Ca. Okt 24th, 2019

“Əkrəm İmamoğlunu biznesdən siyasətə mən gətirdim” – Milli Məclisin sabiq deputatı

“Mən Əkrəm İmamoğlu ilə hələ 2010-cu ildə şirkət rəhbəri olduğu dövrdə tanış olmuşam. İstanbulda bir məsələ ilə əlaqədar onunla tanışlığımız yarandı. Qısa müddət sonra ailəsi, bacısı, qohumları ilə yaxın əlaqələrimiz, münasibətlərimiz formalaşdı. Mən görüşəndə onun intellektinə və siyasi bacarığına  valeh oldum.  Ona təklif etdim ki, siyasətə qatılsın. Onda siyasətin marağında olduğunu hiss etdim. 

Turkustan.info bildirir ki, bu sözləri Modern.az saytına müsahibəsində Azərbaycan Milli Məclisini keçmiş deputatı Cahangir Hüseynov söyləyib:

-Üstündən bir müddət keçdi. 2014-cü ildə artıq eşitdim ki, Əkrəm İmamoğlu Bəylikdüzü bələdiyyəsinin sədridir. Bu il isə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi. Hələ namizəd olduğunu eşidəndə heç kim inanmasa da, mən onun sədr seçiləcəyinə inanırdım. İlk seçkidən sonra onu təbrik də etdim. Buna görə, məni qınayan dostlarım da oldu. Sonradan seçki nəticələri ləğv edildi. Amma İmamoğlu ikinci dəfə böyük üstünlüklə qalib gəldi.

Yay aylarında həmişə istirahətimin 1 ayını mütləq doğma Gədəbəydə keçirirəm. Bu il Yaylaq Festivalından qayıdandan sonra düşündüm ki, İstabula gedib müayinə olunmalıyam. Əkrəm İmamoğlu ilə görüşmək niyyəti ilə köməkçisinə zəng etdim. Böyük bir şəhərin bələdiyyə başqanlığını yürütmək asan məsələ deyil. Onun gərgin çalışdığına görə, mənə ayırmağa vaxtı olmayacağını düşünürdüm. Amma avqustun 22-də o, məni Bələdiyyə binasında qarşıladı. Əkrəm bəy üçün hədiyyə olaraq xalı toxutdurmuşdum. Üzərində ikimizin şəkili və “Bir millət, iki dövlət” yazısı olan xalını ona hədiyyə etdim. İmamoğlu isə mənə belə bir söz hədiyyə etdi: “Bir millət, iki dövlət, yaşayacaq qərinəyədək”. İlk dəfə idi ki, deyimi yeni formada eşidirdim. Mən ona bir daha dedim ki, azərbaycanlı, türk olmağımla fəxr edirəm.

– İmamoğlunun siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bu yaxınlarda eşitdim ki, İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalar keçirilirib, 500 milyon lirəyə qədər pulu boş işlərə sərf ediblər. Mən Türkiyə, İstanbul üçün sevinirəm ki, onların gələcəyini düşünən bir rəhbəri var. İstanbul dünyanın mərkəzidir, o nə qədər inkişaf edərsə, türk aləmi də, İslam aləmi də qabağa gedər. İstanbulda tək türklər və qonşu xalqların nümayəndələri deyil, demək olar, bütün dünyadan iş dalınca gələn müxtəlif ölkələrin vətəndaşları yaşayır. Əkrəm İmamoğlu yüksək səviyyəli siyasətçi kimi yetişib.

Paylaş: