Ça. Sen 17th, 2019

Tramp “müharibə allahını” niyə qovdu? – Qərb mətbuatının təhlili

ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında çoxsaylı fikirayrılığı sonuncunun istefasını qaçınılmaz edib. Bu barədə “Le Monde” qəzetinin Vaşinqtondakı müxbiri Jil Pari yazır.

ABŞ prezidenti indi adət halını almış bir şəkildə “Twitter” hesabından Boltonun tutduğu vəzifədən azad edildiyini elan edib. “Administrasiyanın başqa üzvlərində olduğu kimi, mənim də onun bir çox təklifi ilə bağlı ciddi fikirayrılığım meydana çıxıb”, – deyə dövlət başçısı dəqiqləşdirib və bu barədə müşavirinə məlumat verdiyini vurğulayıb.

“Amerika mətbuatının məlumatına əsasən, Donald Tramp informasiya sızmasında və Ağ Ev rəhbərinin diplomatik istəklərini müdafiə etmək üçün kifayət qədər səy göstərməməkdə ittiham edilən köməkçisinin loyallığından şübhəyə düşə bilərdi”, – məqalədə deyilir.

“Boltonun işdən azad edilməsinə münasibət bildirən dövlət katibi Mayk Pompeo və maliyyə naziri Stiv Mnuçinin geniş təbəssümdən aydın olub ki, onların da Boltonla problemləri olub. Dövlət kabiti açıq şəkildə bunu təsdiqləyib. Tənqidçilər siyasi ziddiyyətlərlə yanaşı, Con Boltonu həmçinin başqa bir məsələdə də ittiham edirlər: belə ki, o, Pentaqon və Dövlət Departamenti ilə informasiya mübadiləsinin məhdudlaşdırılması hesabına milli təhlükəsizlik şurası kimi strateji mexanizm ayırıb”, – məqalə müəllifi yazır.

“İxtisasca hüquqşünas olan bu şəxsin güc metodlarına bu cür meyli, görünür, güc imicini yüksək qiymətləndirsə də, ondan istifadə zamanı tərəddüd edən prezidentin gözündə xoşagəlməz amilə çevrilib. Bu səbəbdən Boltonun ötən ilin mart ayında milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna təyin edilməsi təəccüb doğurmuşdu. 2003-cü il İraqa hərbi müdaxilənin ən qatı tərəfdarlarından biri olan Bolton “ABŞ-ın bütün tarixi boyu qəbul etdiyi ən pis qərarı” dəfələrlə tənqid edən prezidentə qoşulub. Trampdan fərqli olaraq, Con Bolton amerikalı mühafizəkarların Moskvaya tarixi inamsızlığından dolayı Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmək istəyindən əmin olub”, – Pari qeyd edir.

“Bolton fəaliiyyətinə başladıqdan dərhal sonra qısa müddət Şimali Koreya ilə yaxınlaşma siyasətinə mane olub, istənilən müzakirəyə ilkin şərt kimi “Liviya qərarı”nı irəli sürüb, yəni 2003-cü ildə Müəmmər Qəddafinin razılaşdığı kimi bütün nüvə arsenalının Pxenyandan çıxarılmasını tələb edib. Bu cür əmr Kim Çen In üçün qəbuledilməz olub”, – “Le Monde” yazır.

“Con Bolton Şimali Koreya problemində ikinci plana çəkilib. Və onda o, bütün diqqətini Amerika qitəsinə cəmləyib, ötən ilin noyabr ayında Kuba, Nikaraqua və Venesueladan ibarət “tiraniya üçlüyünü” pisləyib. Lakin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir iflasa uğramış dövlətə başçılıq edən Nikolas Maduro (Nicolas Maduro) məsələsində öz məqsədinə çata bilməyib. Yanvarda Xuan Quaydonun (Juan Guaido) müvəqqəti prezident kimi tanınması ilə bağlı effektiv diplomatik fənd, mümkün sanksiyalardan ən ağırı – Venesuela neftinə tətbiq edilən embarqo, həmçinin Boltonun təşviq etdiyi daxili qüvvələrin köməyi ilə çevriliş cəhdi nəticəsiz qalıb”, – jurnalist qeyd edir.

Məqalə müəllifinin fikrincə, bu cür acizlik nəhayət, ABŞ prezidentini qıcıqlandırmağa başlayıb. “Con çox yaxşıdır. Conun sərt mövqeyi var, amma bununla hər şey qaydasındadır. Əslində mən Conu cilovlayıram, bu da kifayət qədər inanılmaz vəziyyətdir. Con var, başqa adamlarım var. Nəticə etibarilə qərarı mən qəbul edirəm”, – deyə prezident mayın 9-u söyləyib. Tramp administrasiyasının əsasını təşkil edən prinsipi – öz instinktinə uyğun qərar qəbul etməsinə imkan verən zidd fikirlərin daimi rəqabətini – xatırladıb. Pari hesab edir ki, belə bir prinsip federativ dövlət mexanizminin neyrallaşdırılmasına və zəifləməsinə gətirib çıxarır.

Çərşənbə günü “The Wall Street Journal” nəşri öz redaksiya məqaləsində prezidenti “onun instinktlərindən” qoruya bilən şəxsin istefası ilə əlaqədar təəssüf hissi keçirdiyini ifadə edib. “Dünya daha təhlükəli bir yerə çevrilib”, – qəzet bildirib.

Öz növbəsində İran prezidenti Həsən Ruhaninin (Hassan Rouhani) müşaviri Hesaməddin Aşena “Twitter” səhifəsində yazıb ki, marginalizasiya və Boltonun tutduğu postdan kənarlaşdırılması təsadüf deyil, Amerikanın maksimal təzyiq strategiyasının İranın konstruktiv müqaviməti qarşısında iflasının əlamətidir. Bununla yanaşı, Mayk Pompeonun bəyan etdiyi, maliyyə nazirinin çərşənbə axşamı təkrar etdiyi kimi, Vaşinqton tərəfdən təzyiqin dayandırılması haqda söhbət belə gedə bilməz. (xpressa.net)

Paylaş: