Be. Okt 14th, 2019

Bilik günü ilə əlaqədar kəlbəcərli aztəminatlı tələbə ailələri ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən 15 sentyabr – Bilik Günü münasibətilə Kəlbəcər rayonu üzrə aztəminatlı ailələr və tələbələrlə, eyni zamanda onların valideyinləri ilə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan Millət vəkilinin nümayəndəsi Həbib Misirov ali məktəblərə daxil olan tələbələri və bu il orta məktəblərin birinci sinfinə gedəcək şagirdləri, onların valideyinlərini Cavid Qurbanovun adından təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Natiq bildirib ki, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə digər sahələrlə yanaşı təhsilin də inkişafı üçün misilsiz işlər görürlər, mütəmadi olaraq paytaxtda və bölgələrdə yeni məktəb binaları tikilir, əsaslı təmir edilir, onların maddi-texniki bazası möhkəmləndirir. Bu proses qaçqın və məcburi köçkün məktəblərində də yüksək səviyyədə həyata keçirilir. Bundan əlavə ölkə rəhbərliyi qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, aztəminatlı vətəndaşların bütün qayğıları ilə maraqlanır, onların problemlərinin həlli ilə məşğul olurlar.

Görüşdə çıxış edən valideyinlər və tələbələr göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda Kəlbəcər rayonundan deputat seçilmiş Cavid Qurbanova minnətdarlıq ediblər. Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən Kəlbəcər sakinləri eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək tədris illərini öz yurd-yuvalarında qarşılayacaqlar.

Görüşün sonunda aztəminatlı ailələrə və tələbələrə millət vəkili Cavid Qurbanov tərəfindən maddi köməkdarlıq edildi.

Paylaş: