C. Okt 18th, 2019

DYP Yol Patrul xidməti inispektoru kapitanı özündən çıxardı: Post Patrul gəlmədi

Tanınmış şair, jurnalist, Müstəqil.Az  saytının baş redaktoru və gəmi kapitanı Faiq Balabəyli (Səfərov) DYP Yol Patrul xidməti əməkdaşları tərəfindən qanundan kənar müdaxiləyə məruz qalıb və haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə İXP 2833172 saylı protokol tərtib edilib.

Turkustan.info bildirir ki, bu haqda Müstəqil.az-a Faiq Balabəyli özü məlumat verib:

“Dünən, sentyabrın 16-da N.B. Yusifbəyli – M. Qaşqay küçələrinin kəsişməsində – Bakı Sağlamlıq Mərkəzinin tinində işıqforun nizamlayıcı siqnalına riayət edərək, Həsən Əliyev küçəsinə tərəf irəliləyirdim. Sıxlıq olduğuna görə dönmə əməliyyatı heç də asanlıqla başa gəlmirdi. Belə ki, işıqforun qırmızı işığı yandıqda belə sırada olan və hərəkət edən avtomobillərin əks tərəfdəki maşınların vaxtına girirdi. Mən də bu çətin vəziyyətdə svetoforun son anda qırmızı işığın yanmasına 2 saniyə qalmış, təxminən saat 15:05-də hərəkət etdim və idarə etdiyim 99TB 546 dövlət qeydiyyat nişanlı avtomobillə qırmızı işıq yandıqda, artıq mən dönmə əməliyyatını bitirmişdim və bu əməliyyat qayda pozuntusu olmadan başa çatmış hesab oluna bilərdi”.
Faiq Balabəyli bunun üstündən yarım saat keçəndən sonra polisin onu saxladığını qeyd edib:
“Lakin dönmə əməliyyatından təxminən yarım saat keçdikdən sonra, Həsən Əliyev küçəsi ilə irəlilədiyim zaman Bakı şəhər DYPİ Yol Patrul xidmətinin 99YP 476 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan polis əməkdaşları mənimlə paralel irəliləyərək, maşını sağa verib saxlamağım haqda işarə etdilər və mən dərhal əməl etdim. Özünü DYP Yol Patrul xidmətinin inispektoru kiçik serjant Hidayətov kimi təqdim edən Yol Patrul xidmətinin əməkdaşı mənim və avtomobilin sənədlərinə baxmaq istədiyini dedi və mən sənədləri təqdim etdim. Sürücülük vəsiqəmi özündə saxlayan polis kiçik serjantı qaydanı pozduğumu və buna görə də haqqımda protokol tərtib ediləcəyini dedi. Razılaşmadım, bunun nə vaxt olduğunu soruşdum. O isə təxminən yarım saat qabaq keçdiyim ərazini mənə xatırlatdı. “Bəs indi niyə? Zamanında niyə saxlamadın və məndən qabaq və sonra hərəkət edən avtomobillərin də olduğunu”, – dedim.
Bu vaxta qədər özünü sakit aparan polisin kiçik serjant rütbəli əməkdaşının sifəti döndü. “Biz səninlə eyni xətt üzrə və yanbayan hərəkət edirdik, – dedi, – və yaxşı edirik, kimi saxlayırıq, özümüz bilərik”. Bu zaman mən ondan sənədlərini göstərməsini xahiş etdim ki, yaxasındakı 1246 nömrəli xidməti nişanın ona məxsus olduğunu bilim. Polis əsəbiləşdi, sənədini təqdim etmədi. Bu zaman özünü Ağayev kimi təqdim edən ikinci polis əməkdaşı yaxınlaşdı və məni şantaj etməyə başladı. Sakit danışdığım zaman qızışdırıcı jestlər və ifadələr işlədərək, polisə tabe olmadığımı bildirdi və məni həbs etmək üçün Post Patrul xidmətinə zəng vurdu. Səhv etmirəmsə, Post Patrulun onun çağrışına gəlməməyinin əsas səbəbi bu oldu: “Yenə də kimi hövsələdən çıxarıb pis vəziyyətə qoyursunuz?” Telefonda eşitdiyim söz bəlkə də dəqiqliyi ilə belə ifadə olunmadı. Amma fakt o oldu ki, Post Patrul çağırışa gəlmədi. Mən hər iki polis əməkdaşına, xəta etmişəmsə, cəriməni ödəyəcəyimi dedim, amma sualıma cavab vermələrini də istədim: “Sizə kim haqq verib ki, sürücü ilə, Azərbaycan vətəndaşı ilə belə danışasınız… Onu təbdən çıxarıb, sonra çirkin niyyətinizi həyata keçirəsiniz?
Bakı şəhər DYPİ rəisi, polkovnik Nuşirəvan Səfərovmu,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru
Ramiz Zeynalovmu?
Axı kim sizə bu təlimatı verib?
Hər halda sizi polisə xərc-xərac töküb düzəldənlər heç də fikirləşməyiblər ki, nahaqqın yanında olasınız. Sadəcə ayıbdır… Ayıbdır həm də ona görə ki, özünü Hidayətov kimi təqdim edən kişik serjant isə heç də Hidayətov deyilmiş. O, Əhədzadə Hidayət Müqəddəs oğlu imiş.
Peşənizin MÜQƏDDƏS olduğunu anlayın, bu yolda ƏHƏDİNİZ və əhdiniz dönməsin, qanunlarımız sizə HİDAYƏT olsun, ÖZÜNÜZÜ OLDUĞUNUZ KİMİ TƏQDİM EDİN. Sizə görə bütün polislər haqqında mənfi fikir formalaşır axı…
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
 

Paylaş: