Ça. Okt 22nd, 2019

“Azərbaycanın beynəlxalq aləmdə dostu olan güc mərkəzi yoxdur” – Zəlimxan Məmmədlidən çağırış

Tanınmış siyasətçi, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Qütblərarası savaş və ya dialoq niyə alınmır…” adlı məqalə ilə çıxış edib. 
Məqalədə Z.Məmmədli qütblərarası uçurum günü-gündən dərinləşdiyini bildirib: “Gücün təbəqələr arasında ədalətli paylaşımını təmin edəcək siyasi, hüquqi, iqtisadi sistem olmadığı üçün  təlatümlər hər an baş verə bilər. Hakimiyyət islahatlardan çox danışsa da, əməli bir addım atmaq niyyətində görünmür. Dövlətin imkanlarından vətəndaşı ələ almaq, öz iradəsinə tabe etdirmək, süni xalq-hakimiyyət ittifaqı təbliğatı  gündəmdən düşmür.  Prezidentin başladığı sosial yönülmü tərpəniş gerçək islahata keçməyəcəksə, proseslərin arzuolunmaz ssenarilər üzrə inkişafı şübhəsizdir. Təəssüf ki, hakimiyyət təməldən xalqın iradəsinin ifadəçisi olmadığından üçüncü qüvvənin  çəkdiyi çızıqdan kənara çıxmaq iqtidarında deyillər. Azərbaycan Rusiya, Ermənistan, İran, hətta Gürcüstan tərəfindən təzyiqlərlə üz-üzədir. Qərbin demokratik təsisatları ilə münasibətlərdə etimadsızlıq da buraya əlavə olunsa, mənzərə tam aydın olur. Bəzi təbliğat mərkəzlərinin iddia etdiyi kimi burada din və etnik kimlikdən daha çox siyasi sistemin naqisliyi və uyuşmazlığı mühüm rol oynayır.
 Hakimiyyətin adı korrupsiya, rüşvət, qanunsuzluq, məmur özbaşınalığı kimi naqisliklərlə eynilik təşkil edir. Hakimiyyətin özü, onun birinci şəxsi də bunu rəsmi törənlərdə bu və ya digər formada təsdiqləyirlər. Əhali sosial müdafiəsizdir. Təhsil və səhiyyə sistemi real imkanlarımıza uyğun deyil. Seçki islahatları, söz və mətbut azadlığı populist şüarçılığın əsiridir.
1993-cü ilin 4 iyun hərbi-siyasi qiyamı Azərbaycanda siyasi sistemi Azərbaycan xalqının iradəsindən çıxarıb və Rusiya siyasi-ideoloji sisteminin əsarətinə verib. Hakimiyyətin qəsbi siyasi sistem və azad medianın çöküşünü, siyasi qütbləşməni, cəmiyyətin bütövlüyünün tamlığını pozmağı  hədəfləmişdir və açıq etiraf olunmalıdır ki, buna nail olublar.
Bu gün Azərbaycan işğal altındadır. Siyasi, İdeoliji, hərbi! Müxalifətin bütün cəhdləri spontandır və daha çox da siyasi sistemi uğursuzluğa aparan moderatorların inhisarındadır. Qarabağ kartından istifadənin pafosu və iflas göz önündədir. Xalq Hərəkatı kimi bir analoqu olmayan prosesi qurmaq istəyənlər də bilməmiş deyil ki, xalq hərəkatları otaqlarda elan olunmur, meydanlarda yaranır. Otaqda olsa-olsa onun nəzəri, taktiki, strateji planlamasını hazırlamaq olar.
Azərbaycanın beynəlxalq aləmdə dostu olan güc mərkəzi yoxdur. Rusiya təcavüzkar Ermənistanın hərbi-siyasi müttəfiqidir. Türkiyə ciddi siyasi oyunların içərisində daha çox öz taleyi ilə məşğul olmağa məhkum edilmişdir. Hətta Azərbaycanın federallaşdırılması, güc mərkəzlərinin maraqlarına uyğun bölüşdürülməsi, Qarabağın Ermənistana pay edilməsi kimi qorxulu ssenarilər haqqında kluarlarda söhbətlər dolaşmaqdadır. Rusiya indiki iqtidardan siyasi oriyentasiyanı  Rusiyaya, onun tabeçiliyinə seçməyi təkidlə tələb etməkdədir. Hakimiyyət  xalqdan o dərəcədə aralı salınmışdır ki, bu cür qorxulu ssenarilər bir anın içərisində, bir imza ilə həll oluna bilər. Müxalif siyasi partiyalar arası münasibətlər bu duruma  uyğun deyil. Moderatorlar eyni, kombinasiyalar eyni, oyunçular eyni. Milli Elçibəy hakimiyyətini devirənlərin liderləşmək  uğrunda savaşından tutmuş,liderlərin siyasi boylarının yekəliyi uğrunda mənasız savaş insanları bezdirib. Siyasi mətbəxdə təsir gücü baxımından heç kim olan birinin dəyirmi masa imitasiyasından dialoq görüntüsü yaratmaq cəhdi  hakim zümrənin varlığına hesablanmış ssenaridir. Bəzi iri çaplı müxalif moderatorlar da bu oyunda birbaşa iştirakçı kimi görünməkdədir.  Bu formul dağıdılmalıdır, bu cür millətə uçurum vəd edən ssenarilərə siyasi səhnədə yer olmamalıdır. Sonuncu “dialoq”-  dəyirmi masası müxalifət cinahını daha ciddi böhrana sürükləmək üzrədir. Fikrimcə, bu ssenari həm də gerçək dialoq prespektivini heçə endirməyə hesablanan antimilli ssenaridir. Və düşmənlər də bu ssenaridən çox məmnundurlar.
Anlaşılmalıdır ki, dialoq mütləq anlamda Prezidentin birbaşa təşəbbüsü ilə həyata keçirilməlidir. Dialoqun bir subyekti Prezidentdirsə, digər subyekti nüfuzu və struktiru olan siyasi partiya sədrləri, nüfuzlu QHT-lər və mütləq əksəriyyətin qəbul etdiyi milli ziyalılar olmalıdır. Mübahisə yarandığı halda Prezident və müxalif siyasi partiya sədrləri siyasi uzlaşma dialoqunun əsas tərəfləri ola bilər.  Odur ki, müxalifət bütün gücü ilə Prezidentin bu dialoqa razılıq verməsi üçün ön məsləhətləşmələrə başlamalı, vahid platforma ilə dövlətçiliyimiz üçün əhəmiyyətli bir prosesin təməlini qoymağa səfərbər olunmalıdırlar. Bunu bacara biləcəklərsə, indiki mürəkkəb durumdan ən az itki ilə uğurlu sonluğu olmaqla, enerjitükədici moderatorların siyasi səhnədən silinməsi, yeni, dinamik siyasi münasibətlər sisteminin başlanğıcı olar. Başqa alternativ yoxdurmu? Var! Çox acı ki, bu dövlətçiliyin süqutu ola bilər…”

Paylaş: