Be. Okt 14th, 2019

Bahar Muradova “Hədəf” haqda: “Bu liseyin darvazasından girəndə tam fərqli bir məkan gördüm”

Bahar MURADOVA: “Prezident İlham Əliyevin diqqət və qayğısı ilə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir”

Dünən dərs ilinin başlanması münasibətilə Hədəf STEM Liseyində elm, inkişaf, tərəqqi rəmzi olan “Bilik günü” qeyd edildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs edildi.

Hədəf liseyinin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd etdi ki, Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasını fəaliyyətində əsas götürən lisey STEM konseptinə – elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanır. Milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarət olan Hədəf konseptinin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş sağlam, bacarıqlı, yaradıcı və bilikli insanını yetişdirməkdir. Şəmil Sadiq bildirdi ki, liseyin şagirdləri burada yaradılan imkanlardan maksimum yararlanıb Azərbaycanın işıqlı sabahı üçün çalışacaq, bacarıqları, bilikləri ilə ölkəmizə, bəşəriyyətə böyük fayda verəcəklər.

Daha sonra çıxış edən Milli Məclisin Sədr müavini, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Bahar Muradova liseyin müəllim və balabilgələrini salamlayıb, yeni tədris ilində hər kəsə uğurlar arzuladı: “Bu liseyin darvazasından girəndən etibarən tam fərqli bir məkan – mətbuatdan, sosial şəbəkədən eşitdiyimdən, öyrəndiyimdən, təsəvvür etdiyimdən daha gözəl, daha işıqlı və daha inamlı bir mənzərə gördüm. Burada tamamilə fərqli bir təhsil konsepti, fərqli yanaşma var. Bu fərqliliyin içində milli dəyərlərə sadiqliyi gördükdə isə çox sevindim”.

Bahar Muradova vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük inamla irəliyə doğru addımlayır. Milliyətindən, etnik məsubiyyətindən asılı olmayaraq hər bir kəs azərbaycançılıq məfkurəsinə sadiq olmalı, oxumalı, faydalı iş görməli və firəvan yaşamalıdır: “Nə qədər ki, sabaha inamlı, ən müasir yeniliklərə açıq insanlarımız var, Azərbaycan inkişafda olacaq. Əminəm ki, sizlərin ardınca bu ordu getdikcə böyüyəcək və Azərbaycana layiqli xidmət edəcək”.

Milli Məclis Sədrinin müavini Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan söz açaraq qeyd etdi ki, son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. İstər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.

Sonra tədbir liseyə ilk qədəmlərini qoyan birincilərin hazırladıqları təbrik şeirləri və idman rəqsləri ilə davam etdi. Tədbirin sonunda liseyin “BalaBilgə” andı içilib. Millətim və dövlət üçün layiqli övlad olacaqlarına and içən şagirdlər bəşəriyyətə fayda verəcəyinə, bayrağımızı şərəflə dalğalandıracaqlarına söz veriblər. “Hədəf himni”nin sədaları altında liseyin mühəndislərinin hazırladıqları dron vasitəsilə zınqırov səmaya qaldırılıb və birincilərə təqdim edilib.

 

Paylaş: