Ca. Noy 14th, 2019

“Göl Əli” Keçmiş məhkəmə sədrini niyə güllələyib? – QƏTLİN TƏFƏRRÜATI

Tovuz rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, qətl hadisəsini törədən – 1959-cu il təvəllüdlü Əli Şamıyev əslən Tovuz rayonunun Yanıqlı kəndindəndir və uzun müddət Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Qətlə yetirilən Firudin Ələkbərli isə vəkil olmasa da Tovuz rayonunda və digər ətraf rayonlarda nümayəndəlik kimi fəaliyyət göstərirmiş.

Hadisənin baş verməsinə səbəb isə tərəflər arasında pul söhbəti olub. Belə ki, Ə.Şamıyev hansısa bir mübahisəli məsələ ilə bağlı F.Ələkbərliyə müraciət edib.

F.Ələkbərli isə həmin problemin həll edilməsinə görə Ə.Şamıyevdən 5 min manat tələb edib. Məsələnin həlli yubandığından Ə.Şamıyev pulu F.Ələkbərliyə çatdırmayıb.

Məlumata görə, hadisədən bir gün əvvəl Ə.Şamıyev F.Ələkbərlinin çağırışı ilə onun Tovuz rayonunun mərkəzindəki ofisinə gəlib. F.Ələkbərli ofisdə Ə.Şamıyevi hədələyib və onun üstünə tapança çəkərək bildirib ki, 5 min manatı ona çatdırmayacağı təqdirdə şantaj yolu ilə ondan 10 min manat alacaq.

F.Ələkbərlinin bu hədələrindən bezən Ə.Şamıyev evə qayıdaraq kustar üsulla hazırlanmış odlu silah əldə edib. Ə.Şamıyev sentyabrın 13-də səhər saatlarında F.Ələkbərlinin ofisinə gəlib. F.Ələkbərli Ə.Şamıyevi yenidən təhdid edərək pulu tələb edib. Nəticədə Ə.Şamıyev özü ilə gətirdiyi silahdan atəş açıb. F.Ələkbərli təcili tibbi yardımla Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən Ə.Şamıyev isə Tovuz rayon Polis Şöbəsinə gedərək cinayəti törətdiyini etiraf edib və könüllü olaraq təslim olub.

Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

****

Tanınmış hüquqşünas, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub. 

Turkustan.info xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hüquqşünas stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub. 

Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. 

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb. 

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.

Paylaş: