İstanbuldan dönəndən sonra məni qəbul etdiniz, sizə və sizin vasitənizlə Cumhur Başqanı Rəcəb Tayyib Ərdoğana kitab hədiyyə etdim. Ən əsası həmin görüşdə bir çox məsələlərdən danışdıq. Həmçinin çox qısa da olsa kitabda yer alan bir məqamdan, Qafqaz İslam Ordusunun son yadigarı Novruz Dədədən danışmışdıq.

Təəssüflə qeyd edim ki, kitabda Novruz Dədə barədə yazdığım problem (məzarının üstü götürülməməsi) hələ də olduğu kimi qalır. Hesab edirəm ki, siz də Azərbaycanı xilasa gəlmiş Osmanlı zabitinin özü ilə gətirdiyi kiçik bir övladının, “Son Osmanlı” ləqəbini qazanmış Novruz Dədənin məzarının o halda olmasından məmnun deyilsiniz.

Bakı zəfərinin 101-ci ildönümü günündə (15.09.2019) Carçı Araşdırma Mərkəzi Novruz Dədənin məzarını ziyarət edəcək. Mərkəz olaraq sizdən və səfirliyin əməkdaşlarından xahişimiz odur ki, siz də Novruz Dədəni ziyarətə gələsiniz. Onun məzarı önündə görülməli işlərlə şəxsən tanış olasınız.

Şanlı Osmanlı tarixindən kitablar yazılıb, filmlər ərsəyə gəldiyi bir dövrdə Son Osmanlının məzrını itib-batmağa qoymayaq. Bu işdə biz də hər cür yardıma hazırıq.

Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Hörmətlə  Carçı Araşdırma Mərkəzi

 

Paylaş: