C. Okt 18th, 2019

Kiloqramı 2.99 AZN-ə satılan SOSİSKA – Xərci borcun ödəmir – OBA-dan CAVAB

“Hər dəfə deyirəm ki, bu kolbasa, sosiskadan az al. Sən isə yenə də öz bildiyini edirsən. Ay bala, nə bilirsən nə ətindəndir? Nə bilirsən necə hazırlanıb? İçinə ölmüş eşşək, at ətini qatırlar. Ona görə də xəstəliklər baş alıb gedir”.

Hər dəfə eyni cavabı verirəm:

“Neyniyim axı, ürəyimə düşür də. Sənin dediklərini mən də eşidirəm, hətta qoy birini də mən deyim. Kolbasa, sosiska hazırlanan sexlərdə siçanların o tərəf bu tərəfə var-gəl etməsi. Yaxşıdır ki, hazırlamasını gözümlə görmürəm, qulaq çox söz eşidə bilər”. 

Bu, ana-bala aramızda olan kiçik bir söhbətdir. Çox güman ki, bu dialoqlar çoxunuz arasında baş verir və mövzunun davamının necə olacağını da artıq təxmin etdiniz. Bir yandan da “Leş Tofiq”lərin sayının günbəgün artması imkan vermir ki, insanlar bu təşvişdən çıxsın.

Əksəriyyət hesab edir ki, rayonlardan ölmüş, xəstə heyvanlar Bakıya gətirilərək kolbasa və sosiska istehsal edən müəssisələrə verilir və nəticədə dükanlarda, bazarlarda keyfiyyətsiz, orqanizm üçün təhlükəli kolbasa və sosiskalar satılır. Qiymətləri isə ucuz olduqda şübhələrin yaranmasına zəmin yaradır.

Məsələn, hazırda “OBA” marketlər şəbəkəsində 1 kiloqramı 2.99 AZN-ə olan sosiskanın reklamı gedir. Adətən kiloqramını 8-9 manata aldığımız sosiskalar sırasında belə bir qiymətin görülməsi bəzi alıcıları şirnikləndirsə də, bəzilərində isə sual doğurmaya bilməz. Alıcını şirnikləndirən bu qiymət, binsanların ağız dadlarını da dəyişə bilirmi?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev satışda həqiqətən də sözügedən qiymətdə sosiska olduğunu təsdiqləyib:

“Həmin  sosiskanın daimi qiyməti 3.69 AZN-dir. Sadəcə olaraq, endirimlə əlaqədar məhsulun qiymətini maya dəyərindən də aşağı salırıq. Bu tipli endirimlər yalnız “OBA”-da deyil, bütün marketlərdə tətbiq edilir. “Tək dad” sosiskaları Azərbaycanda istehsal olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışı da var. 08.01.2019 tarixli çıxarışın qeydiyyat nömrəsi 190 108 00 16-dır. Bu sertifikat kolbasa, sosiska və s. ət məhsullarının istehsalı üçün nəzərdə tutulub. Məhsul 2-ci əmtəə nişanına malikdir. Məhsulun tərkibində 10-20% arası mal əti, əsas ağırlığı isə toyuq əti və toyuq filesi təşkil edir. Mal ətinin faizi çox aşağıdır. Həmçinin məhsulun tərkibində bitki yağı, nişasta, sarımsaq, xörək duzu, natrium sitrat və digər qida əlavələri mövcuddur. Sosiskanın çəkisini artıran nişastadır və toyuq ətidir. Toyuq əti də mal ətindən çox ucuzdur”.

Elvin Babayev bildirdib ki, ölkə bazarında təklif olunan sosiskaların əksəriyyəti toyuq ətindən hazırlanır: 

“Ucuzluğun əsas faktoru da budur. Biz keyfiyyətli məhsulları müştərilərə ən müasir qiymətə təklif edirik. Bizim burada qazancımız çox olmur. Məhsulu maya dəyərindən bir o qədər yüksək qiymətə satmırıq. Məqsədimiz daha çox satış həyata keçirməkdir. Bizdə qiymətlər digər marketlərlə müqayisədə 15-20-25 faiz daha ucuzdur. Bunun səbəbi məhsulu birbaşa istehsalçıdan almağımızdır. Bir istehsalçı məhsulu distributor xidməti vasitəsi ilə marketlərə çatdırdığı halda qiyməti minimum 20% artırmalıdır. Həmçinin buraya texniki, daşınma, reklam və yanacaq xərcləri də əlavə edilir. Bu halda 10 manata satılmalı olan məhsul istehlakçıya 12-13 manata təklif olunur. “OBA” marketlərində satılan məhsulların digər marketlərə nisbətdə ucuz olmasının səbəbi budur”.

Maraqlıdır, ekspertlər kiloqramı 2 manat 99 qəpiyə təklif olunan sosiskaların tərkibiylə bağlı nə düşünür?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, birlik ucuz və keyfiyyətli malların həmişə tərəfdarıdır:

“İstehlakçı markalanmamış, üzərində etiketi olmayan, günün qabağında qızarıb qalmış sosiskanı alırsa, bu artıq təhlükəli haldır”.

Ekspert bu cür sosiskaların ucuz olma səbəbini onların tərkibinə qatılan qatqıların qiymətinin aşağı olması ilə əlaqələndirib:

“Bu sosiskalara heyvanların başı, qarnı, əli, ayağı, toyuq dərisi qatılır. Lakin  onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan bütün mallar Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altındadır. AQTA sertifikat veribsə, demək ki, o, təhlükəsizdir.

Mövzuyla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş: