C. Okt 18th, 2019

Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası…

Hər bir xalqın tarixində silinməz iz buraxmış böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri sanballı töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Bu il anadan olmasının 96-cı ildönümü təntənə ilə qeyd edilən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev də dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür.
Mütərəqqi dünya gerçəklikləri ilə uzlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı, səriştəsi ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Azərbaycanda əsrlər əvvəl təşəkkül tapmış maarifçilik ənənələri Heydər Əliyevin ölkəmizə rəhbərliyi zamanında özünün zirvə mərhələsinə yetişmişdir. Məhz Ulu Öndərin müəyyən etdiyi strateji xətt hesabına təhsil Azərbaycan cəmiyyətində həyat normasına, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsinə, müstəqil dövlətin əsas təsisatlarından birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasını son 16 ildə yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun tərkib hissəsi kimi milli təhsil ənənələrimiz getdikcə zənginləşməkdədir.
Son illər ölkə vətəndaşlarının mədəni-intellektual potensialının yüksəldilməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün beynəlxalq tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində zəruri addımlar atılmış, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqinə başlanılmışdır.
Müasir dünyada təhsilə, əhalinin savadlılıq məsələsinə yeni baxış formalaşır. İndi təhsillilik dedikdə təkcə yazı, oxu bacarığı deyil, eləcə də texniki biliklər və kompüter vərdişləri, səmərəli ünsiyyət, məlumatı anlama, şərhetmə və ötürmə, sosial bilgilər və bütün bunları praktik həyatda tətbiqetmə bacarıqları nəzərdə tutulur. Bu meyarlara cavab verməyən fərdlər öz funksiyalarını tam və səmərəli şəkildə yerinə yetirməkdə, tərəqqipərvər dünyanın insanlara bəxş etdiyi rifahdan faydalanmaqda müəyyən çətinliklərlə üzləşməli olurlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 16 ildə yürütdüyü fəal maarifçilik xətti də bu və digər strateji hədəflərin reallaşdırılmasına xidmət edir. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açmışdır. Bu sahənin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və dövlət proqramları nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2003-cü ilə nisbətən təhsil xərcləri 9 dəfədən çox artaraq 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır.
Dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan təhsili özünün sürətli modernləşmə, müasirləşmə mərhələsinə qədəm qoymuş, xüsusən də aparılan əsaslı kadr dəyişiklikləri, novatorluğu ilə fərqlənən yeni təşəbbüskar intellektual komandanın rəhbərliyə gətirilməsi islahatların çevikliyini və səmərəliliyini təmin etmişdir. Son illər təhsildə islahatların daha sistemli və ardıcıl şəkildə aparılması, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidentinin qarşıya qoyduğu tələblərin layiqincə gerçəkləşdirilməsi bunu əminliklə söyləməyə ciddi əsaslar verir.
Ümumilikdə son 16 ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazanın, tədris şəraitinin yaxşılaşdırılması, təhsilin məzmunca genişləndirilməsi bu sahədə informasiya-kommunikasiya texnologiyalarının, təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər sırasında ən vacib strateji istiqamət təhsilin məzmununun yeniləşdirilməsi; yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması; təhsilin idarə olunmasının təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi; tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması; şagirdlərin biliyinin daha müasir üsullarla qiymətləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlər təşkil edir.
Bu istiqamətdə mühüm tədbirlərdən biri də ümumi təhsildə infrastrukturun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin inşasıdır. Dövlət başçısının ötən 16 ildə imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkəmizdə yeni məktəblərin inşası prosesi genişlənmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illərdə isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəblərin inşası təcrübəsi tətbiq edilmiş, 2017-2019-cu illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. 2019-2020-ci təhsil ilində 3500 şagird yerlik daha 50 modul tipli məktəbin istifadəyə verilməsi təmin ediləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni məktəbin fəaliyyətə başlaması dövlət başçısının qətiyyətli və böyük dəstəyi ilə mümkün olmuş, bu tarixi hadisə özündə böyük qayıdışı simvolizə etmişdir.
Bu sahədə yerinə yetiriləsi vəzifələr təkcə dövlət qurumlarına deyil, möhtərəm Prezidentin də qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin bütün strukturlarına aid olmaqla təhsilin, savadlanmanın ümumilikdə sosial hərəkata çevrilməsini zəruri edir. Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği məqsədilə yaranmış Heydər Əliyev Fondunun hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi seçərək qeyd edilən ictimai məqsədlərin fəal təbliğatçı və təşkilatçısı missiyasını üzərinə götürməsi də bu zərurətə əsaslanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son 16 ildə respublikamızda 400-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Təmirə ehtiyacı olan internat tipli tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən qurulmuş, məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur.
Bir sıra MDB ölkələrindən fərqli olaraq, hazırda Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi kimi orta ümumtəhsil məktəblərinin şagirdlərinin dərsliklərlə pulsuz təminatı məsələsi artıq öz həllini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilmişdir. Beləliklə, Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə pulsuz təminatını reallaşdıran ilk ölkə olmuşdur. Dərslik siyasəti reallaşdırılarkən bu da nəzərə alınır ki, milli kurikulumla müəyyənləşdirilən əsas məqsəd “yaddaş məktəbi”ndən “təfəkkür”, düşüncə məktəbi”nə keçmək, bu əsasda təhsilin müasir modelini yaratmaqdan ibarət olmalıdır.
Müəllim peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, onun sosial vəziyyətinin yaxşılaşdırılması da həyata keçirilən islahatların əsas qayəsini təşkil edir. Ölkə rəhbərinin 4 noyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” da bu istiqamətdə yeni imkanlar açmışdır. Stimullaşdırıcı tədbirlər nəticəsində 2005-2016-cı illərdə ümumilikdə 10 min nəfərdən artıq müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ölkənin ucqar kənd məktəblərinə göndərilmişdir.
Təhsilin inkişafı üzrə dövlət strategiyasına müvafiq olaraq müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər son illər sürətlə davam etdirilir. Respublikanın əksər şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi təşkil edilmiş, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi başa çatmışdır. Bunun nəticəsi kimi ölkə rəhbərinin müvafiq sərəncamları əsasında müəllimlərin tədris yükünün 1,5 dəfə, əməkhaqlarının iki dəfə artırılması ümumən tədrisin keyfiyyətinin yüksəlməsinə, bu sahədə işləmək istəyənlərin sayının durmadan artmasına müsbət təsirini göstərmişdir.
Son 16 ildə qazanılmış mühüm uğurlardan biri də peşə təhsilinin nüfuzunun yüksəldilməsidir. Ölkəmizin son illərdəki dinamik inkişafı, yeniləşən texnologiya və elmi-texniki tərəqqi prosesi nəticəsində yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır. Açıq demək lazımdır ki, müstəqilliyin ilk illərində Azərbaycanda peşə təhsilinin nüfuzu aşağı düşmüş, peşə təhsili verən tədris müəssisələrinin maddi-texniki bazası ciddi surətdə zəifləmişdi. Bu zərurətdən irəli gələrək Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilmişdi. Bundan əlavə, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin daha da yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də “Peşə təhsili haqqında” qanunun qəbul olunmasıdır. Mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanan bu sənəd ölkədə peşə hazırlığının səmərəliliyinin artırılması sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir.
Bu istiqamətdə islahatların gələcək strategiyası dövlət başçısının təsdiq etdiyi peşə təhsilinin inkişafı üzrə Strateji Yol Xəritəsində müəyyənləşdirilmişdir.
Ölkəmizdə son illər həyata keçirilən islahatlar sırasında şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni innovativ üsullarının tətbiqi xüsusilə mühüm əhəmiyyət kəsb edir. İmtahanların uzun illər əvvəlki qaydalarla aparılması, heç bir təkmilləşdirmənin olmaması cəmiyyətdə birmənalı qəbul edilmirdi. Test üsulu ilə ali məktəblərə hazırlaşan abituriyentlərin yazı və şifahi nitq vərdişlərinin, özünüifadə bacarıqlarının zəif inkişafı, onların əzbərçiliyə meyillənməsi, verilən sualları bəzən xüsusi biliklər hesabına deyil, sadəcə məntiqi yanaşma ilə – təsadüfən düzgün qiymətləndirməsi problem məsələlər kimi daim vurğulanırdı. Mütəxəssislər yaxşı bilirlər ki, uzun müddət test üsuluna alışan şagird və ya tələbə düzgün cavabı variantlar arasından düz olmayanları çıxararaq – məntiqlə tapır. Bu baxımdan şəffaflıq və obyektivliyə təminat yaradan test üsulunun özünün də ölkənin inkişaf tempinə və müasir təhsil meyarlarına uyğun şəkildə təkmilləşdirilməsi ciddi sosial tələbat kimi meydana çıxmışdı.
Ali məktəblərə qəbulun 2019-cu ildən iki mərhələdə həyata keçirilməsi, qəbul zamanı orta məktəblərin buraxılış imtahanlarının nəticələrinin də nəzərə alınması bu baxımdan mühüm yenilik kimi qeyd olunmalıdır. Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin tətbiq etdikləri bu yenilik ümumən orta məktəblərin özündə təhsilin səviyyəsinin yüksəlməsinə, dərsdən yayınmaların azalmasına, repetitorluq kimi ziyanlı meyillərin azalmasına xidmət edir. Məhz bu səbəbdən də artıq tam orta təhsili başa vuran məzunlar buraxılış imtahanlarını yeni formatda vermiş, tətbiq olunan üsulun səmərəliliyi bir daha təsdiqini tapmışdır. Belə ki, ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də ciddiliklə nəzərə alınmışdır.
Təhsil Nazirliyinin də bəyan etdiyi kimi, imtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həlletmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil edilmişdir. Yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanır. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan vermiş və verdikləri hər bir imtahanın onların həyatına təsiri olmuşdur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmişdir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları – bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür. Beləliklə, ikimərhələli qiymətləndirməyə görə ballar toplanır və bu üsul abituriyentlərin biliklərinin daha obyektiv qiymətləndirilməsinə, onlarda yazı, şifahi nitq, müstəqil düşünmə, təhlil qabiliyyətinin inkişafına kömək edir.
Göründüyü kimi, son illər Azərbaycanın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən müasir təhsil sisteminin formalaşdırılması üçün kifayət qədər böyük layihələr həyata keçirilmişdir. Azərbaycan təhsili məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin parlaq gələcəyinə yol açmağa çalışır. Təhsil ictimaiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sahələrində, o cümlədən təhsil, elm sahəsində mövcud problemlərin tezliklə öz həllini tapacağına ürəkdən inanır.
Mönsüm ALIŞOV,
“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor

Paylaş: